Nizami Kino Mərkəzində dahi Çarli Çaplinin 130 illiyi qeyd olunacaq

Bu il dahi Çarli Çaplinin anadan olmasının 130 illiyi tamam olur. Qeyd edək ki, Çaplinin yubiley tədbirləri dünya üzrə qeyd olunur. Çaplin partituralarını canlı ifa edən orkestrlə filmlərinin nümayişləri, Fransada yaradıcılığı ilə bağlı yeni sərgilər, Bratislava şəhərində ömür yoluna həsr olunmuş balet, filmlərinə yazılmış, həmçinin özünün bəstələdiyi musiqilərdən ibarət albomlarının buraxılması, Çaplinin arxivinin mükəmməl toplusu olacaq, www.charliechaplinarchive.org saytının izləyicilərin ixtiyarına verilməsi və filmlərinin yenidən prokata çıxarılması planlaşdırılır.

Dünya ölkələrindəki proseslərdən geri qalmayan ölkəmiz də Çarli Çaplin yaradıcılığına biganə qalmayıb.Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Aki.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə Nizami Kino Mərkəzində filmləri dünya kinosunun incisi sayılan Çarli Çaplinin 130 illik yubileyinə həsr olunmuş gecə təşkil olunacaq. Kinoşünas Ayaz Salayevin təqdimatında dahi Çaplin yenidən kəşf ediləcək, onun aktyorluq qabiliyyəti incələnəcək, bir sözlə, komediya ustasının yaradıcılığna fərqli tərəfdən baxılacaq.

Yubiley tədbiri 28 noyabr 2019-cu il, saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqı