Nazim Rza İsrafiloğlu: Çəkdiyim filmlər onillər boyu saxtalaşdırılmış tariximizin gerçək üzünü ortaya qoyur

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, görkəmli rejissor Nazim Rza İsrafiloğlunun yubiley yaşında onunla bərabər keçdiyi sənət yoluna səyahət etmək fikrinə düşürük. Əslində əsas məqsədimiz rejissorun 80 yaşında portret obrazını yaradaraq oxucularımıza təqdim etməkdir.

– Belə bir deyim var ki, əgər rejissor bir çox sahələrə dərindən bələd olarsa o zaman çəkiliş meydançasında hər hansı bir çətinliklərlə qarşılaşmaz. Sizin geniş məlumatlı olmanız göstərir ki, ilk sənətə gəlişiniz sanki hazırlıqlı olub, necə deyərlər, mənəvi dəstəyiniz güclü olub?

– Sənətə gəlməyimdə, ilk növbədə, anama minnətdaram. İxtisasca həkim olan anam teatrın, musiqinin, incəsənətin, ədəbiyyatın vurğunu idi. Və bu vurğunluq, bu sevgi ona atasından keçib. Babam Mirzə Məhəmməd Axundzadə məşhur mollanəsrəddinçilərdən olub. Şerləri, felyetonlarıyla “Molla Nəsrəddin” jurnalında fəaliyyət göstərib. Cəmi qırx səkkiz il ömür sürməsinə baxmayaraq dəyərli işlər görüb. Yeri gəlmişkən, Azərbaycanda teatrşünaslıqla bağlı yazılan ilk kitabın – “Teatro nədir?” kitabının müəllifidir. “Şeyx Nizami” adlı əsəri isə nizamişünaslıqla bağlı ilk əsər kimi qəbul edilir. Anam mənə babamdan çox danışardı. O zaman repressiyaya uğramış Azərbaycan ziyalıları – Mikayıl Müşfiq, Hüseyn Cavid, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb və başqaları haqqında mən ilk məlumatı məhz, anamdan almışam. Müharibənin yenicə qurtardığı ağır illər – 1946-47-ci illərdə, neft lampasının işığında saatlarla anamın o böyük şəxsiyyətlər haqqında söhbətlərinə qulaq asardım. Bu dəyərli söhbətlər məndə ədəbiyyata, teatra, incəsənətə böyük maraq yaradırdı. Bakıda fəaliyyət göstərən bütün teatrların səhnəsində oynanılan əsərlərin ilk tamaşasında anam olurdu və hər tamaşadan öz fikri, öz rəyi ilə qayıdardı. Bütün bunlar məni öz sehrli dünyasına çəkirdi. Mən özüm də teatr tamaşalarına gedirdim, müharibədən sonra Azərbaycan Dövlət Dram Teatrında çalışan sənətkarların hamısını – Adil İsgəndərovu, Mərziyyə Davudovanı, Mirzəağa Əliyevi, Ələsgər Ələkbərovu, Barat Şəkinskayanı, Leyla Bədirbəylini və b. şəxsən tanıyırdım.1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirdim. Televiziyada bir neçə il işlədikdən sonra başa düşdüm ki, nəzəri biliyimi artırmağa ehtiyac var. Məhz bu məqsədlə 1966-cı ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinomatoqrafiya İnstitutunun televiziya rejissorluğu fakültəsinin qiyabi şöbəsinə daxil oldum. Bu İnstitut indi Sankt-Peterburq İncəsənət Akademiyası adlanır. Qeyd edim ki, bu institut Avropada incəsənət sahəsində güclü tədris ocağı kimi məşhurdur. Bilirsinizmi, bir müəllimimiz vardı, deyərdi ki, “biz burda rejissorluq öyrətmirik. O, Allah vergisidir. Biz, sadəcə olaraq, sənətə yiyələnməyin yollarını, sirlərini öyrədirik. Çalışın, kinonu öyrənin, kino əsərlərinə baxln. Və orada görəcəksiniz ki, hansı yol düzdür, hansı yolsa düz deyil”. Onun dediyində böyük həqiqət vardı. Bir sənət müəllimi kimi, mənə ilk təkanı verən isə Adil İsgəndərov olub.Teatrda onun tamaşalarında iştirak etmişəm.

– Yazıçı kitablarına, bəstəkar yazdığı musiqilərə, rəssam çəkdiyi rəsm əsərlərinə övladı kimi baxır. Belə çıxır ki, film də rejissorun övladıdır?

