Kamil Nəcəfzadənin 90 illiyi münasibətilə “Ağ kətandakı adam” filmi nümayiş olunacaq

27 dekabr Kino Evində “Ağ kətandakı adam” tammetrajlı sənədli filminin nümayişi olacaq.

Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illiyi münasibətilə göstəriləcək film rejissor Şamil Nəcəfzadə tərəfindən 2000-ci ildə Simurq studiyasında istehsal edilib.

Film yazıçı, əməkdar inəsənət xadimi, mətnin müəllifi Orxan Fikrətoğlu tərəfindən nəql edilir…

– Kamil müəllim, sizinlə əsərləriniz haqqında danışmaq istəyirəm?

– Əsərlərim mənim yerimə danışır…

İlk dialoq və sərgilərdən olan görüntülər, rəssamın çəkdiyi şəkillər silsiləsi, filmin necə cərəyan olunacağı barədə fikir söyləyir.

Qeyd edək ki, Kamil Nəcəfzadə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi çalışıb. “Gecə qatarında qətl”, “Əsl dost”, “Qara daşlar”, “Qızıl uçurum”, “Səmt küləyi”, “Ulduz”, “Ad günü”, “Bizim küçə”, “Bizi bağışlayın”, “Doğma sahillər”, “Uzaq sahillərdə” və b. filmlərin quruluşçu rəssamı olub.
K.Nəcəfzadə kino filmlərin bədii tərtibatı ilə yanaşı, eyni zamanda rəngkarlıq və qrafika nümunələri də yaradıb.

Rəssamın əsərləri Yaponiya, Türkiyə, Çexoslovakiya, Almaniya, Fransa, Kanada və başqa ölkələrin muzey və şəxsi kolleksiyalarda saxlanılır. K.Nəcəfzadə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü olub.

Filmdə K.Nəcəfzadənin əsərlərindən ibarət keçirilən sərgilərdən nümunələr, rəssamın xarici səfərləri və sonda dialoq xarakterli müsahibə yer alıb.

“İnsan gərək özünü dərk etsin. Rəssam özü necədirsə, gərək onu kətana köçürməyi bacarsın” deyən rəssam 90-cı ildəki XAOS dövrünü xatırladır.

O dövr ki, ölkənin ictimai-siyasi vəziyyətiylə əlaqədar olaraq hamı sadəcə nə olacağını düşünərək meydanlarda gecələyib. Çox az qisim həmin məqamda peşəsiylə məşğul olub. Həmin azın içində, qarışıqlığa baxmayaraq emalatxanadan çıxamayan və dövrün hadisəsini ağ kətana köçürərək tarix yazanlardan biri də Kamil Nəcəfzadə olub: “Dövrün qurbanlarını fərqli düşüncələrdə canlandırmağa başladım. Bəlkə mən də çoxları kimi susardım, heç emalatxanaya gəlməzdim, o qarışıqlığı əks etdirən rəsmlər yaratmazdım, ancaq susa bilmədim”.

Kəllələrdən ibarət rəsm iri planda diqqəti çəkir və və iri plan kiçildikcə SSRİ-nin ilk və son prezidenti (1991),  Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı M.S.Qorbaçovun portreti daha qabarıq üzə çıxır. Rəsmi izah etməyə ehtiyac qalmır. Rəssam bu rəsmlə çox söz deyib və ən önəmlisi rejimin qurbanı olan həmin insanların, əgər yaşasaydılar, gələcəklərini xatırladıb, “ən önəmli insanlar ola bilərdi, hər sahədə tanınan insanlar ola bilərdilər” deyib.

Rəssamın dediklərindən: “Bu mənim içimdən gəldi. Buna görə məni qınayanlar, həyatımı təhlükəyə saldığımı xatırladanlar oldu. Ancaq qorxmağa gərək yoxdu, bu bir tarixdi və mən rəsmlərdə həmin tarixi əks etdirdim. İnsanlıq hər şeydən ucadır, önəmli olan adam olmaqdır, hansı sahədə uğur qazanmağın da elə adamlığına bağlıdır”.

Filmin üzərində işləyənlər: ssenari müəllifi və rejissor Şamil Nəcəfzadə, operator Rövşən Quliyev, prodüser Davud İmanov, Şamil Nəcəfzadə.

Xatırladaq ki, “Ağ kətandakı adam” tammetrajlı sənədli filmi 27 dekabr (saat 19.00) Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində nümayiş olunacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı