Kinomuz hara gedir?

Fevralın 18-də Azərbaycan Kinematoqrafçılar İttifaqında “Fokus” jurnalının 9 illik fasilədən sonra buraxılan yeni, 10-cu nəşri münasibətilə “Azərbaycan kinosu hara gedir?” mövzusunda müzakirə keçirilib. Müzakirənin moderatorluğunu edən Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, “Fokus”un təsisçilərindən biri və redaktoru Əli İsa Cabbarov bildirib ki, jurnalın hazırda çapdan çıxan nömrəsinin və bundan sonrakı 3 buraxılışının əsas dəstəkçisi AKİ ilə yanaşı, həm də  Mədəniyyət Nazirliyidir: “Reaksiyalardan görünən odur ki, 9 illik fasilədən sonra insanlar doğrudan da, jurnalın nəşrini gözləyirmiş. Jurnalın son nömrəsinin ana məqaləsi və onun dizaynına konsept verən gerçək bir Azərbaycan dühası Cəfər Cabbarlının “Hara gedir Azərkino?” məqaləsidir. Nə qədər acı olsa da, C.Cabbarlının bu məqaləsi indiyə kimi aktuallığını itirməyib. Biz də bu gün istəyirik ki, buradakı kino yazarları ilə birlikdə təqribən 100 ildən sonra “Hara gedir Azərkino?” sualını yenidən cavablandıraq. Görək ki, biz hara gedirik və hara getməliyik?”

Bakı Beynəlxalq Qısa Filmlər festivalının direktoru Fehruz Şamıyev çıxışında bildirib ki, müstəqillik dönəmində kino sahəsi Mədəniyyət Nazirliyinə verildikdən sonra ortaya çıxan yeni istehsal şəraiti  kino estetikasına da təsir edib: “Kinonun idarəetmə sistemi dəyişildiyinə görə, bu, birbaşa istehsalatın özünə də təsir etməyə başladı. Bu istehsalat ona gətirib çıxardı ki, Azərbaycanda müəllif kinolarının sayı demək olar ki, azalmağa başladı. 2002-ci ildən əvvəlki illərə nəzər saldıqda, görürük ki, fərdi və yaxud da dövlət hesabına müəyyən layihələr var idi və orada sırf rejissorun özünün yozumu daha qabarıq hiss olunurdu. Amma sonrakı illərdə sanki Azərbaycanda planı doldurmaq tipli bir istehsalat prosesi başladı. Biz hələ də bunun altını çəkirik. Son 5 ildə müəyyən bir cəhdlər var ki, bu buxovlar qırılsın, amma hələ ki, bu cəhdləri uğurlu hesab etmirəm”.

Müzakirədə həmçinin, ölkədə yaranması nəzərdə tutulan Kino Agentliyi haqqında da danışılıb.

Rejissor Fehruz Şamıyev Kino Agentliyinin yaranması ideyasını sonuna qədər dəstəklədiyini bildirib. Lakin kinoşünas Aygün Aslanlı deyib ki, rejissordan fərqli olaraq, o, agentliyin fəaliyyəti ilə bağlı ümidli deyil: “Bu, bir şeyin şəklinin dəyişilmiş forması olacaq. Əgər sistem dəyişmirsə, bu, o deməkdir ki, dövlət büdcəsindən kino üçün ayrılan vəsait bu gün nazirliyin Kino Şöbəsinə ayrılır, sabah da agentliyə ayrılacaq. Bunun fərqi nədir ki?”

Bu yerdə rejissor F.Şamıyev müdaxilə edib: “Aygün xanım, fərqi odur ki, Kino Şöbəsi o pulu təsdiq etdirməkdən ötrü nazirliyin başqa 5 şöbəsindən icazə almalıdır”.

Aygün Aslanlı isə cavabında bildirib ki, o, icazə alınmasını nəzərdə tutmur: “Mənim demək istədiyim odur ki, əgər müstəqil rejissorların rahat film çəkməsi üçün şərait yoxdursa, “kino haqqında” işlək qanun yoxdursa, vergilər tənzimlənmirsə, o pul bura yox, başqa yerə ayrıldı, bunun nə fərqi var?”

