“Narimanfilm”in onlayn kinoteatrı yeni platformada fəaliyyətə başlayıb

“Narimanfilm” kinostudiyasının onlayn kinoteatrı yenilənmiş platformada fəaliyyət göstərməyə başlayıb. Kinostudiyanın xaricdə yaşayan soydaşlarımız üçün xüsusi olaraq hazırladığı https://azcinemaonline.com/ internet kinoteatrının yenilənmiş platforması vasitəsilə dünya ölkələrinin Azərbaycanı daha yaxından tanımalarına imkan yaradacaq. Belə ki, ölkəmizin kino tarixi boyu yaradılmış müxtəlif bədii, sənədli və animasiya filmlərinin izlənməsi sayt istifadəçilərinə bir növ ölkəmizə  açılan pəncərə olacaq.

Azərtac-ın məlumatına görə, bu platformanın yaradılmasında əsas məqsəd xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək və mədəniyyət, kino sahəsində baş verən yeniliklərlə tanış etməkdən ibarətdir. Bundan başqa, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında irəliləməsini təmin etmək də nəzərdə tutulub.

Qeyd edək ki, gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı yaratmaq və kinematoqrafçılarımızla digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulması üçün şəraitin yaradılmasına da şərait yaradılacaq.

Azərbaycan filmləri ilə yanaşı, eyni zamanda ölkəmizdə xarici kinematoqrafçılar tərəfindən çəkilən filmlərlə tanış olmaq, kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq da mümkün olacaq.

aki.az