Nadejda İsmayılova: ``Nikbin tonda kədərli xatirələr``

Bu gün kinooperator və fotoqraf-rəssam Fikrət Əsgərovun doğum günüdür. Yaşasaydı, 80 illik yubiley yaşına qədəm qoyardı. Təəssüf ki, mayın 9-u 1943-cü ildə Gəncə şəhərində dünyaya gələn gələcək kino xadimi 2013-cü il mayın 31-də dünyasını dəyişib. Fikrət Əsgərovun C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının çəkiliş meydançalarındakı fəaliyyəti 1959-cu ildən başlayıb.1972-ci ildə o, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini (B.Volçekin emalatxanası) bitirib.

“Ailə”, “Bizi bağışlayın”, “Qayınana”, “Etimad telefonu”, “Günlərin bir günü”, “Kişi sözü”, “Yapon və yaponiyalı”, “Yük” və s. ekran əsərlərinin quruluşçu operatoru və quruşçu rəssamı olub.

Aki.az tanınmış kino və televiziya xadimi Nadejda İsmayılovanın həmkarı və sənət dostu haqqındakı maraqlı fakt və təəssüratlarla zəngin xatirəsini təqdim edir.

“Mənim kino fəaliyyətim həyatımın böyük bir epizodudur – burada çoxlu dostlar və məsləkdaşlar var. Onlardan biri tanınmış azərbaycanlı operator Fikrət Əsgərovdur. Biz onunla 1964-cü ildə tanış olmuşduq. Mən Katexdə ekspedisiyada olan Rasim İsmayılovun yanına getmişdim. “Bu Fikrət Əsgərovdur – mənim assistentim və əsas köməkçimdir ; sözü göydə tutur, bütün işləri çatdırır, heç kimdən geri qalmır. Ən əsası isə o, yaxşı insandır” deyə, Rasim onu mənə təqdim etmişdi. Mən isə demişdim: “Bu cür təbəssümü olan insan pis adam ola bilməz”. Katexdə Rasim “Kimi daha çox sevirik” kinoalmanaxının üç novellasından biri olan “Dağ meşəsindən keçərkən” filmini çəkirdi. Qəhrəmanlar gənc geoloqlardır. Və rejissor Zeynəb Kazımova, “azərbaycanlı Anyes Varda” filminin ərsəyə gəlməsində bütün işləri debütantlara həvalə etmişdi. “ÜDKİ”ni bitirəndən sonra Rasimin ilk operator işi idi. Elxan Qasımovun, Tamilla Qafarovanın, Hamlet Qurbanovun ilk aktyorluq təcrübələri idi. Bir sözlə, bütün heyət gənclərdən ibarət idi: aktyorlar, inzibatçılar, assistentlər və s.
Rasim İsmayılovun gündəliyindən: “Kadrarxası məkanın ab-havası komandanın işində çox vacib mərhələdir. Ələlxüsus, əgər çəkilişlər ekspedisiyada aparılırsa. Burada özünəməxsus bir dünya yaranır. İnsanlar birlikdə yaşayır və işləyirlər. Ünsiyyət ekranın arxasında baş verir, nəticəsi isə ekranda üzə çıxır. Ekran hər şeyi faş edir və sənin kim olduğunu, yaşam xüsusiyyətlərini, şəxsiyyətinin, fəaliyyətinin mahiyyətini göstərir. Katexdə bizim kinoqrup bir ailə kimi yaşayırdı. Müxtəlif evlərdə gecələyirdik, lakin səhər və günorta yeməyinə bir masa arxasında toplaşırdıq – rejissor, operator, sürücü, fəhlələr, assistentlər, işıqçılar. Səhər yeməyindən sonra məxsusi sifarişlə üzərinə DMK (“Dağ meşəsindən keçərkən”) abreviaturası yazılmış papaqlarımızı başımıza qoyub dağlara, Katexdən altı kilometr aralıda yerləşən çəkiliş meydançasına yollanırdıq. Bura Katex çayından yüksəklikdə yerləşən axar-baxarlı, gül-çiçək ətirli düzənlik idi. Hava çəkiliş üçün çox uyğun idi və biz əla çalışırdıq. Mən sanki, peşəmə qərq olmuşdum. Çəkilişlər başdan-ayağa eksperimentlər şəraitində keçirdi: uçan arabacıqlardan edilən çəkilişlər, kran və transformatorun köməyilə reallaşdırılan mürəkkəb mizan-səhnələr, tüstü, filtrlər, makroçəkilişlər və s. Günəşdə tor. Yarpaqlarda şeh damlası. Çiçəkdən-çiçəyə qonan arılar. Ayını nişan almış ovçunun gözlərindən tüfəngin lüləsinədək olan hərəkət xətti və s. Bütün bunları təkbaşına, yaxşı köməkçilərin olmadan həyata keçirmək çətindir. Fikrət Əsgərov əvəzolunmaz və qorxmaz köməkçi idi”.