– İrili-xırdalı 70-ə yaxın film çəkmişəm və onların hər birini böyük sevgiylə lentə almışam. Əlbəttə ki, bu filmlərin hər biri mənim övladımdır, hətta elə filmlərim var ki, onlar ömrümün müəyyən bir mərhələsini təşkil edir. Həmin filmlərdən “Odlu məmləkət” filmini ilk olaraq yada salmaq istərdim. Çünki neft mövzusu məni çoxdan maraqlandırırdı. Axtarışlar apardım, xarici mətbuatı izlədim, şahid oldum ki, bu, bir dəryadır! Əslində Azərbaycanın başına gələn bəlalar, müxtəlif təzyiqlər, Qarabağ məsələsi – bütün bunların başında Bakı nefti durur. Qərara aldım ki, bu film üzərində ciddi işləməliyəm. 1994-cü ildə “Əsrin kontraktı” imzalanandan sonra, 1995-ci ilin axırlarından materiallar toplamağa başladım.1996-cı ildən isə filmlərin çəkilişinə başladım. Nəhayət ki, kinoepopeyanı yaratdım. Hər zaman düşünürəm ki, 11ci Qırmızı Ordunun1920-ci ildə işğalı olmasaydı, Azərbaycan Kuveyti, Səudiyyə Ərəbistanını çoxdan kölgədə qoymuşdu. Bəhs etdiyim bu ölkələr yalnız neft xammalının sayəsində formalaşan dövlətlər idi. Azərbaycanın başına gələn bəlalar ölkə paytaxtındakı neftə görə olub. Əgər neft ətrafında baş verənləri bir tamaşaya bənzətsək, görərik ki, eyni dövlətlər elə öz rollarında çıxış edirlər. Çox vaxt biz özümüz onun iştirakcisi yox, yalnız tamaşacısı olmuşuq. Əsrin birinci yarısındakı müharibələr, elə yaşadığımız 90-cı illərin hadisələri də neft üstündədir. Çəkdiyim filmlər onillər boyu saxtalaşdırılmış, ləkələnmiş, ayaqlar altında tapdalanmış tariximizin gerçək üzünü ortaya qoyur. Bu filmlər sağlam prinsipiallıq, çağdaş və bağımsız yanaşma üzərində qurulub, heç kəsin haqqını yeməmək, unutmamaq, yada salmaq fəlsəfəsi qoyulub ortaya.

– Sənədli filmlər rejissoru kimi necə bilirsiniz, əgər sənədli filmlər tarixin salnaməsi hesab olunursa, o zaman sənətkar təxəyyülü burda hansı rolu oynayır?

– Sənədli filmlər tarixin salnaməsi hesab olunmaqla yanaşı, eyni zamanda gələcəyə ünvanlanan məlumatdır. Bu da o deməkdir ki, gələcəyə ünvanlanan məılumatın necə göndərilməsində sənətkar təxəyyülü böyük rol oynayır. Maraqlı bir tarixçəni yada salmaq istərdim. “Odlu məmləkət” filmini çəkilişi zamanı Bakı neftinin tarixini, Nobelin Azərbaycandakı fəaliyyətini öyrənə-öyrənə Moskvaya, Norveçə qədər gedib çıxmışdım. Bütün bu səfərlərdə heç kəsə məlum olmayan faktları, sənədləri axtarıb tapdım. Azərbaycandakı “Statoyl” şirkətinin köməyi ilə Norveçdə “Nobel” mükafatlarının təqdimetmə mərasimini lentə aldım. Onu da qeyd edim ki, əcnəbilərin həmin mərasimi çəkməyi müşkül məsələdir. Əvvəlcə mənə də icazə vermədilər. Dedilər, xarici vətəndaşlar çəkiliş üçün pul ödəməlidirlər. Cavab verdim ki, Nobel sizin olduğu kimi, həm də bizimdir. Axı o fondun yaranmasında Bakı neftinin də payı var. Axır razılıq verdilər. Norveç səfəriylə bağlı iki film çəkdim – “Qədim və yeni yollar”, “Sülh və tərəqqi naminə”. “Norveç eskizləri” adı altında gedən həmin kadrları 7 gün müddətində işləyib hazırladım. Film o ərəfədə Bakıya gələcək Norveç parlament nümayəndə heyətinə göstərilməliydi. İstəyimə nail oldum. Qazancım bu oldu ki, həmin ölkə haqda daha bir film çəkməyi tapşırdılar mənə. “Mavi alovun üfüqləri” kinodilogiyasında “Şimal dənizi odlu dənizdir” və “Meridianlar qovuşanda” filmlərində Norveçin tarixinə səyahət etdim. Bir vaxtlar maddi durumun aşağı səviyyədə olmasına görə başqa ölkələrə üz tutan Norveç əhalisi qaz sənayesi yaranandan sonra firavan həyata qayıtmağa başlamışdır ki, filmlərdə bu məqamı diqqətə çəkdim.

