Kino Evində animasiyamızın sabahı müzakirə olundu

Dekabrın 17-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində “Naməlum Azərbaycan animasiyası” adlı animasiya film gecəsi baş tutub. Bu sahənin gənc və ixtisaslaşmış rejissor işlərinin nümayiş olunduğu gecədə filmlərin müəlliflərindən, rejissor Firəngiz Qurbanova, Sevinc Quliyeva, Ağaməli Əliyev iştirak edib.

Tədbirdə həmçinin, “Animafilm” Festivalının yaradıcısı Rəşid Ağamalıyevin müəllifi olduğu “Azərbaycan animasiyası” kitabı təqdim olunub. Filmləri izləməyə gələn qonaqlar arasında Azərbaycan animasiya sənətinin peşəkar nümayəndələrindən Elçin Axundov, rejissor Hilal Baydarov, həmçinin animator-rejissor Rəşad Babayev və rəssam Səbinə Şıxlinskaya da yer alıb. Tədbirin moderatorluğunu kinoşünas Sevda Sultanova edib. Nümayişdən sonra müəlliflərlə müzakirə aparan kinoşünas animasiya sənətinin Azərbaycanda əsasən, doğru anlaşılmadığını dilə gətirib: “Azərbaycanda animasiyanın tarixi kinonun tarixindən daha gəncdir. Animasiya özü son dərəcə əmək tələb edən bir sahədir və təəssüf ki, bu sahə bizdə çox arxa planda qalıb. Ümumiyyətlə, Azərbaycan ictimaiyyətinin animasiya haqda təsəvvürləri, əsasən, yanlışdır. Bizdə animasiya deyəndə, elə bilirlər ki, bu, uşaqlar üçündür. Filmdə “18+” yazılanda isə elə bilirlər ki, orada mütləq intim nələr isə olacaq. Halbuki, biz bu gün “65+”- a baxdıq, hər iki mənada. Mən gənc müəlliflərdən- Sevinc xanım və Ağaməli bəydən soruşmaq istərdim ki, bu qədər çətin şəraitdə animasiya ilə məşğul olmağınız təsadüfi xarakter daşıyır, yoxsa, davamlı olaraq bu sahə ilə məşğul olmaq istəyirsiniz?”

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistrı olan və animasiya gecəsində 3 filmi ( “65+”, “Qar kürəsi”, “Bir arzu tut”) nümayiş olunan Sevinc Quliyeva suala qısa cavabında bildirib ki, o, davamlı olaraq məlum sahə ilə məşğul olmaq niyyətindədir.

Həmkarı “Pinqivinlər uçur, Mari” anima filminin müəllifi Ağaməli Əliyev isə bildirib ki, o, bu sahəyə doğrudan da, təsadüfən, sevdiyi filmlərdən ilhamlanaraq gəlib: “Mənim film sahəsində xüsusi bir bilgim yox idi. Həvəskar olaraq rəsmlə məşğul olurdum. Bir gün çəkdiyim həmin o obrazları heykəl formasına salmaq üçün plastilinlər aldım, yoxlamaq qərarına gəldim. Daha əvvəl 20 saniyəlik iş ilə yoxladım. Yəni, tamamilə təsadüf nəticəsində, boş vaxtım vardı deyə, bu işə başladım. Sonra Buktreyler Festivalını gördüm və qatılmağı qərarlaşdırdım. Animasiyanı tək işləmişəm, kiminləsə birgə iş təcrübəm yoxdur. Bütün hallarda, bu sahədə davamlı olmağı düşünürəm”.

Tədbirdə “Araxçın” animasiyası nümayiş olunan rəssam-rejissor Firəngiz Qurbanova gənclərin  işlərini belə qiymətləndirib: “Animasiya ilə məşğul olmayan insanlar üçün bu işə başlamaq çox çətindir. Amma çox şadam ki, artıq 4-cü ildir ki, Rəssamlıq Akademiyasında quruluşçu rəssam uşaqlar bu sahədə təhsil alır. Mən də orada tədris edirəm. Eyni zamanda, artıq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) də bu sahəni öyrənirlər. Mənim sahəm “Ekranda qrafika”dır. İndi 3D tendensiyası gedir. Mən də bu texnika ilə məşğul olan gənclərə uğur diləyirəm. Ümumiyyətlə, mən daha çox insanın əlinin hiss etdiyini yarada bildiyi qrafik animasiyanın tərəfdarıyam. Yəni, eyni zamanda rejissor və rəssamlığı bacarmaqdan danışıram.  Mən bunu tədris edirəm. Mən rəssamlara rejissorluğu öyrədirəm ki, onlar müəllif filmləri çəkə bilsinlər. Eyni zamanda əgər istedadları varsa, ssenari yazsınlar”.

