Nazim Rza İsrafiloğlu etiraz səsini yüksəltdi

Son illərdə Azərbaycanda plagiatlıq problemi geniş yayılmağa başlayıb. Xüsusilə də elm, dərslik və musiqi sahəsində plagiatlıq halları mövcuddur. Daha  dəqiq izah etsək, plagiatlıq, bu və ya digər şəxsə məxsus əsərin, ixtiranın və ya səmərələşdirici təklifin mənbəyinə istinad etmədən öz adı altında tamamilə və ya qismən istifadə edilməsidir ki, bu durumla üzləşənlərin sayı da artmaqdadır. Onlardan biri də Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, kino və televiziya rejissoru, yazıçı-publisist Nazim Rza israfiloğludur.

Nazim Rza İsrafiloğlu 70-ə yaxın sənədli film çəkmiş, iqtisadi problemlərə həsr edilmiş 200-ə yaxın televiziya proqramının müəllifi, rejissoru və aparıcısı olmuş, Azərbaycan tarixi, xüsusilə də Bakı nefti və dünya neft tarixinin tədqiq edilib öyrənilməsi sahəsində geniş elmi araşdırmalar aparmış, Azərbaycan mətbuatında daima publisistik yazılarla çıxış etmiş, Azərbaycan televiziyasında müəllif filmlərinin yaradıcısı kimi tanınan, 7 müstəqil filmi özündə birləşdirən və 12 seriyadan ibarət olan kinoepopeyanın müəllifi və quruluşçu rejissoru olmuşdur.

N.R.İsrafiloğlu bidirir ki, çəkdiyi filmlər onillər boyu saxtalaşdırılmış, ləkələnmiş, ayaqlar altında tapdalanmış tariximizin gerçək üzünü ortaya qoyur: “Bu filmlər yaltaqlanmaqdan, qaraya ağ, ağa qara deməkdən olduqca uzaqdır, sağlam prinsipiallıq, çağdaş və bağımsız yanaşma üzərində qurulub, heç kəsin haqqını yeməmək, unutmamaq, yada salmaq fəlsəfəsi qoyulub ortaya, bu filmlər tamaşaçıların ürəyincə olan filmlər idi”.

Bir sözlə, Nazim Rza israfiloğlunun uzun sürən axtarışların, yuxusuz gecələrin, dinclik bilmədən dağlardan, dərələrdən keçərək, aşırımları aşaraq Azərbaycanın, Türkiyənin köylərini, obalarını bir-bir dolaşaraq, toplu məzarları axtararaq, sənədləri, kino-foto arxivlərini ələk-vələk edərək çəkdiyi həmin filmlər hazırda plagiatlığın qurbanına çevrlib. Kimlər tərəfindən, onu Nazim müəllimin özü deyəcək: “AzTV-də kök salan feodal düşüncə tərzi, saxtakarlıq, pulgirlik, başqasının intellektual mülkiyyətinə göz dikib ələ keçirmək və başqa bu kimi nəsnələr. Çox keçmədən plagiatlıq sindromu baş qaldırdı və addım-addım yaşam normasına çevrildi. Sınaq poliqonu olaraq, İTV seçildi. AzTv-nin İTV-yə transfer etdiyi emissarların əli ilə mənim Azərbaycanda yaratdığım ilk müəllif filmi “Göylər sonsuz bir dənizdir” trilogiyası parça-parça edilib, adıçəkilən telekanalın hazırladığı üzdəniraq bir “film”in içində əridildi. Bununla bağlı ötən yazılarımda çoxlu bilgilər verdiyimə və böyük rezonansa nədən olduğuna görə, bu olaydan yan keçməyi düşündüm. Çünki tezliklə AzTV-də daha şaşırdıcı bir olayla qarşılaşmalı oldum. Sən demə, İTV-nin plagiatlığı AzTV-nin genişmiqyaslı plagiatçılığı fonunda, sözün gerçək anlamında “toya” getməliymiş”.

Nazim müəllim onu da qeyd edir ki, ən azı eyni çağda 10 televiziya kanalında yayımlanan və müəllifi olduğu filmlərdən (“Ermənilər: riyakarlığın anatomiyası”, “1915-ci il. Erməni saxtakarlığının başlanğıcı”, “Timsahın göz yaşları”), özü də başda olmaqla bütün yaradıcı qrupun adları yığışdırılıb: ”Beləliklə, bu filmlər bütün ölkəyə anonim filmlər kimi sırındı. Yaradıcıların kimliyi bilinmədi. Bununla da nəinki müəlliflik hüququ, eləcə də Azərbaycan Prezidenti H.Əliyevin imzaladığı az öncə adını çəkdiyimiz dövlət qanunu növbəti kərə ayaqlar altında tapdalandı. 2010-cu ilin aprelində “Timsahın göz yaşları” filmini başa çatdırdıqdan, bunun ardınca AzTV-dən biryolluq ayrılıb getdikdən sonra bütün bunlar baş verdi. Nədəni isə olduqca açıq və aydın. Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixini addım-addım incələyən, Azərbaycan, Gürcüstan, eləcə də Türkiyədə çəkilmiş unikal epizodları milyonlarla tamaşaçıya çatdıran “Mücadilə” kinodilogiyasının ən baxımlı bölümləri parçalandı. AzTv-nin loqosu ilə “Müstəqillik mücadiləsi” adı altında qondarma bir “film”in içində əridildi və ötən ilin may ayının 28-də efirə ötürüldü. Belə bir davranışa “Ermənilər: riyakarlığın anatomiyası kinodilogiyası, “1915-ci il. Erməni saxtakarlığının başlanğıcı” və “Timsahın göz yaşları” filmləri də tuş gəldilər. Yuxarıda adları çəkilən, tamaşaçıların dönə-dönə baxdıqların filmlərin bilim araşdırıcısının, ssenari yazarının, quruluşçu rejissorunun və səsləndirənin kimliyini, yəni məni. Eləcə də yaradıcı heyəti heç yada da salmadılar. Ömrüm boyu çəkdiyim filmlərlə bacardıqca dövlətə və doğma xalqıma qulluq etmək üçün çalışmışam. Tamaşaçıların mənə göstərdikləri sevgi və sayğını isə özüm üçün ən yüksək ödül saymışam”.

Gördüyü işlərin səviyyəsini əsas götürərək, tamaşaçı sevgisinə, xalqın dayağına sığınan Nazim Rza İsrafiloğlu  bu qanun pozuntusunun gərəyincə dəyərləndirilməsini və müəlliflik hüququmun (istər ssenari yazarı, istərsə quruluşçu rejissor hüquqlarımın) bərpa olunmasını birmənalı olaraq tanınmasını tələb edir.

Onu da qeyd edək ki, Nazim Rza israfiloğlunun fikirlərini ixtisarla təqdim edirik və inanırıq ki, onun haqlı etiraz səsi eşidiləcək, tezliklə müəllif haqları bərpa ediləcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqı