“Ölsəm...bağışla”

Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkilən filmlərin yaranma tarixini əhatə edən məqalələr silsiləsində növbəti filmimiz “Ölsəm…bağışla”dır.

1989-cu ildə “Azərbaycanfilm” kinostudiyasının istehsalata buraxdığı  “Ölsəm…bağışla” filminə görkəmli rejissor Rasim Ocaqov quruluş verdi.

Filmin qəhrəmanı müharibədən qayıtdıqdan sonra atasının haqsız olaraq məhkum edilməsini öyrənir və ədalətsizlik edənləri cəzalandırmaq qərarına gəlir. Mübarizə meydanında haqsızlığa qarşı çıxsa da, qəlbi hər cür natəmiz fikirlərdən uzaq olduğu üçün şər qüvvələrlə sona qədər mübarizə apara bilmir və nəticədə də məhv olur.

 

RASİM OCAQOV: “FİLMİN İDEYASI VƏ SÜJETİ RÜSTƏM İBRAHİMBƏYOVLA SÖHBƏT ƏSNASINDA YARANIB

 

Rejissor Rasim Ocaqov “Ölsəm…bağışla” filmini “Özgə ömür”dən sonra lentə alıb. Retro üsulunda düşünülmüş bu film tamaşaçıları 1947-ci ilin Bakısına qaytarır və müharibədən çıxmış, onun ağrı-acılarını görmüş adamların həyatından bəhs edir. Rejissorun  yeniyetməlik dövrü müharibə illərinə təsadüf etdiyi üçün o, filmdə həmin illərin ab-havasını, insanların xarakterlərini və talelərini bədii cəhətdən dəqiq və qabarıq şəkildə açıb  göstərə bilmişdir.

Rejissor deyirdi ki, Rüstəm İbrahimbəyovla birgə “Özgə ömür” filmini işlədikdən sonra öz-özlüyümdə belə qərara gəldim ki, növbəti çəkəcəyim filmi müharibədən sonrakı illərə həsr olunan bir mövzuya həsr edəcəyəm: “Buna görə də Rüstəmdən xahiş etdim ki, müharibədən sonrakı illərə həsr olunmuş bir ssenari yazsın. Bu istək ondan irəli gəlirdi ki, müharibə mövzusu(söhbət 1941-1945-ci ildə baş vermiş Böyük Vətən Müharibəsindən gedir) mənə çox yaxın, çox doğma olub. Çünki mənim orta məktəb illərim məhz, o dövrə təsadüf edib. Təsəvvür edin ki, məsəl üçün 5 il  əvvəl baş vermiş hadisələri o qədər də xatırlaya bilməsəm də, müharibə dövründə gördüklərimi, şahid olduqlarımı bir  an da olsun unutmuram. Müharibədən sonrakı illər elə bir dövrü əhatə edirdi ki, camaat artıq hər şeydən doymuşdu, yorulmuşdu. Buna baxmayaraq isə camaat sevinirdi ki, nəhayət rahat, azad yaşaya biləcəklər. Sözümün canı odur ki, bu  mövzunu lentə almaq və gələcək nəsillərə ərmağan etmək istəyirdim”.

Yeri gəlmişkən, Rasim Ocaqov bu filmdən əvvəl müharibə mövzusuna həsr olunmuş “Tütək səsi” filmini lentə alıb. “Tütək səsi” filmində hadisələr bir kənddə cərəyən edir, “Ölsəm, bağışla” filmində isə hadisələrin mərkəz nöqtəsi olaraq paytaxt-Bakı şəhəri əsas götürülüb: “”Tamamilə doğrudur. “Tütək səsi”ndən fərqli olaraq, “Ölsəm, bağışla” filmində  hadisələr, siz qeyd etdiyiniz kimi Bakıda, hadisələrin sonrakı gedişatı isə Kislovodskda cərəyan edir. Ümumiyyətlə filmin ideyası və süjeti elə Rüstəmlə söhbət əsnasında yarandı. Xatırladım ki, o illər Kislovodsk, Jeleznevodsk, Pyatiqorski çox dəbdə olan yerlər idi. O baxımdan dəbdə deyirəm ki, camaat istirahət etmək üçün məhz, adları çəkilən şəhərlərə üz tuturdular. Kislovodskda bütün SSRİ miqyasında məhşur olan “Xram Vozduxa” adlı  bir restoran vardı. Təbii ki, bütün bunlarla yanaşı, məni əsas maraqlandıran müharəbədən sonrakı illərdə öz doğma ocağına qayıdanların aqibətinin necə olması idi. Bir də görürsən ki, həmin qayıdanlar arasında kimisi öz sevdiyi qızın başqası ilə ailə qurduğunun şahidi olurdu, digəri heç bir doğmasını tapa bilmirdi və s. Rüstəm İbrahimbəyov bütün bunları təbii ki, ümumiləşdirilmiş bir formada qələmə aldı. Ssenari hazır olduqdan sonra birgə oxuduq və qəbul etdik. Demək olar ki, ssenaridə çox az dəyişiklik oldu. Ssenari qəbul olunduqdan sonra çox böyük həvəslə çəkilişə başladım”.

