Nizami Abbas yeni film çəkir

Mədəniyyət Nazirliyinin sifarişilə “Salnaməfilm studiyası” MMC-də “Aşıq Ələsgər 200” işçi adlı sənədli filmi istehsala buraxılıb.

Aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilən filmin quruluşçu rejissoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Nizami Abbasdır.

Xatırladaq ki, ustad aşıq Qərbi Azərbaycanın Göyçə gölü ətrafında olan tarixi mahalında – Göyçə mahalında dünyaya göz açıb.

1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olan Qərbi Azərbaycan, 1747-1828-ci illərdə İrəvan xanlığının mahalı olub. Düşmən əlində olan bu torpaqlarda hazırda çəkiliş aparmaq mümkün olmasa da, Aşıq Ələsgərin həyatının və yaradıcılığının əhəmiyyətli bir hissəsi bu mahala qonşu olan Kəlbəcər ərazisi ilə bağlıdır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman Azərbaycan Ordusunun əzmi və şücaəti nəticəsində 44 gün davam edən Vətən müharibəsindən sonra Kəlbəcər rayonunun işğaldan azad edilməsi, eyni zamanda rəmzi olaraq tarixi Oğuz yurdu Göyçə mahalına açılan qapı olub. Bu gün Azərbaycan əsgərlərinin dayandığı mövqelərdən Aşıq Ələsgərin doğma kəndi Ağkilsə arasındakı məsafə cəmi 7 km-dir. Filmin finalı da məhz bu notlar üzərində qurulacaqdır.

Azərtac-ın məlumatına görə, filmin çəkilişləri Bakı, Gəncə, Göygöl, Daşkəsən, Goranboy, Tovuz, Şəmkir, Gədəbəy, Qazax və işğaldan azad edilmiş Kəlbəcər ərazisində lentə alınacaq. Bundan başqa, Türkiyə Cümhuriyyətinin Qars və İğdır vilayətlərində də çəkilişlər olacaq. Filmdə arxiv foto və kino materiallarından, folklorşünas alimlərin və sənətkarların, eləcə də Aşıq Ələsgər ocağının nümayəndələrinin müsahibələri və kadrarxası diktor mətnindən istifadə ediləcəkdir.

Qeyd edək ki, bədii səhnələrlə rəng qatılacaq filmin çəkilişləri artıq Gədəbəy, Qazax rayonlarında aparılıb və hazırda çəkilişlər davam edir.

Filmin yaradıcı heyəti: Ssenari müəllifi Füzuli Sabiroğlu, quruluşçu rejissoru Nizami Abbas, quruluşçu operatoru Üzeyir Abbas, montaj rejissoru Mübariz Nağıyev, icraçı prodüser Azad Axundov, prodüser Nazim Hüseynov, geyim rəssamı Şahin Həsənli, məsləhətçi Fəxrəddin Salimidir. Filmdə Dədə Ələsgər obrazını Aşıq Təbriz Gədəbəyli oynayır.

aki.az