Kino Evində “Papanin” və “Sonuncu foto” filmləri

Dekabrın 24-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor Türkan Hüseynovanın filmlərinin nümayişi baş tutub. Rejissorun qısametrajlı “Papanin” sənədli filmi və “Sonuncu foto” qısametrajlı bədii filminin nümayişində moderatorluğu kinoşünas Sevda Sultanova edib. Nümayişdən sonra rejissorla filmlərin çəkiliş prosesi müzakirə olunub.

Sevda Sultanova Azərbaycanda real lokasiyalarda çəkiliş etməyin, real qəhrəmanları kameraya danışmağa razı salmağın çətinliyini nəzərə alaraq, rejissorun çəkilişlərdə hansı çətinliklərlə qarşılaşması ilə maraqlanıb.

T.Hüseynovanın söylədiyinə görə, kişiləri çəkməkdə heç bir çətinlik olmasa da, qadınlarla işləmək problemli olub: “O ərazilərdə, ümumiyyətlə, polis olmur. Polis olmayanda da, yaxınlaşıb, “Siz nə çəkirsiniz?” kimi suallar verən olmur. Sual verən sadəcə ərazinin sakinləri olur. Onlara isə film çəkdiyini deyəndə, “Hansı kanal üçün çəkirsən?” sualını verirlər. Özün üçün çəkdiyini deyəndə isə “Allah köməyin olsun!” cavabını alırsan”.

“Papanin”i şərh edən S.Sultanova sənədli filmdə daha çox təsvirin danışdığını vurğulayıb: “Təəssüf ki, bizim filmlərdə bu, çox vaxt alınmır. Sən Papaninin vizual obrazını yarada bilmisən. Xüsusi ilə də zivədən asılmış çörək və s. artıq Papanin haqda təssəvür yaradırdı. Ümumiyyətlə, bu vizual obrazı tapmaq üçün çox araşdırma etmişdin, yoxsa, spontan alınan səhnələr də var idi?”

Moderatorun sualına cavab olaraq rejissor məlum filmi, ümumiyyətlə, planlaşdırmadan çəkdiyini deyib: “Mənim yaşadığım evdən çıxıb, piyada 7 dəqiqəyə Papaninə düşürsən. Bir dəfə də fotoaparatı götürüb, getdim, dedim, çəkiliş edim. Əslində, başqa bir film üçün məkan axtarırdım, “Kubinka”, Papanin kimi ərazilərə gedib, foto çəkirdim. Foto çəkəndə, insanlar danışmağa başladı. İnsanlar danışanda isə bu, artıq fotodan çıxır. Mən də dedim ki, əgər danışırlarsa, mən bunu videoya çəkim. Amma bunu film çəkmək düşüncəsi ilə etmədim, sadəcə instinktiv olaraq kameranı quraşdırmağa başladım. Sonra gördüm ki, məkanın ruhunu fotodan daha çox video ötürür. Beləcə başladım film çəkməyə”.

Sənədli filminin qəhrəmanları ilə çəkilişdən əvvəlki ünsiyyətindən danışan rejissor bu çəkilişlərin öz-özünə yarandığını qeyd edib: “Orada bir ara küçə var idi, mən də dayanıb, həmin küçəni çəkirdim. O dayı evdən küçəyə-siqaret çəkməyə çıxdı. Məni gördü, əl elədi, mən də ona əl elədim. Hal-əhval tutdu, mənim Papanin haqda film çəkdiyimi biləndə, özü danışmağa başladı. Bəzən olur ki, insanın ürəyi dolu olur və danışmağa adam axtarır. Məncə, onun da ürəyi dolu idi və sadəcə qarşısına mən çıxmışdım. İkinci qəhrəman da öz evinin qarşısında dayanmışdı. Mənim beynimdə quşlarla bağlı bir təsvir var idi. Ondan həmin ərazidə quş saxlayan olub-olmadığını soruşdum. O isə mənə kömək edəcəyini dedi və mənimlə qapı-qapı gəzməyə başladı. Quş saxlayan Bayram dayı vardı, məni onunla tanış etdi. Daha sonra isə öz həyatını danışmağa başladı. Öz evinin qapısını mənə açdı”.

İnsanları önə çıxarmaq və məkanın kasıblığını örtmək üçün sənədli filmi ağ-qara çəkmək qərarına gəldiyini deyən Türkan Hüseynova tamaşaçının “Bu filmləri çəkərkən hər hansı bir mütəxəssisdən məsləhət almısınızmı?” sualına belə cavab verib: “Birinci filmdə mən CineDOC-da mentorshipdə olmuşdum və orada mənə məsləhətlər vermişdilər. İkinci filmdə isə ssenarini əvvəlcə Rüstəm İbrahimbəyov oxumuşdu, daha sonra ilkin montaja Elçin Musaoğlu baxmışdı. Ən sonda isə Hilal Baydarovun şərhlərini almışdım”.