 

“ÖLSƏM…BAĞIŞLA” FİLMİ BƏXTİ GƏTİRMƏYƏN FİLMLƏR SIRASINDA YER ALDI

 

Filmin sınaq çəkilişləri zamanı baş rollara bir çox aktyorlar dəvət alsa da, rejissor əvvəlcədən kimi hansı obraza çəkəcəyini müəyyənləşdirib. Elə ki, filmdə iştirak edəcək yaradıcı heyət hazır vəziyyət alıb, o zaman rejissor heç yubanmadan belə çəkiliş proseslərinə başlayıb.

Yeri gəlmişkən, R.Ocaqov yaradıcı heyətin tərkib hissəsini müəyyənləşdirən zaman əsasən əvvəllər birgə çalışdığı şəxslərə üstünlük verib.Məsələn, demək olar ki,  bütün filmlərində Rüstəm İbrahimbəyovun ssenarisinə üstünlük verən rejissor “Ölsəm…bağışla” filmində də onun ssenarisini seçir. Rejissor filmin operatoru Rafiq Qəmbərovla beş filminin çəkilişində əməkdaşlıq edib. Bundan başqa, Yusifin anası rolunu yaradan Gəncə Dram teatrının aktrisası Sədayə Mustafayeva Rasim Ocaqovun “Ad günü”, “Həm ziyarət, həm ticarət”, “Ölsəm, bağışla” və s. filmlərində  yaddaqalan obrazlar yaradıb. Xatırladım ki, hər iki sənətkarın tanışlığı rejissorun doğma yurdu olan Şəki şəhərindən başlayıb. Belə ki, bir vaxtlar Şəki Dram Teatrında çalışan Sədayə Mustafayeva hardan biləydi ki, tamaşaçı salonunda əyləşən gənc bir oğlan onun aktrisalıq qabiliyətinin hər kiçik detalını izləyir və gələcəkdə çəkəcək filmlərində görür. Eləcə də Fəxrəddin Manafov, mərhum Həsən Məmmədov, Hacı İsmayılov Rasim Ocaqovun bir neçə filmində çəkilib.

Rasim Ocaqov etiraf edirdi ki, indiyədək quruluş verdiyi filmlər arasında ən sevimlisi “Ölsəm, bağışla”dır: “Əgər yaradıcılığıma diqqətlə nəzər salsanız, onda görərsiniz ki, “Ölsəm, bağışla” filmi, mənim ən sevimli filmimdir. Söz yox ki, bütün filmlərim mənim üçün əzizdir. Ancaq bu film mənim üçün çox fərqlidir. Və onu da xüsusilə qeyd etmək istərdim ki, bu film bəxti gətirməyən filmlər sırasında dayandı. Bunun da səbəbi o idi ki, filmin istehsalata buraxıldığı il-1989-cu il ölkəmizdə çox qarışıq bir durum yaranmışdı. Sonra 20 yanvar hadisəsi baş verdi, keçirilən mitinqlərin ardı-arası kəsilmirdi. Məhz, bu səbəblərdən filmin ilk nümayişi heç də təmtəraqlı keçirilmədi”.

Filmin çəkilişləri Bakıda və Kislovodskda lentə alınıb. Rejissor filmin əsas qəhrəmanı olan Yusif obrazında yalnız Fəxrəddin Manafovu görüb: ” Yusif obrazının sınaq çəkilişlərinə demək olar ki, Fəxrəddin Manafovdan başqa heç bir aktyoru dəvət etməmişdim. Çünki əvvəlcədən bilirdim ki, Yusif rolu üçün yeganə namizəd Fəxrəddindir. Ancaq Gülya obrazının sınaq çəkilişlərinə çox sayda aktrisa dəvət etmişdim. Çox təəssüf ki, onların adlarını unutmuşam. Yadımda qalan yalnız odur ki, dəvət etdiyim aktrisalar arasında Gülzar Qurbanovanın aktrisalıq qabiliyyəti, ifa tərzi məni daha çox qane etdi. Buna görə də onu Gülya roluna təsdiq etdik”.