– 70-ə yaxın film çəkdiniz, səhv etmirəmsə, sonuncu filminiz 2010-cu ildə lentə aldığınız “Timsahın göz yaşları” idi. Sonra sanki kinodan uzaqlaşdınız?

– “Timsahın göz yaşları” filmində uydurma erməni “soyqırımı” məsələsindən bəhs etmişəm. Bu filmdən sonra artıq çəkilişə yaxın durmadım. Hətta bu filmin çəkiliş prosesində öz-özümə qərarlaşdırdım ki, daha film çəkməyəcəm. Səbəbini belə izah edərdim ki, hiss edirdim, görürdüm, sanki bu filmlər kimsəyə lazım deyil. O cür böyük əmək və enerji ilə çəkilmiş filmə Azərbaycanda bir münasibət görmədim, nə pis, nə yaxşı. Bu biganəliyi şəxsən özümə qarşı hesab etmirəm. Tariximizə, bəlalarımıza münasibət də eynidir. Gör, bu erməni məsələsi nə vaxtdandır davam edir, insanlar hələ də laqeydlik buzunu sındıra bilməyiblər. “İstiqlalın beşiyi” və “Yüksələn bayraq” adlı hissələrdən ibarət olan “Mücadilə” filmi də eyni biganəliklə qarşılandı. Filmin 1-ci hissəsində Azərbaycanda çar rejiminə qarşı istiqlal mücadiləsinin başlanmasının ilk illərindən -1905-1918-ci illəri əhatə edən bir dövrü əks etdirir. 2-ci də isə Azərbaycanın bütövlükdə erməni daşnakları, ingilis işğalçıları və Sentrokaspi diktaturasına qarşı mübarizə dövründən bəhs edir. 1918-20-ci illəri əhatə edən bu mübarizə dövrünə təkcə Azərbaycanın daxili mübarizəsi deyil, həmçinin diplomatik korpusumuzun Azərbaycanın beynəlxalq aləmdə faktiki olaraq tanınması uğrunda apardığı mübarizə də daxildir. Filmdə həmçinin İstanbul, Batum və Trabzon konfransları, eləcə də Paris sülh konfransındakı hadisələr, bolşevik Rusiyasının Azərbaycanı yenidən öz təsirinə salmasına qarşı Azərbaycan hökumətinin apardığı mübarizə əksini tapıb. Ümumiyyətlə, filmdə Azərbaycanın istiqlal mücadiləsinin keçdiyi bütün mərhələlər xronoloji ardıcıllıqla təsvir olunub.

– Ümumiyyətlə tarixi faktlara əsaslanaraq erməni riyakarlığını dəfələrlə öz filmlərinizdə üzə çıxartmısınız. Əslində bu mövzu hər zaman öz aktuallığını qorumalıdır, çünki tarix təkrar olunur…

– Ermənilər. Riyakarlığın anatomiyası” filmində Pyotrun vaxtında erməni siyasətinin başlanmasından sonrakı bütün tarixi əks olunub. O zaman ermənilərin kütləvi şəkildə İrandan, Türkiyədən Azərbaycan torpaqlarına, Qarabağ xanlığına, İrəvan xanlığına. Naxçıvan xanlığına, Ordubada köçürülməsi, bu köçürülmənin məqsədini açıb göstərmişdim. Hətta ermənilərin özlərinin yazdığı mənbələrdən də istifadə etmişdim. 1915-ci ildən erməni saxtakarlığının başlanması gəlir. Türkiyənin içində daşnakların hərəkətə keçməsi, törətdikləri vəhşiliklər. Bütün bu tarixi xronikanı gedib Türkiyədə çəkmişəm. Daşnak şər yuvasının toplandığı adanı, toplu məzarları, kəndləri, hər yeri. O qədər əziyyət, xərc, yol yorğunluğu sanki kimsəyə gərək deyilmiş. Gecələr Türkiyənin təhlükəli qayalıq aşırımlarında, PKK ilə bağlı problemlərin gərgin olan vaxtları nə qdərə yol qət edirdik. 4 saatlıq filmdə o qdərə böyük həqiqətlər var ki, bunu sadəcə gözl görmək lazımdır. Ancaq bütün bunlardan sonra biganlik görüncə düşünürsən ki, yəqin lazım deyil, hətta heç kimə lazım deyil…