İzləyicilər arasında olan  jurnalist, yazıçı İlqar Rəsul filmlərdən məmnun qaldığını deyib. Lakin onu narahat edən məqama da diqqət çəkib: “Bizdə kitablar haqda danışanda, deyirlər ki, yaxşı kitab yazan yoxdur. Halbuki, mən o adamların bir qismini tanıyıram və bilirəm ki, onlar kitab oxumur. Mən televiziyada işləyəndə bir dostumuz dedi ki, Azərbaycan müstəqillik qazanandan bəri normal bir film çəkilməyib. O adamın özü isə bütün günü TV-lərdə şou proqramlarda olurdu. Mən ona dedim ki, əgər sənin şou proqramlardan başın ayılsa idi, sən çəkilən filmləri görərdin. Doğrudan da, bu gün bu filmlərə baxanda, görürsən ki, istiqamət götürülüb və iş görülür. Mən tam əminəm ki, siz gələcəkdə tammetrajlı filmlər də çəkəcəksiniz və uğurlu alınacaq. Mən sənədli filminizlə bağlı bir məqamı qeyd etmək istəyirəm. Çox yaxşı olardı ki, hansısa bir yüksək nöqtədən, dronla və ya yüksək mərtəbədən və s. çəkdiyiniz ərazinin ümumi planını verərdiniz. Ən azından söküləcək və ya sökülməyəcək nə boyda bir ərazidən söhbət getdiyini görərdik. Bütün hallarda, sizi təbrik edirəm və bu filmlərə görə təşəkkür edirəm”.

Filmi izləyən rejissor Əli İsa Cabbarov müəllifdən “Papanin”in metrajının qısalığının səbəbi haqda soruşub: “Sənədli filmi uzunmetrajlı etmək olardı? Tutaq ki, ilkin niyyət Papanindən mənzərələr idi, amma çəkilişboyu sevgi mövzusu ortaya çıxdı və məncə, bunun arxasınca getmək olardı. Həmin qəhrəmanlar və ya əlavə qəhrəmanlarla birlikdə. Yəni, misal üçün, ilk baxışdan kasıb və asketik bir mənzərədə sən demə, böyük bir sevən qəlblər varmış. Mən bu gözəlliklə bir az daha çox ünsiyyətdə olmaq istəyirdim. Sondakı gölməçədə üzən siqaret kötüyünün panoraması sanki ayrıca bir film idi, buna görə sizi təbrik edirəm. Bir də bildiyim qədər, “Sonuncu foto” filminin ilkin montajındakı metrajı daha uzun idi. O filmdən nə qədər ixtisar etmisiniz?”

Türkan Hüseynova rejissorun suallarına cavabında bədii filminin 20 dəqiqəsini kəsdiyini etiraf edib: “Mən ssenarini yazanda, orada kənar elementlər – qonşular, başqa bir qız və s. qoymuşdum. Sonra baxdım ki, bunların hamısı lazımsızdır və fikri yayındırır. Buna görə də həmin o 20 dəqiqəni kəsdim. Çünki qısa filmdirsə, qısa olsun, tamdırsa, tam olsun. Sənədli filmə gəlincə, əslində, mən onu bir saatlıq film kimi nəzərdə tutmuşdum, amma sonra orada mövzunu davam etdirmək bir az problemli oldu. Bəzi sakinlər çəkiliş istəmirdilər, sonra pandemiya və müharibə oldu. Gördüm ki, ardını çəkə bilmirəm, qısa film etmək qərarına gəldim. Filmin montajını isə bu ilin aprel-may aylarında yekunlaşdırdım”.

Sevda Sultanova rejissorun öz filmini kəsə bilməsinə belə şərh verib: “Türkan, mən səni buna görə bir də təbrik edirəm. Çünki bir rejissor  öz filmindən kəsməyi bacarırsa, deməli, onun çox güclü dramaturgiya hissi var. Əminəm ki, sənin bundan sonrakı filmlərin çox uğurlu olacaq”.

Kino tənqidçisi Sədaqət Kamal çıxışında T.Hüseynovanın filmlərindən zövq aldığını dilə gətirib: “Xüsusilə filmin sonuncu kadrında onun ağ-qara olması çox vacib idi. Çünki o çirkab suyun gəlib, ağ qarın üzərini tutması, siqaret kötükləri… Bir də bilirsiniz, ən çox hansı kadrı bəyəndim? Göyərçinlərə yem verilməsi ilə oğlanın tum çırtlamağı. Mən bunların ikisi arasında bir bağlılıq gördüm. Sanki o insanlar da göyərçin hini kimi bir yerdə yaşayırlar. Bir də orada o kişinin “Bir qram şirinlik” məsələsi. Bax, bununla bağlı Əli İsa demişkən, bir film çəkmək olardı”.

Tamaşaçılar arasında olan yazıçı Əli Novruzov T.Hüseynovanın uzunmetrajlı filmini izləmək arzusunda olduğunu dilə gətirib: “Əslində, Türkanın bundan əvvəl bir filmi var, mən onu daha çox bəyənirəm. Mən, ümumiyyətlə, Türkanın dramaturgiyasını bəyənirəm. Düşünürəm ki, Türkanın texniki imkanları məhduddur. Tək onun yox, bu gün bizim film çəkən gənclərin bir çoxunun. Amma mən Türkanın uzunmetrajlı filmini çox görmək istərdim. Ümid edirəm ki, onun imkanı olacaq və biz onun belə bir filmini görəcəyik”.

Türkan Hüeynovanın filmlərini izləməyə gələn jurnalist Natiq Cavadlı çıxışında deyib ki, gərgin işdən sonra o, rejissorun filmləri ilə istirahət edib: “Türkan xanım, mən bu filmlərə görə sizə təşəkkür edirəm. Doğrudan da, biz bu gün burda dincəldik. Hər iki film əla idi. Çətin şəraitdə yaşayan insanların xoşbəxtlik arzusu. Biz onları hər gün görürük. Daha sonra siqaret kötüyü. Fantaziya çox gözəldir. İkinci film də əla idi. Polislərlə jurnalist olaraq demək olar ki, hər gün qarşılaşırıq, dostlaşmışıq artıq. Doğrudan da, onlar filmdəki kimi həmişə hara isə tələsir. Türkan xanım, bu filmlərin davamı gəlsin. Eşq olsun!”

İzolda Ağayeva Lalə