Filmi diqqətlə seyr edən zaman istər-istəməz rejissor işinin çox dəqiqliklə görüldüyünün şahidi olursan. Belə ki, 1989-cu ildə çəkilən filmdə söhbət Böyük Vətən Müharibəsi illərindən sonrakı dövrü əhatə edir. Və həmin dövrün adamlarının siması  filmdəki aktyorların görünüşündə, aktyorların işində öz həllini tapıb.

Rejissor deyirdi ki, müharibəni görən şəxs üçün o dövrün geyimlərini, o dövrün əhval-ruhiyyəsini canlandırmaq o qədər də çətin məsələ deyildi: “Təsəvvür edin ki, hələ çəkilişə başlamamışdan əvvəl Fəxrəddin Manafova dedim ki, sən Yusifi yaratmaq üçün heç olmasa 5 kq arıqlamalısan. Doğrudan da o, çəkiliş vaxtı Yusif obrazı üçün artıq olan çəkisini itirmişdi. Onun geyimi, kepkası, eləcə də restoranda çəkilən kadrlarda gözə görünən kütləvi səhnə iştirakçılarının hamısı başdan-ayağa  qədər o dövrün görünüşünə uyğunlaşdırılmışdı”.

Rasim Ocaqov hər dəfə olduğu kimi bu dəfə də çəkiliş vaxtı filmə digər studiyalardan aktyor cəlb edib: “Edik roluna Kiyevdən Viktor Dəmirtaşı dəvət etmişdim. Bundan əvvəl də onu “Bağlı  qapı arxasında” filmimə  dəvət etmişdim. Dəmirtaş “Bağlı qapı arxasında” filmində əsas qəhrəmanlardan birini oynayıb. Birgə əməkdaşlığımız nəticəsində Dəmirtaşın aktyorluq qabiliyyətinə yaxından bələd olduğum üçün “Ölsəm, bağışla” filminin rol bölgüsündə heç düşünmədən belə onu Edik roluna dəvət və təsdiq etdim. Edikin nişanlısı Zina roluna isə Moskvadan Yelena Kostinanı dəvət etdim. Dediyim kimi, bir rejissor olaraq mənim üçün aktyorun hansı dinə, hansı millətə mənsub olması önəmli deyil. Mənim üçün əsas olan odur ki, aktyorun talantı, iş üslubu, oyun tərzi yüksək səviyyədə olsun”.

 

“XRAM VOZDUXA” RESTORANINDA ÇƏKİLİŞ BAŞ TUTMADI

 

Qeyd edək ki, filmin sonunda xüsusi olaraq soyuqqanlı oyun nümayiş etdirən mafiya qrupu yığma aktyorlardan ibarət olub. Belə ki, həmin aktyorların arasında özümüzünkülərlə yanaşı rus aktyorları da çəkilib.

R.Ocaqovun dediklərindən: “Mafiya qrupun arasında bir nəfər rus aktyoru var idi, qalanları isə öz aktyorlarımız idi. Xatırladım ki, mafiya  qrupun oyun nümayiş etdirdiyi səhnə kinostudiyanın həyətində qurulmuş pavilyonda lentə alınıb”.

Rejissor etiraf edirdi ki, restoranda çəkilən kadrlar çox çətin başa gəlib: “Əvvəla, restoranın iç görünüşünün çəkilişinə icazə verilmədiyi üçün yaradıcı qrup həmin kadrı pavilyonda hazırlamaq məcburiyyətində qalıb ki, bu da dekoratsiyaların çətin başa gəlməsinə səbəb olub. Qeyd etmək istərdim ki, restoran-“Xram Vozduxa” çox çətin dekoratsiya idi. Doğrudur ki, bu kadrı “Xram Vozduxa”da çəkməyə icazə vermədilər. Ancaq əgər icazə versələr də alınmazdı. Çünki həmin kadrın çəkilişləri ağır olmaqla yanaşı, eyni zamanda da çəkiliş apparaturalarını yerləşdirmək üçün əlverişli deyildi. Buna görə də restoran səhnəsini pavilyonda qurduq. Və təbii ki, “Xram Vozduxa” restoranının iç görünüşünü olduğu kimi pavilyonda qurduq. Ancaq restoranın çöl görünüşü elə “Xram Vozduxa”da lentə alınıb”.

