Kinonun problemləri Dövlət Vergi Xidmətinin diqqətində
AR Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının birgə təşkilatçılığı ilə Dövlət Vergi Xidməti, kino istehsalı, kino nümayişi, kino sahəsində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrinin görüşü keçirilmişdir. Vergilər Xidmətindən verilən məlumata görə, görüş dövlət başçısının 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası“ndan irəli gələrək mədəniyyət sahəsi üzrə inkişafın stimullaşdırılması, investisiya və kapital qoyuluşu həcminin artırılması üçün verilə biləcək vergi təşviqlərinin dairəsinin müəyyənləşdirilməsi məqsədilə təşkil edilib. Görüşdə, ölkəmizdə kinematoqrafiya sektorunda çalışan şəxslər üçün əlverişli şəraitin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən milli kinofilmlərin istehsalı və yayımı üzrə sahibkarlıq subyektlərinin fəaliyyətinə təşviqlərin verilməsinə dair təkliflər dinlənilib, xüsusi əhəmiyyət daşıyan sahəvi qanunvericilik aktları və qaydalarında mümkün dəyişikliklərin vacibliyi iştirakçılar tərəfindən qeyd olunub.
Onlayn formatda keçirilən görüşdə iştirak edən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov çıxışında vergi güzəştlərinin vacibliyini qeyd edərək bildirib ki, bu güzəştlər film istehsalı sahəsinə yatırım edən investorlarla yanaşı kinoteatral sahəyə yatırım edən investorlara da ünvanlanmalıdı. Ə. Cabbarov belə güzəştlərin nəticəsi kimi Azərbaycan filmlərinin bilet satışının 300.000-lik həddi keçməsi və tədricən 500.000 bilet satışına çatması hədəf götürülməlidir. Kino yayımçılarına edilən vergi güzəştlərinin məqsədi isə milli filmlərimizin nümayişinin dəstəyi və zalların sayının artması olmalıdır. 120-150 zala çatmaq yaxın hədəflərdən olmalıdır. Görüşdə iştirak edən Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev xarici mütəxəssislərin dəvət edildiyi halda, onlara verilən qonorardan verginin miqdarını müzakirə edərkən, bu verginin artırılmasını təklif etdi. Təklifin məqsədi yerli mütəxəssislərin maraqlarının qorunmasıdır. Müzakirədə fəal iştirak edən Mədəniyyət nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov, film prodüserləri Orxan Mərdan, Cəfər Axundzadə, film yayımçıları Musa Axundov, Zaur Darabzadə vergi güzəştlərinin bu sahəyə investisiyaların artmasına və sektorun inkişafına səbəb olacağını bildiriblər.
Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, Vergi Xidmətinin bu təşəbbüsü təqdirəlayiqdir və kino sahəsi ilə Vergilər Xidmətinin əlaqələri daimi olmalıdır.
aki.az