Pandemiya ilə başlayıb Qələbə ilə bitən 2020

Bu da ilin sonu…

…2020-ci il həyatımıza, dünyamıza pandemiya ilə qədəm
qoydu. Bütün dünya Covid 19 bəlasını hiss etdi, xəstəlik kabusunu
gördü, onunla mübarizəyə başladı. Bütün bu proseslərdən Azərbaycan
da geri qalmadı. Ölkə səfərbər oldu, dövlət səviyyəsində əhalini
qorumaq üçün tədbirlər planı hazırlandı və həyata keçirilməyə başladı.
Hətta dünya ölkələrinin bu ağır günlərində bir-birinə etdiyi yardımlarda
ölkəmiz də geri qalmadı. İl başa çatsa da hələ də pandemiya ilə
mübarizə davam edir, dünya ölkələri az qala iflic vəziyyətinə düşüb
desək, yəqin ki, yanılmarıq. Ancaq bunun da keçici olduğuna inanırıq,
ömürlük olan nə var ki!?
Necə ki, “Qarabağ torpaqlarımız çətin bizə qayıda” deyənlərin mənfi
fikirləri havadan asılı qaldı…
Necə ki, ümidini itirən xalqın, “Artıq hamı başının hayındadır, Qarabağı
çoxdan unutmuşuq” dediyi fikirlər suya düşdü…
Necə ki, Qarabağ həsrəti ilə yanan yaşlı nəslin əksəriyyəti dünyasını
dəyişəndə “Heyf o torpaqları görmək bizə qismət olmadı” deyə
ümidsizliklə gözlərini əbədi yumdular…
2020 –ci ilin son ayları həyatımıza II Qarabağ Müharibəsinin başlanması
ilə qədəm qoydu. Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu
erməni həmləsinə qarşı savaşa başladı, ön cəbhədə əsgərlərimiz, arxa
cəbhədə xalq olaraq səfərbər olduq, Sərkərdəmiz İlham Əliyevin
ətrafında cəmləşdik…Etiraf edək ki, çox ağır günlər yaşadıq, bu artıq
həqiqi müharibə idi, bu xalqın 30 ildir yığılıb qalan qəzəbi idi, torpaqları
işğaldan azad etmək üçün hərb yolunu seçən əsgərlərimizin
qəhrəmanlıq gücü idi. Geriyə yol yox idi, bunu hamı başa düşürdü…Ölkə
başçısının bu çətin günlərdə olan siyasi addımları, təbliğatı, dünya
mətbuatına Qarabağla bağlı verdiyi müsahibələr, azərbaycan, rus,
ingilis, türk dillərində tarixi faktlarla çıxışlar etmək, bir sözlə, güclü
təbliğat apararaq dünyaya səsini yüksəldərək çatdırmaq kimi məqamlar
ondan xəbər verirdi ki, artıq səbrimiz tükənib…
44 gün davam edən müharibədə əldə etdiyimiz nəticə həyatımızı
dəyişdi, solmuş ümidlər yenidən pöhrə verdi, çiçək açdı…
45-ci günə yuxudan Qələbə sevinci ilə oyandıq demək istəyirdim,
yadıma düşdü ki, o gecə heç kim yatmamışdı, bütün gecə 7-dən 77-yə
hamı oyaq qalmışdı, hamı sevinc göz yaşları axıdırdı…
30 illik həsrətimizə son verildi, heç vaxt unudulmayan Qarabağımız
işğaldan azad oldu, bu sevinc hissini sözlə ifadə etmək çox çətindir,
çünki elə hisslər var ki, bu sadəcə iç dünyamıza aiddir, ancaq QƏLƏBƏ
sevincini sözün həqiqi mənasında yaşadıq…
İtkilərimiz də oldu, bəlkə də bu səbəbdən bir qədər incik, doluxsunmuş,
boynubükük qaldıq… 2783 şəhid vermək, bu o qədər ağır idi ki,
həyatımız boyunca bizi incidən bir ağır yük kimi…Ancaq Vətən üçün
ölmək özü də böyük şərəfdir, təki Vətən sağ olsun…
2020-ci iI bizə çox şey yaşatdı, yəqin ki, zamanla baş verənləri daha
dəqiqliklə xatırlayacaq.
Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq ölkəmizin bu çətin və
şərəfli günlərində heç kimdən geri qalmadıq, dövlətimizə,
Prezidentimizə mənəvi, ordumuza maddi dəstək verdik. İttifaqın mətbu
orqanı olan aki-az saytında mütəmadi olaraq baş verən hadisələrlə bağlı
xəbərlər, məqalələr dərc etdik, kinematoqrafçılarımızın Vətən
müharibəsi ilə bağlı olan fikirlərini, dəstəyini əks etdirən yazılarla çıxış
etdik. Əlbəttə ki, hamı kimi, bu bizim də borcumuz idi ki, vətəndaş
mövqeyi ortaya qoyaq.
Artıq yeni ilə qədəm qoyuruq, yeni ildə görüləcək işlər çoxdur. Ancaq
2021-ci ildən gözləntilərimiz də çoxdur. İnanırıq ki, yeni gələn ildə
həyatımız, dünyamız daha da gözəlləşəcək…
Azərbaycan xalqını, Dünya Azərbaycanlılarını, bütün Türk dünyasını yeni
il münasibətilə təbrik edir, millətin təbliğatı uğrunda aparılan
mübarizələrdə uğurlar arzulayırıq.

X.QİYAS