Çəkiliş vaxtı rejissor hər bir kadrın canlı, real alınması üçün əlindən gələni əsirgəməyib. Bu da ondan irəli gəlirdi ki, müharibə dəhşətlərini görmüş insanlar onun ekran variantına baxarkən təəccüblənməsinlər. Ümumiyyətlə götürdükdə isə kino elə bir sənət növüdür ki, orada inandırıcılıq mütləq olmalıdır: “Əlbəttə ki, kinodakı hadisələr real həyatı müəyyən mənada özündə əks etdirməlidir. Bu baxımdan “Ölsəm, bağışla” filmini çəkərkən çalışdım ki, müharibədən sonra gördüklərimi ekrana köçürə bilim. Hər rola uyğun aktyorları sınaqda yoxlayarkən, çəkiliş yerlərini axtararkən, çalışmışam ki, o dövrə uyğun gəlsin. Onu da qeyd etmək istərdim ki, mən rejissor kimi fəliyyət göstərdiyim vaxtdan italyan neorealizminin təsiri altında  olmuşam. Demək olar ki, mənim rejissurada əsas müəllimim italyan neorealizmi olub. Bu baxımdan da real həyatı ekrana gətirmək mənim əsas iş üslubumdur”.

Çəkiliş vaxtı bir sıra çətinliklər ortaya çıxırdı ki, bu da daha çox çəkiliş gedən  ərazidə əhalinin böyük maraqla yaradıcı qrupun işinə tamaşa  etməsindən irəli gəlirdi. Əslində buna çətinlik də demək olmaz. Ancaq məsələ burasındadır ki, müharibə dövrünü canlandıraraq lentə köçürmək qərarına gələn rejissor, kənardan görünən camaatı da o dövrə uyğun geyindirmək məcburiyyətində qalırdı: “Filmdə hər şeyin real alınması üçün ilk növbədə aktyorların o dövrə uyğun olaraq necə geyindirməyin bir neçə variantını axtardıq. Geyim məsələsi bitdikdən sonra o dövrün əhval-ruhiyyəsinə uyğun formada aktyorları qrimləmək, onların hərəkət, danışıq formalarını müəyyənləşdirmək və s. işləri öz qaydasına saldıq. Artıq o məqamda çətinliklə rastlaşdıq ki, siz qeyd etdiyiniz kimi küçədə-İçərişəhərdə olan çəkilişlərə başladıq. Bir var ki, müasir mövzuda olan filmi küçədə 2-3 günə çox asanlıqla çəkəsən. Belə məqamda heç ətrafda olan insanların görünüşü də o qədər böyük rol oynamayacaq. Ancaq bir də var ki, müharibə mövzusunda olan filmi çəkdiyin məqamda ətrafda müasir geyimli insan axını ilə rastlaşasan. Lazımdır ki, çəkiliş gedən yerlərlə yanaşı kütləvi səhnəyə qoşulan camaat da dövrə uyğun olaraq geyindirilsin. Çəkilişə başladığımız zaman heç kəsin bizə mane olmaması üçün çalışırdıq ki, camaatı həmin ərazidən kənarlaşdıraq. Bu kimi çətinliklərlə qarşılaşırdıq ki, onu da tez bir vaxtda həll edirdik. Bu da ondan irəli gəlirdi ki, yaradıcı qrup  çəkilişin tez qurtarmasını və filmin istehsalata buraxılmasını çox səbirsizliklə gözləyirdi”.

 

DƏLİ ROLUNU OYNAYAN AKTYOR DEYİL

 

Filmdə diqqət mərkəzində dayanan kadrlardan və təbii ki, rollardan biri də küçədə dəlinin uşaqların ardınca qaçması, onun hirslənərək əcaib səs çıxarması və son anda zor gücünə dəlixanaya aparılması səhnəsidir. Əslində dəli rolunu böyük ustalıqla oynayan aktyor  deyil.

Rejissorla tanış olan həmin oğlan hər dəfə onunla görüşəndə “məni də öz filminə çək” deyə ondan xahiş  edirmiş.