Firəngiz Qurbanovanın sözlərinə görə, bu sahəyə mədəniyyət və təhsil nazirlikləri birlikdə vəsait ayırmalıdır: “Mən hazırda bu iş üçün çalışıram. Doğrudur, bütün tələbələr öz işlərinin ekranlaşdırılmasına layiq ola bilməz. Amma düşünürəm ki, müəyyən bir büdcə ayrılsa, ildə 3 tələbə öz diplom işini ekranlaşdıra bilər. Çünki animasiya bahalı bir işdir. Bütün hallarda, məncə, hər şey yaxşı olacaq və biz Azərbaycan animasiyası ilə qürur duyacağıq. Çünki yüz faiz əminəm ki, bizim animasiyamız beynəlxalq festivallarda iştikar edəcək”.

Moderator Sevda Sultanova bildirib ki, əslində, animasiyaya göstərilən ögey münasibətdə müəyyən mənada onun və həmkarlarının da payı var: “Məncə, biz -kino yazarları, jurnalistlər, mədəniyyət yazarları da müəyyən mənada günahkarıq. Çünki kino sahəsində, bədii və sənədli filmlərdə o qədər problemlər var ki, animasiya sahəsi bizim də foksumuzdan çıxıb”.

Azərbaycanda ilk dəfə yaradılan beynəlxalq “Animafilm Festivalı”nın ideya müəllifi olan Rəşid Ağamalıyev S.Sultanovanın “Sizcə, bu festivaldan sonra animasiyaya münasibət dəyişdimi?” sualına belə cavab verib: “Mən buna sadəcə ümid edirəm. Bizim məqsədimiz budur. Firəngiz xanımın çox yaxşı bir fikri var ki, biz istəyirik dövlət animasiyaya ciddi baxsın. Ümumiyyətlə, demək istəyirəm ki, belə bir şəraitdə animasiya ilə məşğul olmaq böyük bir qəhrəmanlıqdır. Bir şeyi qeyd edim ki, bu il animasiya üçün çox böyük bir uğur oldu. Çünki animasiya sahəsində çəkilən filmlərin sayı xeyli artdı, 20-yə yaxın film çəkildi. Sevindirici məqam həm də odur ki, nəhayət ADMİU-da animasiya tədris olunacaq. Təsəvvür edin ki, Gürcüstanda, Ermənistanda və digər postsovet ölkələrində 30 ildir bu tədris var idi. Bütün hallarda, animasiya ilə maraqlanan hər kəsi festivalımıza dəvət edirik”.

Ölkəmizdə animasiya sahəsinin gəlir gətirmədiyi halda, bu işi görməyə motivasiyanı necə tapması ilə bağlı sualı gənc animator Sevinc Quliyeva belə cavablandırıb: “Mənim uşaqlıqdan bu sahəyə marağım olub. Böyüdükcə, həvəsim və marağım daha da artdı. Stop motion texnikasını və animasiyada hərəkət qanunlarını “Animafilm School”da öyrənmişəm. Daha sonra isə 2D animasiyalarını işləmişəm və hazırda da təcrübə qazana-qazana öyrənirəm. Davam etməyimin səbəbi sadəcə bu sahəyə olan sevgimdir. Başqa səbəblər haqda düşünmürəm”.

Yazar Fəridə Məmmədovanın eyni adlı əsəri (Pinqivinlər uçur Mari) əsasında hazırladığı animasiya filmi ilə 2020-ci ildə Buktreyler festivalında 2-ci yeri qazanan Ağaməli Əliyev artıq yeni filmə başlayacağının anonsunu verib: “Gələn ildən yeni bir film üzərində işləməyi düşünürəm. Yenidən Buktreyler festivalına qatılmağı da düşünürəm”.

Animasiya deyəndə, Azərbaycanda ağla gələn ilk isimlərdən biri olan animasiya rejissoru Elçin Axundovun söylədiyinə görə, ölkədə bu sahənin inkişafı üçün dövlətin maddi dəstəyinin olması labüddür: “Animasiya filmlərinin bir neçə növü var. Elə müəlliflər var ki, onlar öz daxilini animasiya ilə verir. Bir də var ki, animasiyada kommersiya filmləri. Siz bayaq dediniz tammetrajlı film, bunlar animasiyada kommersiya filmi sayılır. Təsvir, yanaşma, rejisssorluq baxımından animasiyanın sonsuz növləri var. Mən kinoşünas deyiləm, bugunkü gənc animasiya nümayəndələri haqda sadəcə öz fikrimi deyə bilərəm. Mən klassik animasiyanın tərəfdarıyam. Amma ümumiyyətlə, animasiya ilə bağlı deyə bilərəm ki, maliyyələşməsinə təlabat var”.

