Kino Evində “Vətəndaş Nəcəfov”

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində “Vətəndaş Nəcəfov” sənədli filminin təqdimatı keçiriləcək.

Qeyd edək ki, “Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən istehsal edilən film ictimai-siyasi xadim Nəcəf Nəcəfova həsr olunub.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası, demokratik bir dövlətin yaradılması uğrunda fəal mübarizə aparan Nəcəf Nəcəfovun yaxın dostları və həyat yoldaşının xatirələri əsasında hazırlanan sənədli filmdə onun jurnalistika və siyasətdəki fəaliyyətindən bəhs edir.

“Vətəndaş Nəcəfov” filminin yaranmasında əsas məqsəd N.Nəcəfovun fəaliyyəti vasitəsilə onun prinsipial və vətənpərvər xarakterli şəxsiyyətini geniş formada tamaşaçıların nəzərinə çatdırmaqdan ibarətdir.

Turan Yaqublunun rejissor debütü olan sənədli filmin ssenarisi də rejissorun özünə aiddir. Filmin operatoru Rafiq Əliyev, montaj Davud Mikayılov, bədii rəhbər Tahir Əliyev, prodüser İqbal Məmmədəliyevdir.

Sənədli film 24 yanvar(saat 19.00) Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində nümayiş olunacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı