“Mərmər soyuğu” bədii filmi beynəlxalq mükafata layiq görülüb

“Mərmər soyuğu” filmi “PÖFF Tallinn Black Nights” festivalında mükafata layiq görülüb.

Qeyd edək ki, rejissor Asif Rüstəmovun çəkdiyi “Mərmər soyuğu” tammetrajlı bədii filmi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyilə “Azərbaycanfilm” kinostudiyası, İctimai TV, Bakı Media Mərkəzi və “Arizona Films” (Fransa) şirkətlərinin birgə istehsalıdır.

Xalq artisti Qurban İsmayılov filmdəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında mükafatlandırılıb.

Uzun illər həbs həyatını yaşamış atanın evə qayıdışı və ən radikal yollarla oğlunun həyatını yoluna qoymağa çalışması filmin əsas süjet xəttini təşkil edir.

Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, həmçinin kreativ prodüser İradə Bağırzadə, ssenari müəllifləri Asif Rüstəmov və niderlandlı həmkarı Roelof Jan Minneboo, eləcə də quruluşçu rəssam Rafiq Nəsirovdur.

Əsas rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natavan Abbaslı çəkiliblər.

Xatırladaq ki, Qurban İsmaylov rejissor İlqar Nəcəfin “Nar bağı” filmində yaratdığı ata obrazına görə, 13-cü Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı kişi rolu” mükafatına, Belarusun paytaxtı Minskdə keçirilən 24-cü “Listopad” Beynəlxalq Kino festivalının əsas jürinin diplomuna layiq görülüb.

aki.az