Nəcəf Nəcəfovun xatirəsinə həsr olunmuş film təhvil verilib

16 dekabr Kino Evində Nəcəf Nəcəfovun xatirə gecəsi keçiriləcək. Tədbirdə  görkəmli jurnalistin dostlarının xatirəsi dinləniləcək.

Müasir Azərbaycan mətbuatının banilərindən biri olan, ictimai-siyasi xadim Nəcəf Nəcəfova həsr olunmuş “Vətəndaş Nəcəfov” filmi “Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən istehsal edilib.

Sənədli filmdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası, eyni zamanda demokratik bir dövlətin yaradılması uğrunda fəal mübarizə aparan Nəcəf Nəcəfovun yaxın dostları və həyat yoldaşı mərhumu xatirələrlə yad edir, eyni zamanda onun jurnalistika və siyasətdəki fəaliyyətindən bəhs edirlər.

Yeri gəlmişkən, “Vətəndaş Nəcəfov” filminin yaranmasında əsas məqsəd Nəcəf Nəcəfovun həyatı, fəaliyyəti vasitəsilə onun prinsipial və vətənpərvər xarakterli şəxsiyyətini geniş formada tamaşaçıların nəzərinə çatdırmaqdan ibarətdir.

Filmin ssenari müəllifi və rejissoru Turan Yaqublu, operatoru Rafiq Əliyev, montaj Davud Mikayılov, bədii rəhbər Tahir Tahiroviç, prodüser İqbal Məmmədəliyevdir.

Xatirə gecəsi 16 dekabr, saat 18.00-da Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində keçiriləcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqı