“Mozalan” kinojurnalının yaranma tarixinə qısa baxış

“Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılan “Mozalan” satirik kinojurnalı təsis edildiyi tarix 1971-ci ilə təsadüf edir. Sovetlər Dönəminin qaynar bir zamanında istənilən sahədə olan problemli məqamları qabartmaq heç də asan məsələ deyildi. Bu baxımdan da kinojurnalı yaratmaqda əsas məqsədi ölkədə mövcud olan problemli məqamları satira dili ilə xalqa çatdırmaqdan ibarət idi. Yəni, sənədli süjetlərdə müxtəlif istehsalat obyektlərindəki əyri-əskikləri lentə alaraq xalqı xəbərdar etmək mozalançıların əsas iş üsullarından idi.

Yeri gəlmişkən, “Mozalan”ın ilk filmi “Hörmətli alim yoldaşlar” adlı qısametrajlı bədii süjet olub. Və maraqlı məqamlardan biri də odur ki, ilk süjetdə məruzəçi “Mozalan” sözünün yumorustik mənalarını izah etməklə sanki kinojurnalı açır və hansı mövqe tutacağını mesaj olaraq izah edir. İlk süjetdən indiyə qədər kinojurnalda 180-dən çox nömrə istehsal olunub, hər nömrədə 3-4 süjet var. Bunlar bədii, sənədli və hətta cizgi süjetləridir.

HEYDƏR ƏLİYEV “MOZALAN” JURNALININ ƏSAS TƏŞƏBBÜSKARI OLUB

1969-cu il…

Dünya şöhrətli siyasi lider Heydər Əliyevin hakimiyyətə gəlişi ölkə üçün bir dirçəliş dövrü hesab olunub. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan həmin illərdən ölkə olaraq öz sözünü deməyə başlayıb. Bu baxımdan “Mozalan” satirik kinojurnalının təsis edilməsi və lentə alınan hər nömrədə dövrün çatışmazlıqlarını tənqid etmək cəsarətli addım olduğu qədər də, kinojurnalın çıxmağının da əsas təşəbbüskarı Heydər Əliyev olub. Bir araya gələn yaradıcı ordunun gecə-gündüz çəkilişlərə qatılması nəticəsində getdikcə süjetlər daha da genişlənib ki, bu da maddi baxımdan olduğu kimi, həm də ittifaq miqyasında yaradıcı heyətə böyük uğur qazandırıb. Ulu öndər yeni formalaşan yaradıcı heyətin işini diqqətdə saxlamış və öz çıxışlarında onların işini tərif edib ki, bu da yaradıcı heyət üçün böyük göstərici rolunu oynayıb. Kinojurnalın baş redaktoru Eyvaz Borçalı müsahibələrindən birində deyib: “Həyatda gördüklərimi, müşahidə etdiklərimi, vacib məsələləri seçib müzakirəyə çıxarırdıq. Əsas məqsədimiz o idi ki, problemin kökünə toxunaq. Tez-tez Moskvaya təcrübə kurslarına gedirdik. Rusiyanın bəzi məşhur satirik aparıcılarını bir vaxtlar “Mozalan”a mən cəlb etmişəm. Bəzi süjetlərin mövzularından razı qalmırdılar. Amma birinci şəxs – Heydər Əliyev “Mozalan”ı həmişə müdafiə edib. MDB ölkələri içərisində satirik tele-jurnalı ilk dəfə Azərbaycanda nəşr olunub. Bu da Heydər Əliyevin təklifilə olub. O, hakimiyyətə yeni gəlmişdi və Azərbaycanı tamam yeni bir istiqamətə yönəltdi. Hesab edirəm ki, o çox düzgün mövqe tutmuşdu. Kəm-kəsirləri, nöqsanları üzə çıxarıb ifşa etmək üçün belə bir tele-jurnalın nəşrinə göstəriş verdi. “Molla Nəsrəddin”i, Sabiri oxuyursan, elə bil bu günün mövzularından yazıblar. Biz də elə “Molla Nəsrəddin”dən, Sabirdən ilhamlanaraq “Mozalan”ın mövzularını işləmişik”.

KİNOJURNALIN YARADICI HEYƏTİ

“Mozalan”satirik kinojurnalının ilk yaradıcı heyətinə Arif Babayev, İsi Məlikzadə, Seyfulla Bədəlov, Rasim Ocaqov, Rafiq Tağızadə və b. daxil idilər. Kinojurnalın ilk nömrəsində üc sujet olub.

