Kino Məktəbinin məzunlarına diplomlar təqdim edilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino məktəbi ikinci buraxılışının məzunlarına diplomlarını təqdim edib. Təqdimat fevralın 5-də Kino Məktəbinin yaradıcısı mərhum rejissor Rüstəm İbrahimbəyovun doğum günündə keçirilib.

“Mən indi Rüstəm müəllim haqqında nə desəm, onun şəxsiyyət yanında çox kiçik görünəcək, amma bu faktdır ki, Rüstəm müəllim Azərbaycan kinosunda yeni bir mərhələ yaratdı, yeni dalğa, yeni mövzu və obrazlar gətirdi. Azərbaycan kinosunun sərhədlərini genişləndirdi, dünyada tanıtdı. Rüstəm müəllim Kino Məktəbini yaratdı. Məktəbin məzunlarının çəkdiyi filmlər İttifaqın təşkil etdiyi tədbirlərdə göstərilir, festivallara gedir. Mən çox inanıram ki, həmin məzunlar içərisində Rüstəm müəllim kimi Azərbaycan kinosunda dönüş nöqtəsi yarada  biləcək müəlliflər yetişəcək və Azərbaycan kinosunu dünyada tanıdacaq” – kinoşünas Sevda Sultanova deyib.
“Biz bu gün – fevralın 5-də Rüstəm müəllimi xatırlayırıq və onun təşəbbüsü ilə açılan Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin yeni məzunlarını təbrik edirik. 2 il yarım təhsil aldıqdan sonra, bu gün “Animasiya”, “Kinorejissorluq” və “Kinodramaturgiya” şöbəsinin məzunları diplomlarını alacaqlar” – məktəbin direktoru Oleq Səfərəliyev çıxışı zamanı bildirib.
Kino Məktəbindən bu il 13 tələbə məzun olub. 2019-2022-ci illəri əhatə edən təhsil müddətində tələbələr 3 bölmədə – “Kinorejissorluq”, “Kinodramaturgiya” və “Animasiya” üzrə təhsil alıblar. Tədbirdə Azərbaycan Kinematoqrafçılar İttiqafının sədri Rasim Balayev və idarə heyətinin üzvləri yazıçı Anar Rzayev, Baba Vəziroğlu, xalq artisti Həmidə Ömərova kimi sənət adamları iştirak edib.
“Rüstəm kimi istedadlı bir adamın ad günündə diplomları təqdim etmək simvolik bir məna daşıyır. O, çox istedadlı adam idi. Mən bu diplomları təqdim etdiyim şəxslərə istedad, yaradıcılıq uğurları arzulayıram”- AKİ-nın sədri, xalq artisti Rasim Balayev deyib.
 
“Mən də bütün diplom alanları təbrik edirəm. Bu diplom Rüstəm İbrahimbəyovun ad günündə verildiyi üçün Rüstəmin xatirəsinə layiq işlər görəsiniz. Hamınıza uğurlar olsun” – xalq yazıçısı Anar Rzayev deyib.
 
“Sizə uğurlar arzulayıram. Yeni filmlər, yaxşı ssenarilər  gözləyirik. Siz çəkin, biz də onlara resenziya yazaq, müzakirə edək və baxışlar təşkil edək” – kinoşünas Sevda Sultanova tədbirin yekununda qeyd edib.

Kino Məktəbinin  əsas məqsədi gənclərin kinematoqrafiyaya marağının yüksəldiməsi, kino sahəsində peşəkar və yeni kadrların hazırlanması, istedadların aşkar olunmasıdır.

aki.az