Azərbaycan Kinematoqrafçılar İttifaqının “Mən qadınam” tammetrajlı ssenari müsabiqəsi çərçivəsində təşkil etdiyi növbəti – “Ssenarinin texniki qaydaları” adlı ssenari təlimi martın 16-da baş tutdu.
Təlimə qatılan iştirakçılar sözügedən müsabiqə ilə bağlı hazırladıqları sinopsis və ideyaların, o cümlədən, yazmaq istədikləri ideyaların inkişaf etdirilməsi ilə bağlı biliklər əldə ediblər.
Təlimin mentoru, ssenarist Pərviz Məmmədov təlim haqda fikir və təəssüratlarını bildirib: “Ssenari təliminin iştirakçıları ssenaridə strukturun və süjetin qurulması, qəhrəmanların xarakterinin yaradılması və digər elementlər haqda bilgilər əldə ediblər. Bundan əlavə, ssenari yazılışının texniki qaydasını da hazır nümunələr üzərində öyrənən iştirakçılar, öyrəndiklərini analiz etmək bacarığını da inkişaf etdirir”. Mentorun fikrincə, iştirakçılar, həm də öz gələcək həmkarları ilə tanış olur və ünsiyyət yaradır. Bu əlaqələr gələcəkdə həm də uğurlu işbirliyinə gətirib çıxara bilər.

Xatırladaq ki, adıçəkilən təlimdən əlavə, AKİ, martın əvvəlində “Dialoq necə yazılmalı” adlı (mentor Pərviz Məmmədov) təlim də təşkil etmişdi. Fevralda isə “Ssenaristin əlifbası” adlı ibtidai intensiv təlim, ssenarist və rejissor Oleq Səfərəliyevin mentorluğu ilə keçirilmişdi.
Hazırda “Mən qadınam” tammetrajlı ssenari müsabiqəsinə ssenarilərin qəbulu davam edir. Qəbul üçün son gün 15 aprel 2025-cil tarixi müəyyən edilib. Qaliblərin adı 2 avqust 2025-ci il tarixində elan olunacaq.
aki.az