Məmmədsəfa Qasımov: Hər an Prezidentimizin, Ali Baş Komandanın əmrinə hazırıq

Son bir ay ərzində Qarabağ uğrunda gedən döyüşlərdə sadəcə bir şüar altında həmrəy olduq- Ali baş komandanın dediyi kimi, “Qarabağ Azərbaycandır!” şüarına sığındıq və bu mübarizə yolunda sadəcə döyüşmədik, artıq torpaqlarımızı düşmən tapdağından azad etməyə başladıq…

30 ildir ki, dövlət səviyyəsindı bu savaşa hazırlaşdıq və bu illər ərzində ordumuzu hərbi cəhətdən daha da gücləndirdik, dünya ölkələri ilə əməkdaşlıqları daha da genişləndirdik, haqq səsimizi onlara çatdırdıq…

Artıq  -QƏLƏBƏ- ruhuna köklənmişik və Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımızın işğaldan tam olaraq azad olunması AN məsələsidir…

Ölkəmizdə hər sahədə hamının Qarabağ ruhuna kökləndiyi bir vaxtda fürsətdən istifadə edib kinematoqrafçılarımızın bu barədə hisslərini-duyğularını bölüşmək istədik.

İlk olaraq Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Məmmədsəfa Qasımovla bağlantı qurduq, onun Qarabağa həsr olunmuş “Dolu” filmində oynadığı komandir obrazından bəhs edərək söhbəti Qarabağa döyüşlərinə qədər aparıb çıxardıq.

Məmmədsəfa müəllim deyir ki, “Dolu” filmi zamanında çəkilmiş və cəmiyyətdə öz işini görmüş filmdir: “Çünki mövzu baxımından filmdə Vətən, Namus, Qeyrət kimi sözlər əsas götürülür ki, bu da torpağı düşmən tapdağında olan tamaşaçının qanını coşdurmaya bilməz. Müharibə mövzisunda olan bir filmdə belə bir ruha köklənmək çox önəmlididr. Artıq yeni dövr başlayıb, artıq 30 illik həsrətə son qoyulub, Vətən uğrunda canlı döyüşlər gedir”.

Hər gün aldığımız sevindirici xəbərlər bizi qələbəyə daha da yaxınlaşdırır, artıq bir gözümüz gülür, ancaq bir gözümüz də ağlayır, çünki biz şəhidlər veririk…

M.Qasımov bildirir ki, müharibə olan yerdə torpaqlarımızın geri qaytarılmasında təbii ki, şəhid də verəcəyik və əlavə edir ki, bu gün Azərbaycanda o ailə yoxdur ki, ondan bir nəfər də olsa hərbidə xidmət etməsin: “Bu bizim ordumuzdur. Biz arxa cəbhədə baş verənləri həyəcanla izləyirik, vətəndaş mövqeyindən çıxış edərək deyirəm ki, hər an Prezidentimizin, Ali Baş Komandanın əmrinə hazırıq”.

Söhbət əsnasında Xalq artisti önəmli bir məqamı da diqqətə çəkərək deyir ki, torpaqlarımızın işğal olunduğu vaxtda vahid ordumuz yox idi, ancaq hazırda elə bir texnikaya malik ordumuz var ki, bu ordu ilə işğalda olan bütün torpaqlarımızı azad edəcəyimizə inanıram.

Qeyd etdiyimiz kimi, bir aydır davam edən döyüşlərdə torpaqlarımızın əsas hissəsini ordumuzun gücü ilə əldə etmişik, qələbəyə çox yaxınıq, Qarabağın cənnət guşəsi olan qədim Şuşaya üç rəngli bayrağımızı asmağımız lap yaxındadır…

Məmmədsəfa Qasımov isə böyük ruh yüksəkliyi ilə deyir ki, qələbənin astanasındayıq: “Görüləsi işlər qarşıdadır. Bu baxımdan Azərbaycan kinematoqrafiyasının üzərinə böyük məsuliyyət düşür. Çünki artıq real qəhrəmanlarımız var və onların hər birinin həyatı ssenaridir”.

GülQAR