“Mən qəhrəman axtarıram” filmi “Humay” mükafatı aldı

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Humay” mükafatına İlkin Yusifin “Mən qəhrəman axtarıram” tammetrajlı sənədli filmini təqdim edib .

Qeyd edək ki, mükafatın münsiflərinə müraciəti AKİ sədri, Xalq artisti Rasim Balayev imzalayıb.

7 oktyabr tarixində keçirilən təntənəli mərasimdə kinorejissor İ.Yusifin “Mən qəhrəman axtarıram” filmi “Humay” milli mükafatına layiq görülüb. .

“Mən qəhrəman axtarıram” filminin çəkilişləri 2019-2022-ci illəri əhatə edir. Filmin yerli premyerası Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Azərbaycan” CinemaPlusda olub.

Yeri gəlmişkən, film uğurlu rejissor işinə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının illik ənənəvi mükafatını da qazanıb.  Bundan başqa, film bu il keçirilən VI DokuBaku Beynəlxalq Sənədli Film Festivalında “No-Main” müsabiqəsində “Ən yaxşı tammetrajlı sənədli film” mükafatına layiq görülüb.

“Mən qəhrəman axtarıram” filmində müəllif kameranın köməyi ilə həmvətənlərinin simasında filminə qəhrəman axtarır və eyni zamanda özünü tapmağa çalışır. Film Azərbaycan sənədli kinosunda az rast gələn “road movie” formatında çəkilib.

aki.az