Rasim müəllim deyirdi ki, dəli rolunu oynayan oğlan, doğrudan da aktyor deyil, sadəcə olaraq onu çoxdan tanıyırdım: “Onun görünüşü mənim çox xoşuma gəlirdi və bu oğlan hər dəfə məni görəndə xahiş edərək deyirdi ki, “öz filmlərinizdə məndən də istifadə edin. Onu da qeyd edim ki, dəli rolunu yaradan oğlan tam sağlam insandır, onda heç bir çatışmamazlıq yoxdur. Filmin sınaq çəkilişlərində hər rola uyğun aktyor seçimini bitirdikdən sonra dəli roluna kimi çəkəcəyimi çox fikirləşdim. Birdən yadıma düşdü ki, haqqında danışdığım oğlanı bir sınaq edim. Sınaq vaxtı onun danışığı, gülüşü, oynamağı məni qane etdi. Onu dəli roluna təsdiq etməyi planlaşdıran kimi ilk növbədə qarşısına şərt qoydum ki, saçların keçəl qırxılmalıdır. Deyəsən sözüm onu yaman tutmuşdu. Çünki o, mənim sözümdən sonra bir az nəm-nüm etdi. Elə ki, ona “saçların keçəl olmasa səni dəli roluna çəkməyəcəyəm” dedim, o zaman razılaşmaqdan başqa heç bir çarəsi qalmadı. Beləcə bizim birgə əməkdaşlığımız baş tutdu. Elə ki, filmin hazır materialının ekran variantına baxdım, gördüm ki, onu dəli roluna seçməkdə yanılmamışam”.            ”

Filmdəki Gülya obrazı aktrisa Gülzar Qurbanova tərəfindən böyük məharətlə yaradılıb. 18 yaşlı tələbə üçün qadın obrazı yaratmaq aktyordan yüksək məsuliyyət tələb edirdi.

Xatırladaq ki, filmin  çəkildiyi ildə Gülzar Qurbanova Ümumittifaq Kinematoqrafiya İnstitutunda Aleksey Vladimiroviç Batalovun kursunda təhsil alırdı. Və o vaxta kimi artıq bir neçə filmə çəkilmişdi. Bunlardan “Azərbaycanfilm”in istehsalı olan “İmtahan”(rejissoru Gülbəniz Əzimzadədir) filmi, “Tacikstanfilm”in istehsalı olan “Aeroportda hadisə”(rejissoru Yunis Yusurovdur) filmlərinin adlarını çəkmək olar. O, Moskvada 3-cü kursda təhsil alarkən Bakıda keçirilən festivala iştirak etdiyi “Doroqaya Yevgeni Sergeyeviç” tamaşası ilə qatılır. “Doroqaya Yevgeni Sergeyeviç” əsəri Eldar Ryazanovun quruluşunda film şəklində lentə də alınıb.

Aktrisanın dediklərindən: “Həmin festivalda iştirak edərkən Rasim Ocaqovun diqqət mərkəzində dayandığımı çox sonralar eşitdim. O, aktrisalıq qabiliyyətimi bəyəndiyi üçün məni “Ölsəm, bağışla” filmində baş rollardan biri olan Gülya obrazının sınaq çəkilişlərinə dəvət etdi. Gülya obrazının sınaq çəkilişlərində məndən başqa da bir neçə aktrisa iştirak edirdi. Ancaq rejissor çalışırdı ki, bu aktrisalar bir-birlərindən xəbər tuta bilməsinlər. Eşitdiyimə görə, Gürcüstandan da aktrisa dəvət olunmuşdu. Ancaq buna baxmayaraq Rasim Ocaqov kimi hansı rola çəkəcəyini əvvəlcədən müəyyənləşdirmişdi. Elə ki, hər aktyor uyğun olan rollara təsdiq olundu, bundan sonra çəkiliş prosesləri başlandı. Çəkiliş vaxtı heç bir çətinlik çəkmədim. Baxmayaraq 18 yaşlı bir qızın 22 yaşlı qadın obrazı yaratması asan məsələ deyil, ancaq çalışırdım ki, öhdəsindən gəlim. Çəkiliş vaxtı rejissorun mənə çox köməyi dəyirdi. Mənə elə gəlir ki, Rasim Ocaqov kimi rejissorla işləmək özü böyük bir məktəbdir. O, aktyora tam sərbəstlik verir, aktyor fikri ilə hesablaşır. Bildiyiniz kimi filmin çəkilişlərinin bir hissəsi Kislovodskda lentə alınıb. Deməli, 1988-ci ilin sentyabr ayında bir ay müddətində Kislovodskda qalmalı olduq”.