Tamaşaçılar arasında olan rejissor Hilal Baydarov çıxışında yaxşı mənada animatorlara qibtə etdiyini etiraf edib:  “Adətən kinematoqrafçıların ədəbiyyatçıları qısqandığı bir məqam var. Məsələn, ədəbiyyatçı yazır ki, qar yağdı və qar yağır. Amma rejissor qarın yağması üçün gözləməli olur. Məsələn, mən bir qar səhnəsi üçün bir il gözlədim, sonra qar çox yağdı, biz yuxarı çıxa bilmədik, çəkiliş qaldı. Sizin işiniz də belədir əslində. Yəni,  ədəbiyyatçılara xas bir güc var əlinizdə. Məsələn, “qar yağdı” deyirsiniz və qar yağır. Qarın olduğu bir şey isə pis olmur da, yüz faiz yaxşı olur. Sualım isə “Qar kürəsi” və “Pinqivinlər uçur, Mari” haqda olacaq. Yəni, bu animasiyalarda sözün istifadəsi ilə bağlı soruşmaq istəyirəm. Əlbəttə, siz məndən min dəfə yaxşı bilirsiniz bunu, amma mən sadəcə öz fikrimi soruşacam. Məsələn, Sevinc xanım, “Qar kürəsi”ndə  qadın, qar, bunların hamısı əla idi, amma sizcə, orada söz olsaydı necə olardı? Və Ağaməli bəy, sizcə, “Pinqivinlər uçur”da söz olmaya bilərdimi? Mənə elə gəlir ki, orada söz olmasaydı və uzun getsəydi, mən artıq atmosferə girmişdim. Rəng, kadr, hər şey əla idi. Hər ikinizdən soruşmaq istəyirəm, sizcə, animasiyada sözün istifadəsi necə olmalıdır?”

Animator A. Əliyevin söylədiyinə görə, sözlərin istifadəsi “Pinqivinlər uçur”u daha da gücləndirib:  “Uzun illər əvvəl mən “Pinqivinlər uçur, Mari” kitabını oxuyanda, əslində, çox sıxılmışdım. Amma yeganə olaraq o kitab idi ki, mən onu oxuyub, beynimdə film kimi canlandıra bilmişdim. Yəni, oradakı baş obrazın yalnızlığını hiss edə bilmişdim. Məncə, sözlər səhnələri çox qüvvətləndirir. Mən o filmi sözsüz təsəvvür edə bilmədim”.

Sevinc Quliyeva isə həmkarının dediklərini əksi qənaətində olduğunu vurğulayıb: “Məndə isə əksinə oldu. Filmi sözlə təsəvvür edə bilmədim. Yəni, ideya belə gəldi. Həm də, yəqin ki, çıxışımdan da görürsünüz ki, danışmaq məndə çox da yaxşı alınmır”.

AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov çıxışında gənc animatorların filmlərindən xüsusi zövq aldığını deyib:  “Mən müəllifləri təbrik edirəm. Sevinc xanımın müəllif ürəyinə vurulduğumu izhar etmək istəyirəm. Hər 3 filminizdə tənha personaj, tənhalıq hissi var. Və bu, çox dəqiq vizual həllərlə verilib. Siz çox gəncsiniz, irəlidə məişətlə, dolanışıqla bağlı qarşınızda çoxlu maneələr olacaq. Nəbadə yorulasınız, nəbadə dayanasınız.  Mən əminəm ki, sizin fitri bir animasiya istedadınız və fitri bir vizual təfəkkürünüz var. Xahiş edirəm, bu yolu gedin”.

Rejissor onu da deyib ki, əslində, animasiya kinodan daha üstün sənətdir: “Dahi animasiya sənətkarı Yuri Norşteynin belə bir fikri var: Kino öz pik həddinə çatanda, animasiyaya keçir. Yəni, bayaq Hilal bəyin də dediyi kimi, kinonun total təsvirə nəzarət etmək imkanı yoxdur. Amma animatorların belə bir imkanı mövcuddur. Əslində, ali vizual sənətin nümayəndəsi sizsiniz. Yəni, kino animasiyanın kiçik qardaşıdır, animasiya kinonun yox. Əsl yüksək, elit sənət sizdədir. Bu missiyanı dərk etsəniz, daha güclü olacaqsınız”.

İzolda Ağayeva Lalə