Qeyd etdiyimiz kimi, “Hörmətli alim yoldaşlar” sujetində yeni yaranan “Mozalan” satirik kinojurnalının mənşəyi və məramı bəyan olunurdu. “Yüz vəd bir  borcu ödəməz” adlı 2-ci sujetdə isə Salyan rayon Nəvahi kəndinin məktəb binasındakı tikinti işlərinin ləngiməsindən danışılırdı. 3-cü süjetdə – “Çay daşının göz yaşı”nda isə yeni tikintilər zamanı şəhərimizin qədim memarlıq və incəsənət abidələrinin ümumi ansamblının  nəzərə  alınmaması tənqid olunub.

Eyvaz Borçalı jurnala baş redaktor (1971-1984) təyin edildikdən sonra işin ümumi gedişatında böyük dəyışikliklər edilib. Belə ki, Oqtay Mirqasımov sonra isə Ziyafət Abbasov bədii rəhbər kimi, Mirzə İbrahimov, Abbas Abdulla, Fərman Kərimli, Anar, Vaqif Mustafayev, Ceyhun Mirzəyev isə müəlliflər kimi  işə cəlb olunurlar. “Mozalan”a şöhrət gətirən sujetlərdə nəhəng aktyorların – İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Səməndər Rzayev, Hacıməmməd Qafqazlınin iştirakı idi, eyni zamanda Anar, Elçin, Məmməd Araz, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Fikrət Qoca – böyük bir ordu kinojurnal üçün cəlb olunub. Bir sözlə, Azərbaycanın ən böyük satirik jurnalında böyük bir yaradıcı ordu yaranır. Bununla “Mozalan”ın ildə 4 nömrəsi hazırlanmağa başlayır.

Ümumiyyətlə Eyvaz Borçalının redaktorluğu dövründə jurnal bir yaradıcı idarə, labaratoriya rolunu oynayıb. Belə ki, burda yeni jurnalist, operator, montajçı yetişib, kadr hazırlığı olub. Hətta qaynar iş prosesində yaradıcı heyət “Mozalan”ı “Molla Nəsrəddin”in ekran variantı səviyyəsinə qaldırmağa çalışıblar.

TƏNQİD HƏDƏFİ VƏ YA NÖQSANLARA QARŞI MÜBARİZƏ

 “Mozalan” az müddət içində çox söz deyir və bununla da mövzu seçimi baxımından xalq arasında sevilməyə başlayılr. Təsəvvür edin ki, tənqid hədəfi olaraq göstərilən idarə və təşkilatlar jurnalın tənqidi çıxışlarını öz  iclaslarında  müzakirə  edir, əməli tədbirlər görürdülər. Deməli nöqsan tənqid olunurdu ki, nəticədə də tənqiddən nəticə çıxarılaraq mövcud nöqsanların aradan qaldırılması üçün səy göstərilirdi.

1974-cü il…Kinojurnal “Dəyirman bildiyini eləyir” və “Keyfiyyət nişanı” sənədli sujetləriniu hazırlayır. Süjetdə  Bakı ət kombinatının və Bakı Karamel fabrikinin məhsulları kəskin təndid olunurdu. Məhz bu süjetlərdən sonra Karamel fabrikinin üç növ məhsulu keyfiyyət nişanından məhrum edilir.

1978-ci il…Kinojurnalın tənqidi çıxışından sonra Qobustanda daş karxanası bağlanır. Elə həmin il çəkilən daha bir tənqidi sujet isə Bakı Şəhər İcraiyyə Komitəsinin sifarişi əsasında 7 il əvvəl tikilməyə başlayan doqquzmərtəbəli binanın  hələ də yarımçıq qalması və artıq zibilxanaya dönməsi haqqında olur. “Medalın o biri üzü”, “Şişirdilmiş beşlər” adlı kəskin sənədli sujetlərdə ümumtəhsil məktəbləri məzunlarının attestat qiymətlərinin şişirdilməsindən, layiq olmayanlara qızıl medal verilməsindən bəhs edilirdi.

Jurnalın 50-ci nömrəsində “Düzələr”, “İpək də parçadır” və “Mozalan”ın qonağı” adlı üç sujet çəkilir. Sonuncu sujetdə bəzi idarələrdə kadrların düzgün yerləşdirilməməsi tənqid edilir. Nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi jurnalın işini yüksək qiymətləndirir.

1979-cu il…“Mozalan” satirik kinojurnalınin redaksiyası C.Cabbarlı adına “Azərbaycanfilm kinostudiyasının tərkibindən ayrılıb, Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsinin orqanına – “Mozalan” respublika satirik kinojurnalının təsərrüfat hesablı müstəqil baş redaksiyasına çevrilməsi qərara alınır. Respublika Teleradio Verilişləri Komitəsinə təklif edilir ki, “Mozalan” televiziya ilə müntəzəm olaraq göstərilsin. Eyni zamanda respublika qəzetlərinin redaksiyalarına tapşırılır ki, vaxtaşırı jurnalın aktual məsələlərə dair ayrı-ayrı sujetlərinin və tematik çıxışlarının xülasəsini dərc etsinlər.

1981-ci il…Görülən işlər, alınan qərarlar, tənqid hədəflərinin qorxusu sayəsində aradan qaldırılan nöqsanlar və s. hamısı diqqətə alınır. Məhz həmin ildə  “Mozalan” satirik  kinojurnalı zəhmətkeşlərin kommunist tərbiyəsi sahəsində səmərəli işinə və birinci nömrəsinin ekrana buraxılmasınin 10-cu ildönümü ilə əlaqədar Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin  Fəxri  Fərmanı ilə təltif edilir.

 MAARİFLƏNDİRİCİ XARAKTERLİ İBRƏTAMİZ ÇIXIŞLAR…

 “Mozalan”ın xalq tərəfindən sevilməsinin əsas səbəblərindən biri də yəqin ki, maarıfləndirici və ibrətamiz xarakter daşıması idi. Kinojurnalın 96-cı sayı sərxoşluq və tufeyliliyin insanı cinayətkarlıq girdabına sürükləməsinə həsr olunur. “Cinayətin astanası”,  “Cazibə qüvvəsi” adlı sənədli süjetlər içki və siqaret düşkününün acınacaqlı aqibətindən bəhs edir. “Nəvəmin nəvəsinin nəvəsi”  bədii sujeti isə gənc nəsil üçün ibrət dərsi idi.

1985-ci il…Bədii sujetlərdən ibarət bir hissəli satirik komediya” ilə “Mozalan”ın 100-cü nömrəsi ekranlara çıxır.

Bu da o deməkdir ki, “Mozalan” cəmiyyətimizdə tüfeyliliyə şərait yaradanları, əxlaq prinsiplərini pozanları tənqid atəşinə tutmağa davam edirdi.

Ölkədəki məlum hadisələr zamanı hər sahədə olan durğunluq “Mozalan”a da öz təsirini göstərsə də bu müvəqqəti xarakter daşıyıb.

Eyvaz Borçalıdan sonra jurnala rəhbərlik edən Ziyafət Abbasovun redaktorluğu dövründə 34 bədii və sənədli süjet çəkilib.

2000-2010-cu illərdə jurnalı yenidən canlandırmaq cəhdləri onunla nəticələnir ki, 2007-ci ildə Orxan Fikrətoğlunun redaktorluğu ilə “Mozalan” uzun fasilədən sonra bir nömrə ilə yenidən ekranlarda görünür. Nömrədə 3 sujet var idi -“Məna” və “Vətənpərvər” adlı  iki qısametrajlı bədii sujetlər. Üçüncü sujet isə “Əjdaha” cizgi filmi idi. Eyni zamanda jurnalın televiziya versiyası hazırlanır və bugünə qədər çəkilən bütün nömrələr bura daxil edilir.

2011-ci ildə “Azərbaycanfilm” kinostudiyasına direktor təyinatı alan Müşfiq Hətəmov eyni zamanda “Mozalan” studiyasına da rəhbərlik edib. Qısa müddətdə “Mozalan” studiyasında bir sıra islahatlar aparılıb, iki yeni film çəkilib, bu sahədə maddi-texniki baza gücləndirilib.

2015-ci ildə Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Əlisəttar Quliyev studiyaya yeni rəhbər təyin edilib. Həmin ildə 2 nömrə çəkilib, hər nömrədə üç süjet. 2016-cı ildə isə 3 nömrə, yəni, 9 süjet ərsəyə gətirilib. 2019-cu ildə Əlisəttar Quliyevin quruluşunda etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunan “Əlvida, Şmidt” tammetrajlı tragikomediya janrında film çəkilib.

Artıq “Mozalan”ın yaranmasından 50 ilə yaxın vaxt keçir. Hazırda cəmiyyətimizin tənqidi fikrə daha böyük ehtiyacı var. Ancaq tənqid üçün yumoristik yaradıcılıq, daha böyük ustalıq, sənətkarlıq, bir sözlə, illər öncə böyük ruhla çalışan bir komandanın gücü tələb olunur…

Azərbaycan Kinematoqrafçılar İttifaqı