Ji.hlava Beynəlxalq Sənədli Film Festivalında Azərbaycan heyəti

25-29 oktyabrda keçiriləcək 26-cı Ji.hlava Beynəlxalq Sənədli Filmlər Festivalı bu il festival çərçivəsində gənc rejissorlar üçün ustad dərsləri təşkil edəcək.

“Ji.hlava Academy” vizual üslubun, müəllif yanaşmasının, film yaradıcılığının incəliklərini əhatə edəcək mühazirələrlə gənc peşəkarların görüşünə gələcək. Proqram çərçivəsində iştirakçılar qısametrajlı film çəkib montaj edəcəklər.

Qeyd edək ki, bu il iştirak hüququ qazananlar sırasında Azərbaycan təmsilçisi, Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino məktəbinin məzunu, rejissor Türkan Hüseynova və gənc kinorejissor Sevil Qadın Sənədli Filmləri Festivalının qalibi olmuş Aynur Kazımova da var.

T.Hüseynova “Papanin” sənədli filminin və “Sonuncu foto” bədii filminin müəllifidir. Onun “Papanin” sənədli filmi XII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Yerli müsabiqə bölməsində “Ən yaxşı sənədli film” nominasiyasının qalibi olub.

Yeri gəlmişkən, rejissorun festivalda iştirakına Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqı maliyyə dəstəyi göstərmişdir.

Festival çərçivəsində qonaq mühazirəçilər arasında azərbaycanlı kinorejissor, beynəlxalq festivalların iştirakçısı Hilal Baydarov da var.

aki.az