“Kino istehsalı A-dan Z-yə” layihəsinə ərizə qəbulu sona çatdı

Azərbaycan Kinematoqrafçılar İttifaqı növbəti “Kino istehsalı A-dan Z-yə” layihəsinə ərizə qəbulu sona çatıb.

13 gün ərzində layihəyə 86 müraciət qəbul olunub. Yaxın 1 həftə ərzində 2-ci mərhələyə keçən iştirakçılar müsahibəyə dəvət olunacaq. Müsahibələrdən sonra layihə iştirakçıları seçiləcək.

Qeyd edək ki, “A-dan Z-yə kino istehsalı” layihəsi aprel, may və iyun aylarını əhatə edəcək. Sertifikatların təqdimi 20 iyula qədər baş tutacaq. İlk iki ay hər biri 10 gün və hər dərs 3 saat olmaqla Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, Əməkdar incəsənət xadimi, rejissor Mirbala Səlimli tərəfindən intensiv nəzəri dərslər keçiriləcəkdir. Dərslər bədii kino istehsalının bütün mərhələlərini özündə əks etdirəcəkdir.

Layihənin 3-cü mərhələsinin 10 günlüyü Şəki şəhərində baş tutacaq və iştirakçılar real kino çəkilişi prosesində iştirak edəcəklər. Əgər 2 ay Bakı mərhələsi öyrənməyə və biliyə yönəlibsə, son mərhələ praktik məşğələlərdir.

Layihə ərzində ideyanın yaranması, filmin rejissor şərhi, təsvir həlli, film istehsalının əsasları, montaj və s. mövzular tədris ediləcəkdir. Emalatxana gənc kinorejissorlar üçün nəzərdə tutulmuşdur.
Xatırladaq ki, ötən il keçirilən “Yay məktəbi”nin qonaq spikeri Mirbala Səlimli idi. O, “ssenaridə hadisənin anatomiyası” mövzusunda mühazirəsi ilə çıxış etmişdir.

M.Səlimlinin 2002-ci ildə kinorejissor və ssenarist kimi “Debüt” studiyasında çəkdiyi “Odla qol-boyun” adlı qısametrajlı bədii film bir çox beynəlxalq festival (Fransa, Macarıstan, Rusiya, Tacikstan və s.) və kinoforumların iştirakçısı olub.

2007-ci ildə “Yaddaş” studiyasında çəkdiyi “Şəki-tarixin naxışları” adlı sənədli filmi beynəlxalq festivallarda (Fransa, Türkiyə) iştirak edib.

2016-cı ildə quruluş verdiyi “Qırmızı bağ” filmi 15-ci Dəkkə Beynəlxalq Film Festivalında “Mənəvi filmlər” müsabiqə proqramında “Ən yaxşı bədii film” mükafatına, Rusiyada keçirilən 17-ci Baykal Beynəlxalq Film Festivalında “L.İ.Qayday adına Ən yaxşı bədii film” mükafatına layiq görülmüşdür.

Aki.az

 

 

Aki.az