Kino tənqidçisi Sevda Sultanova isə deyib ki, Kino Agentliyinin yaradılması müəyyən mənada müsbət hal hesab edilə bilər: “Çünki qismən də olsa, bürokratik əngəllər götürüləcək. Amma eyni zamanda, kino ictimaiyyəti tələblər qoymalıdır ki, mexanizm şəffaf olsun. Ekpertlər qrupu da hər dəfə dəyişsin. Gürcüstanda, Qazaxıstanda olan sistem normal sistemdir. Həmçinin, əgər ildə 3-4 dəfə müsabiqə keçirilsə və indiki müsabiqəyə tətbiq olunan şərtlər sadələşdirilsə, mən əminəm ki, ssenari problemi xeyli həll olunacaq. Bir də bu məsələdə güvənsizlik ortadan götürüləcək. Mən məsələn, dəfələrlə rastlaşmışam ki, insanlar “Onsuz da öz adamlarını keçirəcəklər” deyirlər. Kino Şöbəsi bu güvəni qazanmalıdır”.

S.Sultanovanın çıxışından sonra Əli İsa Cabbarov vurğulayıb ki, Aygün Aslanlının şübhəli münasibətinə baxmayaraq, Kino Agentliyinin yaranması labüddür və ən azından bu agentlik dövlətin nəzərində kinonun statusunu qaldıra bilər.

Kino tənqidçisi Hacı Səfərovun fikrincə, rejissorlar Hilal Baydarovla Elvin Adıgözəlin müstəqil kinoda uğur qazanmasını Azərbaycan kinosunun səviyyəsini müəyyən edən tipik nümunə saymaq doğru deyil: “Çünki biz ən yüksək nəticəyə baxmalı deyilik. Azərbaycan kinosunun ortalaması daha aşağıdır. Bu, onların uğurudur, bunu inkar edə bilmərik. Amma bu, ümumi vəziyyətin xülasəsi deyil. Əlbəttə ki, dövlətin vətəndaşların vergisi hesabına formalaşan büdcəsi varsa, bunu düzgün şəkildə tənzimləmək lazımdır. Əslində, Mədəniyyət Nazirliyinin elə bir sxemi olmalıdır ki, orada istisnalar olmasın. Adlarını çəkdiyimiz iki rejissor istisnadır. Bu, normaya çevrilməlidir. Elə bir işlək çarx olmalıdır ki, hər dəfə o çarxdan yeni bir müəllif çıxmalıdır və biz onu tanımalıyıq”.

Bu məqamda Sevda Sultanova keyfiyyətli filmlərin çəkilməsinin normaya çevrilməsinin əhəmiyyətindən danışıb: “Heç olmasa, nazirlik bir dəfə yox, iki dəfə müsabiqə keçirsin. Biz onda biləcəyik ki, bəli, 3-5 nəfərin içindən 2 nəfər istedadlı və ümidverici adam var. Məsələn,  müzakirələrdən danışdınız. “Nizami” Kino Mərkəzi dövlətin balansındadır. Heç olmasa, onun özündən təşəbbüs gəlsin, məsələn, onların kiçik zalları var. Orada müntəzəm kino nümayişləri və müzakirələr keçirsinlər. Məsələn, kino tənqidçisi və ya kinoşünasları kim yetişdirməlidir? Çox təəssüf ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bu sahədə güc mərkəzi deyil. Məsələn, biz “Fokus” üçün yeni imzalar axtardıq, amma tapa bilmədik. Gələn yazılar çox zəif idi. Məncə, bu problemlərin hamısı bir-biri ilə zəncirvari bağlıdır”.

Əli İsa Cabbarov sonda bildirib ki, məlum müzakirədən gəldiyi yekun qənaət belədir: “Bizim kinoda əsas insan rejissor, prodüser, kino məmuru yox, kinoşünas və kino yazar olsa, kinomuzda yaxşılığa doğru dəyişiklik ola bilər. Yəni,  kino tənqidçiləri, kinoşünaslar, kino nəzəriyyəçiləri və güclü kino ssenaristlərin önə çıxmasına ehtiyac var. Yəni, biz deyə bilək ki, 3-5 kino yazarı, kino ssenarist, kino dramaturq  var və əllərində 3-5 ssenari var, biz oxumuşuq, keyfiyyətinə şübhə etmirik və  onları ekranlaşdırmaq lazımdır. Biz deyək ki, kinoşünaslar var”.

İzolda Ağayeva