“Bir dəfə güclü yağış yağdı və hər dəfə o biri sahilə keçib getdiyimiz çay o dərəcədə aşıb-daşdı ki, biz nəinki çəkiliş meydançasından, hətta bütün aləmdən ayrı düşdük. Biz Fikrətlə çayı üzüb keçmək istədik. Və yaxşı ki, bu cəhdimiz alınmadı… Tam bir həftə boyunca biz özümüzün, dost-tanışlarımızın başına gələn məzəli əhvalatları danışaraq bir-birimizi şənləndirdik. Yay gecələrinin təbəssüm dolu hekayətləri. Münasibətlərimizdəki təmas nöqtələri çoxalmağa başladı, ünsiyyətimiz daha da səmimi oldu. Və çəkiliş meydançasına nəhayət gəlib çatanda artıq həmfikir idik”.
Mən o ekspedisiyanı yaxşı xatırlayıram, onlarla birlikdə bir ayı keçirdim, selbasmanı da həmçinin. Bu çox xoşbəxt, romantik dövr idi. Fikrəti də yaxşı xatırlayıram. Bütün bu dövr ərzində onu nə iləsə, kiminləsə möhkəm maraqlandığını, kiməsə kömək etdiyini, kimisə əvəz etdiyini gördüm… Başa düşmək olmurdu ki, o, nə zaman istirahət edir. Onunçün vacib olmayan bir şey mövcud deyildi. Öhdəsinə götürdüyü hər bir işə ürəyini verirdi. Və bunu ehtirasla, coşqu ilə edirdi. O, ünsiyyətcil, xeyirxah insan idi, hamını bir-birilə dostlaşdırmağa çalışırdı.

Rasim xatırlayırdı ki, aktyorlardan başqa bizim filmdə dördayaqlılar da çəkilirdilər. Moskva sirkindən Daşa və Maşa adlı iki ayı gətirmişdilər. Gözəl yay səhərlərinin birində Fikrətin ayılardan birinə “Maşacan, gözəlim mənim” dediyini eşitdim. Ya Maşanın xasiyyəti çox ciddi idi, ya da hədələndiyini zənn edib – Fikrətə elə bir sillə çəkdi ki, gözlərimizin qarşısında onun üzündə ayının caynaqlarının törətdiyi dörd qanlı şırımın əmələ gəldiyini gördük. Hər şey yoluna düşəndən sonra Fika ilə zarafat edirdik ki, bundan sonra yad qadınları öpməyə can atmazsan daha. Məhz bu hadisədən sonra hamı ehtiyatla davranmağa başladı. Epizodların birində ayı ağacın başına çıxmalı idi. Biz boş tacda kamera üçün meydança tikdik və “təxliyə” ehtimalı ilə təhlükəsizlik ipi də bağladıq. Ayını ağaca dırmaşmağa sövq etməkdən ötrü təlimçi bütün gövdə boyu pomidor düzmüşdü. Sonuncu pomidoru yeyib qurtaranda birdən Maşanın gözü kameraya sataşdı və o cəld hərəkətlərlə bizə tərəf gəlməyə başladı. Bunu görən kimi Fika ilə mən kanatla üzüaşağı götürüldük”.

İş elə gətirdi ki, Fikrət Əsgərovla bizim yollarımız daha iki dəfə kəsişdi. Biz eyni vaxtda “ÜDKİ”-də təhsil alırdıq – o operatorluq, mən ssenarist-kinoşünas fakültəsində. Daha sonra “Azərbaycanfilm”də əmək fəaliyyətimizi davam etdirdik. Mən ssenari kollegiyasının üzvü kimi onun quruluşçu operator olaraq çəkdiyi filmləri nəzərdən keçirirdim. “Qayınana”, “Bizi bağışlayın”, “Günlərin bir günü” – püxtələşmiş sənətkarın gözəl işləri. Lakin… Deyirlər, istedadlı insan hər bir işdə istedadlıdır, amma öz həyatını düzənə salmağı bacarmamaqda Fikrətə çatan olmazdı. Səhər idmanından sonra qəhvə, ya da çay, sonra institut, məşğələlər. İstirahət – onluq deyildi. Fikrətin xeyirxah və qayğıkeş insan kimi qazandığı ad ondan irəlidə addımlayırdı. Moskvada da, Bakıda da o həmişə kiməsə kömək edirdi, kimisə harasa işə düzəldirdi, həkimə aparırdı, aeroportlarda qarşılayırdı, xilas edirdi, sonuncu pulunu verirdi… Onu aldadırdılar, kələk gəlirdilər, bəzən hətta çox yaramazcasına. O məyus olurdu, inciyirdi, küsürdü, hirsini püskürə də bilərdi, amma sonra soyuyub bağışlayırdı həmin adamları…və növbəti dəfə yenə etibar edirdi. Yorulmaz xilasedici!

“O poçta daxil olub bir qədər tərəddüddən sonra teleqram yolladı. Teleqramda ikicə söz var idi: “Bizi bağışlayın”. Yuri Bondarevin ən təsirli hekayələrindən biri belə tamamlanır. Bu hekayə əsasında 1979-cu ildə “Azərbaycanfilm”də çəkilmiş eyniadlı filmin quruluşçu operatoru məhz Fikrət Əsgərov idi. Mən də həmin sözləri söyləmək istəyirəm: “Bağışla bizi, Fikrət, bağışla ki, səni qorumadıq, çox ehtiyac duyduğun köməyi vaxtında etmədik”. O dünyasını erkən dəyişdi. Və cəmi-cümlətanı səkkiz film çəkdi. Səkkiz gözəl film. Lakin belə güclü istedad, bu cür yaxşı təhsil, bu miqyasda xarizma sahibi üçün bu çox azdır.

Bu mətni qələmə almazdan əvvəl arxiv materiallarını vərəqlədim. Köhnə fotolar məni hər dəfə qüssələndirir. Katex fotolarının tarixi isə artıq 60 ildir. Bu fotolardakı insanların bir qismi artıq həyatda deyil. Lakin onlar bu həyatda var olublar, mənim dostlarım, həmkarlarım. Onlar xəyallar qururdular, sevirdilər, mübarizə aparırdılar. Və nə yaxşı ki, Fikrət Əsgərov da nə vaxtsa var olub. Onun Azərbaycan kinosunda, həyatımızda varolması qalıcı təəssüratdır. Təmiz, işıqlı rənglərlə çəkilmiş mükəmməl bir eskiz kimi”.

Tərcümə etdi: Samirə Behbudqızı