Mirbala Səlimli: Belə layihələr ona görə təqdirəlayiqdir ki, hansısa uğurlara çatmaq istəyən insana sürətli və dəqiq elmi biliklər verilir

Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti layihəsi olan “A-dan Z-yə kino istehsalı, intensiv kinorejissorluq kursları” layihəsi öz işini davam etdirir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, Əməkdar incəsənət xadimi, rejissor Mirbala Səlimli layihənin təlimçi müəllimidir.

M.Səlimli layihə haqqında öz fikirlərini bölüşüb.

Rejissor qeyd edib ki, bu tip layihələrin olmasını və ümumilikdə indi və gələcəkdə də təşkil edilməsini alqışlayır: “Belə layihələr ona görə təqdirəlayiqdir ki, qısa müddətdə bu sahədə hansısa müvəffəqiyyətlərə çatmaq istəyən insana sürətli və dəqiq elmi biliklər verilir. Bu da bu formanı zənnimcə daha xeyirli edir. Çünki çox uzun müddət əlavə hansısa dərslərin və predmetlərin öyrədilməsi də tələbənin həm çox vaxtını aparır, həm də ki, ona lazımsız olan əlavə biliklər verərək işini ağırlaşdırır. Amma bu cür təhsil, təbii ki, müraciətçinin bünövrə təhsili olarsa və ya müvəffəqiyyətlə hansısa ali məktəbi bitiribsə və film sahəsində müyyən də olsa biliyi varsa, bundan sonra öz ixtisasını artırmaq və ya öz ixtisasını dəyişmək üçün bu tip təlimlərin çox böyük səmərəsi və əhəmiyyəti var. Qısa müddətdə professional insanlardan seçdikləri sənət üzrə konkret və dəqiq məlumat və o cümlədən dəqiq praktiki dərslər almaq daha uğurludur, nəinki uzunmüddət gələcəkdə lazım olmayacaq dərsləri də öyrənmək və onların içində itib-batmaq”.

M.Səlimli 10 gün ərzində kinofilmin yaranması, istehsalat sxemi bütünlüklə müdavimlərə təqdim etməsilə bağlı bildirib ki, müraciətçilər hamısı kinorejissor olmaq iddiasındadırlar və ona görə də rejissorluq sənətinin necə yaranması haqqında onların hər birinin məlumatı olmalıdır: “Çünki bir sənətin necə yarandığını bilmirsənsə, sən onun nəyə görə yarandığı və  bu gün onun hansı mahiyyətdə olduğunu, hansı keyfiyyətlərdan ibarət olduğunu bilə bilməzsən. Mənim aləmimdə rejissorluq sənətinə baxışlar cürbəcürdür. Əksəriyyət olaraq bu sənəti tanımırlar. Bəli, adını eşidiblər, kimsə bu adı üzərinə götürür. Amma əslində bu sənətin məhz nədən ibarət olduğunu bilmirlər. Ona görə də hər film çəkən özünü rejissor adlandırır. Sonra ideya, onun yaranması mövzularına toxunduq”.

Dərs ərzində Pikasso üsulundan istifadə edildiyini, 5-6 dəqiqə ərzində ideya düşünüb tapmaq və onu sonrakı mərhələlərdə inkişaf elətdirməyi qeyd edən rejissor əlavə edir ki, bizdə bu üsul uğurla baş tutdu və bizim artıq gələcəkdə bu üsuldan istifadə etməklə qısametraj film üçün ssenarilərimiz olacaq: “Təbii ki, ideya, mövzu kimi predmetlərin öyrənilməsi çox vacib idi və biz bunun üzərində dayandıq. Bundan əlavə, qəhrəman, əsas personaj, onu yaradan səbəblər, qəhrəman kimdir və ümumiyyətlə insan bir proyekt kimi, rejissor seçimi, rejissorun əsəri və ya ssenarini necə seçməsi, burada hansı mərhələlər lazımlılığı, seçimin nəzərə alınmalı 4 prinsipi, bundan əlavə tritment, sinopsis və ümumilikdə ssenari yazılarkən aktiv feillərdən istifadə olunması, hadisənin anatomiyası, rejissorun hadisəni qurması, katarsis anlayışı kimi mövzular tədris edildi. Nəzərə alsaq ki, rejissor hadisəni qurur və hadisəni çəkir, demək o hadisənin anatomiyasını bilməlidir. Çox vaxt bir-biri ilə səhv salınan fabula və sujet, fabulanın yaranması və sujetin qurulması, dialoqda mətn, mətnaltı və mətnüstü mənalar, o cümlədən qısametrajlı filmlərin xarakterik xüsusiyyətləri, paramentrləri bizim toxunduğumuz mövzulardan oldu. Bilirik ki, qısametraj dəqiqənin azlığına görə qısametraj adlandırılmır. O özünəxas keyfiyyətlərinə görə qısametraj film hesab edilir. Bütün bu tədris prosesində o cümlədən praktiki işlərlə də məşğul olduq. Tritmentlər hazırladıq ki, gələcəkdə ssenarilər yazaq”.

Bir pedaqoq kimi iştirakçılarla bağlı düşüncələrinə gəlincə, rejissor qeyd edib ki, seçilən iştirakçılardan çox razı qalıb: “Ona görə razı qaldım ki, onların hər biri özlərini məhz bu işlə maraqlanan bir insan kimi göstərdilər və hiss olundu ki, onlar bura təsadüfən düşməyiblər. Düzdür, bacarıq səviyyələri müxtəlif olsa da, nəzərə alsaq ki, bu da çox təbii bir haldır, amma çalışqanlığı və öyrənmək və gələcəkdə bu sənətə daha çox yiyələnmək həvəsi çox xoşuma gəldi. Biz həm də bu prosesdə bütün kino yaradıcılığına rejissor gözündən yanaşırdıq. Yəni ki, nə prodüser, nə  operator, nə də rəssam- xeyr. Bizim yönümüz məhz kinorejissorun bu prosesdə yeri haqqında idi və biz gələcəyin rejissorları ilə məhz rejissorun yerini müəyyənləşdirirdik. Çalışırdım ki, bu barədə müdavimlərə dəqiq məlumat verim. Qarşılığında da onlar böyük həvəslə çalışırdılar ki, deyilən bütün məlumatları öyrənsinlər. Gələcək 10 günlüklərdə daha ciddi, daha çətin mövzular üzərində komanda olaraq məşğul olacağıq”.

aki.az