“Mənim balaca Şahzadəm” animasiya filmi “13th International Children's” Film Festivalında

Azərbaycan Animasiya Filmləri Studiyasının (Azanfilm) 2019-cu ildə istehsal etdiyi “Mənim balaca Şahzadəm” (“My little prince”) qısametrajlı animasiya filmi Banqladeşdə “13th International Children’s” Film Festivalında nümayiş ediləcək.

Mədəniyyət nazirliyinin sifarişi ilə çəkilən “Mənim balaca Şahzadəm” filmində rəssam M.Ələkbərlinin Ekzupirinin “Balaca şahzadə” əsəri haqqında düşüncə və duyğularının, 3d animasiya stili ilə təsviri əlaqələndirilməsi yeni bir stilistika ərsəyə gətirib. M.Ələkbərlinin “Balaca şahzadə” əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilib ki, bu da böyük maraq doğurur.

Filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.

Azərtac-ın məlumatına görə, “13th International Children’s” Film Festivalı yanvarın 24-dən 31-dək keçiriləcək. Festivalın mükafatlandırma mərasimi yanvarın 31-də baş tutacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı