Peşə bayramı günündə kinematoqrafçıların həyəcan təbili!

Böyük tarixə malik Azərbaycan kinosunun 122 yaşı tamam olur. Bu bayram günündə sadəcə görülən işlərdən danışmaq nə qədər önəmlidirsə, milli kinomuzda mövcud olan problemləri dilə gətirmək və bunları kinematoqarfçılardan dinləmək də bir o qədər vacibdir.

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədri, kinorejissor Hüseyn Mehdiyev deyir ki, növbəti kino bayramımızı, neçənci ildir ki, kinomuzun pərakəndə və sistemsiz vəziyyətilə qarşılayırıq: “Hər il kino bayramında başı bəlalı keçmiş nazirimiz çıxış edib bizi şirnikləndirirdi ki, hər şey yaxşı olacaq… “Azərbaycanfilm” təmir olunacaq və müasir avadanlıqla təchiz olunacaq, çəkiləcək filmlərin sayı artacaq və s. İndi məlum oldu ki, sadəcə olaraq başımızı aldadıb bizi “yatızdırırdı”… Bax beləcə, yatızdıra-yatızdıra bütün kino mülkiyyətimizi satdılar, pis-yaxşı olan kino siztemimizi dağıtdılar, sənətçilər arasında nifaq saldılar və peşəkarları-yaradıcı insanları kinomuzun gələcək taleyüklü məsələlərindən uzaqlaşdırdılar… Hərçəndir mən tez-tez gileylənirəm ki, aramızda nifaq salıb bizi parçaladılar, amma bayram ərəfəsində həmkarlarımı inandırıram ki, bu bizim üçün nə qədər utancverici hall olsa da, razılaşmalıyıq ki, riyakarlıq edib bir yerdə olmaqdansa səmimi olub ayrı olmaq min dəfə yaxşıdır. Bunun bəhrəsini bizdən sonra gələnlər hiss edəcəklər… Birdə ki, fikir ayrılığı, heç də məqsəd birliyini inkar etmir. Məqsəd isə mən guman edirəm, hamıda birdir: kinosistemində elə şərait yaradılmalıdır ki, milli kinomuzun inkişafı subyektiv faktorlardan yox, təbii və obyektiv formada, öz axarı ilə inkişaf edə bilsin. Çünki, bizim kinomuzun intellektual potensialı, “xaricdən transfer edənlərin” təsəvvür edə biləcəyindən qat-qat yüksəkdir… Kinomuzun təbii və obyektiv inkişafını təmin edə biləcək şəraitin yaradılması, bizim iqtisadi şəraitdə utopik bir arzuya bənzəsə də, biz ona can atmalıyıq. Həmin şəraitin əsasları isə tam realdır:

– Kinosisteminin strukturlaşması

– İdarəetmənin avtanomluğu

– Maliyyə mənbələrinin müxtəlifliyi.

Bunlar ölkələrin iqtisadi, siyasi və sosial sistemindən aslı olmayaraq, kinematoqrafın inkişafı üçün dünyada tətbiq edilən müxtəlif modellərin ən elementar əsaslarıdır. Qalanları isə, hər şey var… sənətçilərin imkanları və yaratmaq arzusu, sahibkarların kinodan pul qazanmaq istəyi və xalqımızın milli kinomuza olan sevgisi… Bircə qalır dövlətimizin kinomuza olan münasibəti”.

H.Mehdiyev problemləri dilə gətirsə də, ümidsiz deyil, kinonun sabahlarına inanır: “Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyəti adından, bütün həmkarlarımı 2 avqust peşə bayramımız münasibətilə təbrik edirəm. Hamıya can sağlığı, yaradıcılıqlarının tükənməməsini və həmişə təmkinli, ardıcıl və öz yaradıcılıqlarının ifadəsi uğrunda mübariz olmağı arzulayıram! Və ümid edirəm ki, 2 avqust kino bayramında, çoxdan arzuladığımız kinomuzun inkişaf konsepsiyası qəbul olunaraq, kinomuzda islahatlar başlayacaq və mənim yuxarıda söylədiyim fikirlər öz aktuallığını itirəcək”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç isə bildirir ki, indiki halda kino sahəsində yeni nəsə gözləmək düzgün olmazdı: “ Dünyada baş verən son hadisələr bizdəndə yan keçmədi. Bunun fəsadları uzun çəkə bilər. Bu maliyyə sıxıntısına gətirib çıxaracaq ki, bu da kinoya təsir edəcək. Amma və lakin müstəqil filmlər çəkənlər məncə işlərinə davam edəcəklər. O ki, qaldı Mədəniyyət nazirliyinə, yaxın bir ildə ciddi dəyişiklik gözləmək düzgün olmaz. Çünki kino idarəçiliyi o günə salınıb ki, itirilmiş 15 ili bərpa etmək çətin olacaq”.

Kinorejissor Mübariz Nağıyev fürsətdən istifadə edərək həmkarlarına müraciət etdi: “Hörmətli həmkarlar, əziz kino işçiləri! Məlum vəziyyətlə əlaqədar olaraq, bu il “Azərbaycan kinosu günü” sərt karantin rejimində qeyd olunur. Təəssüflə hamıya məlum olan bir həqiqəti də qeyd etmək istəyirəm ki, sovet dövründə tamaşaçılara bədii cəhətdən dəyərli, maraqlı ekran əsərləri bağışlayan milli kinematoqrafımız uzun illərdir ağır böhran içərisindədir. Bu uzun böhran illərində bu sahədə çalışan məmurlar və vəzifəli şəxslər ağız dolusu “kinonun inkişafından” danışmaqda, onların nitqlərində, məruzələrində, bəyanatlarında “inkişaf edən” kino isə can verməkdə, tənəzzl etməkdədir. Bir neçə il əvvəl bir müsahibəmdə demişdim ki, “Azərbaycan kinosu ölüb! Ölünü də diriltməyə həzrəti-İsa lazımdır, amma heyif ki, gələnlər Şeyx Nəsrullah çıxır”.

Müraciətiylə eyni zamanda həmkarlarına suallar ünvanlayan, suallarına cavab axtaran rejissor onu da əlavə edir: “Yaşlı nəsildən soruşun: azadlığımızın əlimizdən alındığını dediyimiz SSRİ dövrünün senzurası indiki guya mövcud olmayan senzuranın yanında heç nə imiş. O zamanlar kinonu peşəkarlar çəkə bilərdi, indi isə dəllək Üzeyir bəyin acığına opera yazdığı kimi, istənilən şəxs çəkə bilər. Qoy çəksin, sözüm yox, “azadlıqdır” – filan. Bəs onların qeyri-peşəkar, qeyri-etik, qurşaqdan aşağı bayağı zarafatlarla, yeri gəldi-gəlmədi, tamaşaçı yığmaq üçün söyüşlərlə dolu “filmlərini” dövlət kinoteatrında göstərib cəmiyyətin zövqünü niyə məhv eləyək? Azadlıqdır – deyirsiniz? Kim istəsə, kino çəkə bilər? Onda gəlin mən də o “azadlıq”dan istifadə edib cərrahlığa başlayım. Əməliyyat stoluna uzanmağa razısınız? Yox. Bəs mənim kinomu niyə istədiyiniz kimi əməliyyat edirsiniz? Dövlətin kinoya ayırdığı maliyyə hansı əsaslarla yönəldilir? Bu əsaslar doğrudursa, niyə inkişaf yoxdur? (Məmur nitqlərindəki inkişafı demirəm, real inkişafdan danışıram). Əslində isə hamı yaxşı bilir ki, bu maliyyə hansı şərtlərə görə yönləndirilir: gərək kənar adam olmayasan, “yola gedən”, “dil tapan”, yuxarılara “ləbbeyk” deyən olasan, nə və necə çəkəcəyin isə qətiyyən vacib deyil”.

M.Nağıyev kinonun mövcud problemlərinə görə narahat olsa da, tələblərini, təkliflərini bildirməkdən qalmır, hətta hər şeyin yaxşı olacağına inanır: “Bu gün Azərbaycan kinosuna bir çox virusdan xilas olmaq üçün olduqca ciddi karantin lazımdır! Amma bu karantin olsa da, olmasa da bir vaxt gələcək ki, bu ölkənin kinematoqrafı Səməndər quşu kimi küldən yenidən yaranacaq! Amma arada mənim ömrüm gedir… Gününüz mübarək, mənim əziz və sevimli kino Adamlarım!”.

Bu da kino günündə kinematoqrafçılarımızın haqlı narazılıqları və Azərbaycan kinosunun güclü bünövrə üstündə qurulduğuna olan inamları idi. Həqiqətən belədir.Var olan bünövrənin üzərində yenidən sənət nümunələri göyərəcək. Kino günü öncəsi, Hilal Baydarov, Teymur Hacıyev və Rüfət Həsənovun prestijli kino festivallarının əsas proqramlarında iştirakı bunu deməyə əsas verir!

Xədicə QİYAS