Film aktrisa üçün uğurlu olub: “Belə ki, mənim təhsil aldığım Ümumittifaq Kinematoqrafiya İnstitutunda diplom işim bu filmlə müdafiə olundu. Bu, çox  böyük göstərici idi. Bundan başqa mən Gülya obrazına görə mükafat aldım. Sonra ardıcıl olaraq rejissorlarımız tərəfindən filmlərə dəvət aldım. Ancaq bu dəvətləri qəbul edə bilmirdim. Çünki müəllimim Batalov mənə icazə vermirdi. Bunun da səbəbi o idi ki, film çəkilişlərində iştirak etməyim kurs işlərinin yarımçıq qalmasına, iştirak etdiyim tamaşaların nümayişinin dayanmasına gətirib çıxarırdı. Çox təsadüf bir halda Batalov mənə icazə verdi ki, “Ölsəm, bağışla” filminin çəkilişlərində iştirak edim. Bu da ondan irəli gəlirdi ki, dərs ili yenicə başlamışdı. Təxminən 20 gün Kislovodskda, 10 gün də Bakıda çəkilişlər oldu. Söhbət Gülya obrazının çəkiliş müddətindən gedir. Və onu da xüsusilə qeyd etmək istərdim ki, tərəfmüqabilim Fəxrəddin Manafovla birgə əməkdaşlığımız demək olar ki, bir-birini tamamlayırdı”.

 

FİLM 1-Cİ KATEQORİYAYA LAYİQ GÖRÜLDÜ

 

Filmin hazırlıq prosesi bitdikdən sonra hazır material “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Bədii Şuranın baxışına təqdim edilir. Həmin dövrdə “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində Ramiz Fətəliyev çalışırdı. Bədii Şuranın tərkibində isə dövrün ən görkəmli sənətkarları (Yusif Səmədoğlu, Ramiz Rövşən və b.) fəaliyyət göstərirdi. Baxmayaraq ki, “Ölsəm, bağışla” filminin istehsalı çox qarışıq bir dövrə təsadüf edib, ancaq film öz qiymətini alıb. Belə ki, öz Bədii Şuramız filmi təsdiq etdikdən sonra onu Moskva Bədii Şurasının ixtiyarına verir. Moskvada nümayiş olunan film qəbul olunur və 1-ci kateqoriya verilir.

“Ölsəm, bağışla” filminə 1991-ci ildə Bakıda keçirilən Azərbaycan filmlərinin I festival-müsabiqəsində ən yaxşı bədii filmə görə mükafat və priz, 1992-ci ildə Çimkənddə(Qazaxıstan), Orta Asiya və Azərbaycan kino aktyorlarının I regional “İpək yolu” kinofestivalında ən yaxşı qadın və kişi rollarının ifasına görə aktyorlardan Gülzar Qurbanovaya və Fəxrəddin Manafova baş mükafat verilmişdir.

Filmin yaradıcı heyəti: Sssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissor Rasim Ocaqov, operator Rafiq Qəmbərov, rəssam Rafis İsmayılov, bəstəkar Emin Sabitoğludur.

Rollarda iştirak edirlər: Fəxrəddin Manafov(Yusif), Gülzar Qurbanova(Gülya), Sədayə Mustafayeva(Yusifin anası), Muxtar Maniyev(Seyidrza), Nizami Musayev(Cavad), Rəsmi Cəbrayılov(həkim), Həsən Məmmədov(Firuz), Hacı İsmayılov(Qulam), Viktor Dəmirtaş(Edik), Ülkər Quliyeva(Naza), Ağasəf Sadıqbəyov(Eldar), Yelena Kostina(Zina), Andrey Proxorov(Viktor), Andrey Yurenev(müstəntiq), Qalina Kuznetsova(ev sahibəsi), Mariya Stepanova(Marusya xala), Aliyə Musayeva(Zulya), Zülfüqar Baratzadə(Baladadaş), T.İsmayılov, H.Əhmədova, R.Həsənzadə, Y.Semyonov, Vəliəhd Vəliyev, K.Məhərrəmov.

Xədicə QİYAS