“Kino istehsalı A-dan Z-yə” layihəsinin Şəki mərhələsi başa çatıb

Kino istehsalı A-dan Z-yə layihəsinin 3-cü praktiki Şəki mərhələsi başa çatıb.

Qeyd edək ki, 3-cü 10 günlükdə münsifər heyəti tərəfindən qısa müddətdə çəkilişi uyğun görülən ssenarinin çəkilişləri həyata keçirilmişdir. Çəkilişə seçilmiş filmin ssenari müəllifi Şahin Hüseynlidir. “Qəfəs” adlanan qısa metrajlı bədii filmdə restoranda kuryer kimi çalışan Cəmilin ağır xəstə olan anası ilə birgə həyatından bəhs edir. Ana oğlu üçün çox narahatdır və onun tezliklə ailə həyatı qurmasını istəyir. Cəmil üçün isə anasının əməliyyatı daha vacibdir. Əməliyyat üçün tez kifayət qədər pul əldə etmək məqsədilə, o, işlədiyi restoranda administrator olan, eyni zamanda narkoticarət şəbəkəsinin üzvü Ənsərin narkotika çatdırma təklifini qəbul etməli olub.

Mənəvi əzab altında əzilən, yuxuları ərşə çəkilən Cəmil bu durumun içində qəfəsdəki quş kimi çırpınır. Bu vəziyyətdən qurtulmaq istəyir. Ənsərin həbs olunması Cəmilin bu istəyinin baş tutmasını sürətləndirir.

Yeri gəlmişkən, film komandanın birgə iştirakı ilə ərsəyə gəlib. Filmin əksər yaradıcı heyəti məhz komanda iştirakçılarından ibarət olmuşdur. Filmin quruluşçu operatoru Orxan Adıgözəlov, 2-ci rejissoru İlahə Nurullayeva, quruluşçu rəssamı Səadət Qurbanova, geyim rəssamı Sevinc Quliyeva, rejissor köməkçisi Mirtalib Həsənov, operator köməkçisi Sərxan Nəciyev, montaj rejissoru Tural Ələsgərli, baş rol ifaçıları Fərid Eyvazov, Murad Allahverdiyev və  Ruhulla Rəhimov, quruluşçu rejissorlar isə bütün komanda üzvləridir. Filmin bədii rəhbəri əməkdar incəsənət xadimi Mirbala Səlimlidir.

Şəki mərhələsində ssenarinin daha dərindən analizi, məkanların seçimi, aktyorla iş, rəssam işinin təşkili, bədii filmdə işıq, səhnənin qurulması və s. tələblərə əyani olaraq göstərilmişdir. Hal-hazırda film montaj mərhələsindədir.

aki.az