– Haqsız da sayılmazdınız, o vaxta qədər ki, 2020-ci ilin son aylarında 30 illik həsrətə son verildi. Qarabağ üzərində qazandığımız Qələbə, 45 günlük mühribənin təəssüratı, xalqın həmrəyliyi, uşaqdan-böyüyə hamının Ali Baş Komandanın ətrafında sıx birləşərək onun yürütdüyü siyasəti dəstəkləməsi və Vətən uğrunda könüllü döyüşərək Şəhidlik zirvəsinə ucalan Azərbaycan oğulları bir daha sübut etdi ki, bizlər heç də biganə xalq deyilik…

– Doğrudan da bütün bu hadisələr bir daha göstərdi ki, bu filmləri çəkməklə doğru iş görmüşəm. Əslində bu da elə bir təbliğatdır. Əgər erməni filmlərimə görə məni düşmən elan edibsə, deməli mən də öz sahəmdə bir əsgər olmuşam, filmlərimlə döyüşmüşəm. Bəlkə mənim rolumdan heç kim danışmadı, zənnimcə, əsas olan odur ki, Vətən, torpaq uğrunda olan təbliğatın təbliğatçısına çevrilmişəm və buna görə özümü çox xoşbəxt hiss edirəm.

– Son illər fərdi yaradıcılıqla məşğul olmağınız, kitablar yazmağınızdan belə məlum olur ki, araşdırma işləri davam edir. Kitablarınız içində “Günəşə baxan insan” kitabı xüsusilə seçildi…

– “Günəşə baxan insan” kitabı “Türk Ədəmi-Mərkəziyyət-Müsavat” partiyasının başçılarından biri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan babam Mirzə Məhəmməd Axundzadənin həyatından və yaradıcılığından bəhs edir. Çox filmlər çəkdim, bir çox kitablar yazdım, məqalələr hazırladım, ancaq düşünürəm ki, yaradıcılığımda ən böyük hadisə məhz “Günəşə baxan insan” kitabıdır. Bəlkə də elə ona görə ki, ömrü yarımçıq qalmış babanın, bir zamanlar nə uğrunda mübarizə aparması və nəvənin müstəqillik dövründə araşdırmalara arxalanaraq, arxiv materiallarından istifadə etməklə Mirzə Məhəmməd Axundzadənin mübarizə dolu həyatını kitaba çevirərək xalq üçün önəmli olan bu şəxsiyyətin yaddan çıxamamasına şərait yaratması, elə ən böyük vətəndaşlıq borcudur.

– 80 yaş müdrik dövrdür, bu yaşın hesabatı nə deyir sizə?

– Dönüb arxaya baxanda görürəm ki, uşaqlıqdan başlayaraq istər maddi-mənəvi, istərsə də fiziki cəhətdən zəngin bir həyat yolu keçmişəm. Yaşadığım dövr-dünya müharibəsi, müharibədən sonrakı illər, dövrün ziddiyyətləri, o dövrdə olan anlaşımaz məqamlar həyatıma hər mənada öz təsirini göstərib. Həyata olan baxışıma öz təsirini göstərib ki, nəticə etibarilə də həyatda heç bir şeyə ötəri baxmamışam, hər şeyi dərindən təhlil edərək öyrənməyə meyl göstərmişəm. Demək istədiyim odur ki, mən başqa bir sahənin də adamı ola bilərdim. Məsələn, musiqiçi ola bilərdim, və ya ömrümü teatra həsr edə bilərdim və s. Ancaq mən sənədli filmlər rejissoru oldum, mövzularımı həyatdan götürdüm, həyatla təmas qurdum. Daima bir rejissor olaraq 6-cı hissimə güvəndim və artıq 80 yaşımda başa düşdüm ki, daima inandıqlarımın dalınca getmişəm. Yaradan bu missiyanı mənə verdi və mən bu missiyanın öhdəsindən gəlmişəm. Doğrudur, daha çox iş görə biərdim, təəssüf ki, məndən asılı olmayan səbəblərə görə düşündüyüm mövzuların hamısını lentə ala bilmədim. Ancaq bütün bunlara baxmayaraq yenidən dünyaya gəlsəydim yenə bu sənətin dalınca gedərdim…

GülQAR