Nazim Rza İsrafiloğlu “Günəşə baxan insan”ı təqdim etdi

28 oktyabr Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, kino və televiziya rejissoru Nazim Rza İsrafiloğlunun “Günəşə baxan insan” kitabının təqdimatı keçirildi.

Qeyd edək ki, Nazim Rza sənədli filmlər rejissoru kimi 45-dən artıq sənədli film çəkib, iqtisadi problemlərə həsr edilmiş 200-ə yaxın televiziya proqramının müəllifi, rejissoru və aparıcısı olub. Bundan başqa Azərbaycan tarixi, xüsusilə nefti və dünya neft tarixinin tədqiq edilib öyrənilməsi sahəsində geniş elmi araşdırmalar aparıb.

“Günəşə baxan insan” kitabı müəllifin sayca 9-cu kitabıdır. Bundan əvvəl “Odlu məmləkət” ( 2002), “Neft və cahan savaşı” ( 2005), “M.M.Axundzadə”(2006), “Neft. Qlobal münaqişələr mənbəyi” (2009), “Огненная земля” (2017), “Qara üçbucaq və kentavrlar dünyası” (2017), “Üçüncü dalğanın meridianlarında” (2017), “Нефть и Война: Битва Титанов”(2017), “Günəşə baxan insan” (Biblioqrafiya- 2019).

Yeri gəlmişkən, “Günəşə baxan insan” kitabı “Türk Ədəmi-Mərkəziyyət-Müsavat” partiyasının başçılarından biri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Mirzə Məhəmməd Axundzadənin həyatından və yaradıcılığından bəhs edir.

Yazıçılar Birliyində belə bir şəxsiyyətin həyatını dinləmək maraqlı olduğu qədər də, həyəcanlı idi. Çünki kitabın ərsəyə gəlməsində böyül rol oynayan Nazim Rza İsrafiloğlu sadəcə müəllif deyil, eyni zamanda övlad, nəvə kimi öz borcunu yerinə yetirirdi ki, onun bu həyəcanı da Mirzə Məhəmməd Axundzadə işığına toplaşanlara sirayət edirdi.

Təqdimatı açıq elan edən rejissor bildirdi ki, çox filmlər çəkdi, bir çox kitablar yazdı, məqalələr hazırladı, ancaq onun üçün yaradıcılığında ən böyük hadisə məhz “Günəşə baxan insan” kitabıdır. Bəlkə də elə ona görə ki, ömrü yarımçıq qalmış babanın, bir zamanlar nə uğrunda mübarizə aparması və nəvənin müstəqillik dövründə araşdırmalara arxalanaraq, arxiv materiallarından istifadə etməklə Mirzə Məhəmməd Axundzadənin mübarizə dolu həyatını kitaba çevirərək xalq üçün önəmli olan bu şəxsiyyətin yaddan çıxamamasına şərait yaratması, elə ən böyük vətəndaşlıq borcudur. Ancaq bu borc heç bitməyəcək. Nazim müəllim də o fikirdədir ki, babası haqqında nə qədər çox yazsa da, sənədli filmlər çəksə də yenə də azdır. Ona görə də axtarışa davam etmək, gələcək nəsli məlumatlandırmaq lazımdır.

Rejissor qısa çıxışdan sonra sözü kitabın redaktoru, tarix elmləri doktoru Elmira Muradəliyevaya verdi.

E.Muradəliyevaya bildirdi ki, unikal ömür yolu keçmiş bir insanla bağlı biblioqrafik kitab yazmağın necə çətin bir iş olduğunu iş prosesində gözəl başa düşüblər: “Cəmi 48 il ömür sürmüş, sürgünlərin acı dadını yetərincə dadmış, bir sözlə oddan-alovdan keçən bir maarifçi, bilim adamı, dramaturq idi o. 1905-ci ildə Gəncədə, erməni Daşnaksütun partiyasının terrorizminə qarşı mübarizə aparmaq üçün yaradılan mübariz təşkilat olan “Difai”nin bədəlini çiynində daşımış, xalqa qulluq etməyi özünün yutrdaşlıq borcu saymışdı. Bu baxımdan da iş prosesində dərin araşdırmalara baş vurmağa çalışdıq. Ayrı-ayrı arxivlərdə on illərlə yatıb qalmış, “Difai” ilə bağlı topluma bəlli olmayan soruşdurma materialları aşkarlanıb üzə çıxarıldı”.

Redaktor onu da qeyd etdi ki, M.M.Axundzadənin ədəbi-bədii yaradıcılığı araşdırıldıqda, onun yazdığı bilim monoqrafiyalarının bütünlüklə Rusiya çarizmi dönəmində işıq üzü görməsi, özünün yazdığı, Osmanlı türkçəsindən Azərbaycan türkçəsinə uyğunlaşdırdığı dram əsərlərinin çarizmin dönəmində çap edilməsi, teatr səhnələrində tamaşaya qoyulması və s. paradoksal faktlar ortaya çıxıb: “M.M.Axundzadənin ömür yoluna səfər edən “Günəşə baxan insan” biblioqrafik kitabı çox gizlinlərə, çağdaş oxucuya bəlli olmayan yazılara işıq salacaqdır”.

Azərbaycan Milli Kitabxanasının Nəşriyyat işləri şöbəsinin müdiri Mehriban Cəfərova öz çıxışında qeyd etdi ki, M.M.Axundzadə haqqında Azərbaycan Milli Kitabxanasının kitab, eləcə də qəzet və jurnal fondunda geniş material mövcuddur: “Gələcəkdə Axundzadə haqqında elektron məlumat bazasının tərtibi də prioritet vəzifə kimi ortaya çıxır. Hazırkı biblioqrafiyanın əsasında elektron məlumat bazasını yaratmaq və geniş auditoriyaya ədibin irsini yaymaq olar. Müəllif belə lazımlı bir işlə M.M.Axundzadə irsinin biblioqrafik modelini yaratmış, ədibin bütün külliyyatını əhatə etmiş və bununla da təksə Azərbaycan ədəbiyyatı tarixinə deyil, eyni zamanda da milli biblioqrafik resurs bazasına böyük xidmət göstərmişdir”.

Onu da qeyd edək ki, “Günəşə baxan insan” biblioqrafik kitabının ayrı-ayrı bölmələrində Mirzə Məhəmməd Axundzadənin dramaturji, poetik, publisitik yaradıcılığı, “Molla Nəsrəddin” dərgisindəki yazıları, felyetonları, yabançı dillərdən etdiyi çevirmələri haqqında geniş bilgilər yer alıb. Bundan başqa, kitabda Axundzadənin yaradıcılığına həsr olunan şerlər, tapmacalar, irili-xırdalı yazılar, kitablar, anons axarkterli bilgilər də yer alıb. Kitabın təqdimatında bir qrup yazarlar, kinematoqrafçılar, tələbələr iştirak edirdi.

Azərbaycan Kinematoqrafçılar İttifaqı