Leyla Qəmbərlinin “Kukla-kukla oynamaq” sənədli filmi nümayiş olundu

Sentyabrın 2-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor Leyla Qəmbərlinin “Kukla-kukla oynamaq”  sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, “Chai Khana” multimedia platformasının dəstəyi ilə çəkilən film Azərbaycan animasiya sənətinin parlaq nümayəndəsi Elçin Axundova həsr olunub.

Filmin qəhrəmanı 74 yaşlı animasiya rejissoru ekranda özünün gündəlik yaşam tərzindən, yaradıcılıq metodlarından, keçdiyi təhsil və karyera yolundan bəhs edir. O bildirir ki,  həyatında baş verən bütün hadisələrə  yaradıcılıqla yanaşır: “Yaradıcı adam heç vaxt təqaüdə çıxmır. Mənim üçün yaradıcılıq yaşam tərzidir”.

Filmdə həmçinin, qəhrəmanın dostları, ona sifariş verməyə gələn müştəriləri ilə görüş səhnələri yer alır. Nümayişdən sonra qəhrəman Elçin Axundov və müəllif Leyla Qəmbərli film haqda fikirlərini bölüşüblər.

“Sizcə, Elçin Axundova olan məhəbbətiniz rejissor işinizə maneə olubmu? Filmdə Elçin Axundovu ideal bir insan  kimi göstərdiyinizi  düşünmürsünüz ki?” suallarını Leyla Qəmbərli belə cavablandırıb: “Məncə, Elçin müəllim filmdə göründüyü kimidir. Yəni, idealdır. Məncə, Elçin müəllim doğrudan da filmi aparır. Çünki o, kifayət qədər dolğun insandır. Ona görə də onda nə isə bir mənfi axtarıb, çıxarmağa ehtiyac yoxdur”.

Daha əvvəl öz atasından bəhs edən “Qəssabın qızı” filminə rejissorluq etmiş Leyla Qəmbərli bildirib ki, “Kukla-Kukla oynamaq” filminin çəkilişləri 2018-2021-ci illər arasında davam edib.

Tədbirin moderatoru AKİ-nin katibi Əli İsa Cabbarovun “Hazırda dünya sənədli film tendensiyasında ideal, birrəngli filmlər qəbul olunmur. Daha çox mükafat alıb, səs gətirən filmlər hansısa bir konflikti tapmağa, özgə şkafında sklet axtarmağa, necə deyərlər, insanın ürəyində eşələnməyə yönələn filmlərdir. Siz isə sanki bunlardan qaçırsınız”  fikrinə cavab olaraq müəllif deyib ki, o, hələ filmdə özünü tanıma mərhələsindədir: “Məncə, dediyiniz yanaşma ilə-yəni, sevgisiz çəkən rejissorun filmi bir ildən irəli gedə bilməz. Loru dildə desək, mən əlimin altında nə varsa, onu çəkirəm. Məsələn, pandemiya vaxtı evin içində idim. Nə çəkə bilərdim? Atam haqda çəkdim. Çünki əsas odur ki, film çəkmək olsun. Elçin müəllim mənim dostumdur və mən bilirəm ki, o, elə bir dolğun insandır ki, onu çəkməyə və tanıtmağa dəyər. Əlbəttə ki, mənim pulum olsaydı, başqa şeylər də çəkərdim. Amma məncə, insan birinci növbədə öz ətrafındakı balaca dünyasından başlayıb, sonra dünyaya çıxmalıdır. İndi mən gedib, Los-Anjelisdə hansısa qəhrəmandan çəksəm, mən  ona yad olacam. Çünki hələ özümü tanımıram”.

Filmin qəhrəmanı Elçin Axundov bildirib ki, Leyla Qəmbərlinin rejissor kimi ilk addımları kifayət qədər uğurludur: “Məncə, portretlərlə başlamaq çox yaxşıdır. Orta əsrlərin bütün rəssamları portretlərlə başlayıb, sonradan janr əsərlərinə keçirdilər. Məncə, Leyla da portretdən sonra janr əsərlərinə keçəcək və orada da uğurlu olacaq”.

Animasiya rejissorunun söylədiyinə görə, müəllif onunla əvvəldən sadəcə bir şərt kəsib: “Leyla mənə dedi ki, xahiş edirəm, mənə heç bir müdaxilə etməyin. Mən də razılaşdım. Burdakı baxışdan öncə sadəcə bir dəfə filmin qaralama versiyasına baxmışam. Onu deyim ki, kənardan özümə baxanda sadəcə onu hiss etdim ki, ekrandakı adam çox  qocadır.

Qəhrəman onu da vurğulayıb ki, o, yaratdığı işləri yuxuda görür: “Bu günə qədər də bu, belədir. Məsələn, hazırda Şeyx Nizaminin 780 illik yubileyi üçün “Yeddi gözəl” kuklalarını işləyirəm. Mən Bəhram Guru necə işləyəcəyimi yuxuda gördüm. Səhər saat 6-da qalxıb, onu işləməyə başladım. Bütün günü işlədim və nəticə  istədiyim kimi oldu”.

Azərbaycan Kinematoqrafçılar ittifaqının katibi Əli İsa Cabbarov çıxışında bildirib ki, animasiya Azərbaycan kinosunun ögey, kəbindən kənar doğulmuş, nifrət edilən bir övladıdır: “Animasiyaya qarşı həmişə ögey münasibət olub. Bu, nağıllarda gördüyümüz o ögey qıza-Fatiməyə olan münasibətlə eynidir. Məsələn,  Azərbaycanda tammetrajlı bədii film çəkən rejissor 100 metrədə 5 maneəyə rast  gəlirsə, animator 25 maneəyə rast gəlir. Sanki animasiya bir sürgün yeridir. Məncə, Elçin Axundov və dostlarının gördüyü iş adi kino işi görənlərin işinin 5 qatıdır. İstər maliyyə, istərsə də diqqət baxımından. Bu mənada, məncə, Leyla xanım az da olsa, filmdə bu məsələyə toxuna bilib”.

Elçin Axundov isə bildirib ki, məlum ögey münasibətin səbəbi lap əvvələ-Sovet dövrünə gedib çıxır: “Şura vaxtı kimin tanışı var idisə, deyirdilər ki, getsin, animator işləsin. O dövrdə bizim kollektivin 30 faizi qeyri-peşəkarlardan ibarət idi. Amma əlbəttə ki, biz onları öyrədirdik. Biz onlara hətta rəssamlığı da öyrədirdik. Ögey münasibətə gəlincə, təəssüf ki, vəziyyət indi də belədir. Bizim sahəyə həmişə “Böyük film var, bir də balaca bir multfilm var” münasibəti olub. Keçmiş mədəniyyət naziri Əbülfəz Qarayev vəzivəyə gələndə, mən ona bir layihə təqdim etdim. Bildirdim ki, bu layihəyə əsasən, 20 nəfər animator hazırlayacağıq, sonra bu animatorlarla yeni filmlər çəkiləcək. Çəkilən filmlərin büdcəsinə  isə yeni filmlər çəkiləcək və beləcə bu sahə inkişaf edəcək. Eks nazir layihəni çox bəyəndi, amma dedi bu il büdcəmiz yoxdur, gələn ilə qalsın. Təsəvvür edin ki, bu günə qədər də həmin layihə qalır, amma ona büdcə ayrılmır”.

Nümayişdən sonra tədbirin  qeryi-rəsmi hissəsi  davam edib. İştirakçılar müəllifi və filmin qəhrəmanını təbrik ediblər.

İzolda Lalə Ağayeva