Kino Evi təqdim edir: Yeni nəsil, yeni nəfəs, yeni kino

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evinin bu həftə olan seçimi Orxan Ağazadənin “Oturacaqlar” və Daniyel Quliyevin “Bic” filmi idi. London Film School yetirmələri olan rejissorların çəkdiyi hər iki filmi Beynəlxalq Film Festivallarının iştirakçısı olub. Mövzu baxımındanm və rejissor həllinə görə, hər iki film Azərbaycan kinosu üçün yenilik hesab oluna bilər.

“Oturacaq” filmində hadisələr ucqar bir kənddə cərəyan edir. Həyat yoldaşı başqa bir ölkəyə qazanc dalınca gedən bir qadının baş tutmayan sevgisindən bəhs olunur.

“Bic” filmi isə nigahsız doğulan gəncin ailə dramı üzərində qurulub – Anasına görə, daima təzyiqlərə məruz qalan gənc, çıxış yolunu çətin, fiziki güc tələb edən imtahanları verib hərbi akademiyaya daxil olmaqda görür.

Qeyd edək ki, hər iki film tamaşaçı rəğbəti ilə qarşılandı. Filosof Rəhman Bədəlov, hər iki filmin əsl sənət nümunələri olduğunu, xüsusilə bizim kinoda tez-tez rast gəlinən müəllifin fikrinin sözlə çatdırmaq ənənəsindən uzaq olduğunu və filmlərdə vizual təfəkkür, təsvir dili olduğunu bildirdi.

Tamaşaçılar, təqdimatda iştirak edən “Oturacaqlar” filminin baş rollardan birinin ifaçısı Zülfiyyə Məmmədovanın və “Bic” filmindəki qəhrəmanın anasını oynayan Zülfiyyə Quliyevanın oyununu xüsusilə qeyd etdilər.

Yeri gəlmişkən, aktrisa Zülfiyyə Məmmədova çəkiliş zamanı çətin, fiziki sınaqla üzləşib. Onun qəhrəmanı özünün çəkisindən ağır olan anasını xüsusi oturacaqla  kürəyinə bağlayaraq kəndin yüksəkliyinə qaldırır. Çünki kənd sakinləri məhz həmin yüksəklikdə, qonşu ölkədə yaşayan övladları ilə telefon bağlantısı qura bilirlər.

Kinorejissor Vaqif Azəryar belə bir sualla rejissorlara müraciət etdi: “Bu mövzulara nə dərəcədə bələdsiniz?”.

Daniyel Quliyev qeyd etdi ki,  “Bic” filmindəki hadisəyə həyatda rast gəlib.  Orxan Ağazadə isə filmləri “ada”və “yarımadalar”a ayırdığını bildirdi: “Mənim filmim yarımada deyil və reallıqla əlaqəsi olmamalıdır, filmim adadır, orda mənim müəllif olaraq öz dünyam və obrazlarım əks olunub” .

Aparıcı Əli İsa Cabarov, V. Azəryarın, “Oturacaq” filmindəki əsas qəhrəmanların kürəyinə bərkidilmiş oturacaqda valideynlərini daşımasını, tamaşaçıların etirazına səbəb olan, “inandırıcı deyil” fikrini nəzərdə tutaraq dedi: “Vaqif müəllimin fikrini belə şərh etmək olar: filmə hər hansı şərtilik gətirirsə, film boyu və xüsusilə əvvəldə bu şərtilik oyununun qaydalarını elan etməli və film boyu onu pozmamalıdır”.

Vaqif Azəryar aparıcının fikri ilə razılaşaraq bildirdi ki, müəllif istədiyi şərtiliklərə gedə bilər, ancaq filmdə buna bəraət verməli, tamaşaçını inandırmalıdır.

Mahir Dərviş “Bİc” filmində “əsgər anası pozğun qadın” motivinin sanki xaricdən milli mentalitetimizin dağıdılması üçün yeridildiyini qeyd etdi. Onun fikrinə etiraz edən əksər tamaşaçılar, filmin mövzusunun bu olmadığını “çoxluğun təpkisi ilə rast gələn fərd“ motivinin əsas olduğunu dedilər. Rejissor D.Quliyev filminin belə təzadlı qarşılanacağının gözlənilən olduğunu, ancaq özünün müəllif  mövqeyindən çıxış etdiyini, yəni müəllif kimi haqlaqını xatırlatdı.

Müzakirələrdə iştirak edən teleaparacı Vüsalə Məmmədova,  yazar Qan Turalı və başqaları gənc rejissorları uğurlu film münasibətilə təbrik edtilər.

Azərbaycan və İngiltərənin birgə istehsalı olan “Oturacaqlar” filminin ssenarisi və rejissoru Orxan Ağazadə, operatoru Cameron Vard, rəssamı və kostyum dizaynı Lara Zeidan, musiqisi Məməd Ansa, prodüseri Mina Salimi, koprodüserləri Azər Həsənov və Ruslan Ağazadədir.

Filmdə rolları Səyyad Əliyev, Zülfiyyə Məmmədova, İskəndər Abbasov və b. ifa edirlər.

“Bic” qısametrajlı filminin musiqisi Firudin Allahverdiyə, prodüser işi Qurban Bünyadova aiddir.

Filmdə iştirak edirlər: Toğrul Əhmədov(Natiq), Gülər Babayeva(Arzu), Zülfiyyə Qurbanova(Vəfa), Roman Hüseynov(Zaur), Bayram Muradlı(İmam) və b.

Xatırladaq ki, “Bic” Rhode Island International Film Festival, Palm Springs International Short Festival,  Palace International Short Film Festival kimi nüfuzlu tədbirlərin rəsmi müsabiqə iştirakçısı olub. Bundan başqa, Fransanın prestijli Anje Premyer Plan film festivalının, Çexiyada Praqa Beynəlxalq qısa film festivalı, Brüssel Qısa Film Festivalının Beynəlxalq və Next Generation müasabiqəsinə də qatılıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqı