“Peşəsi: ssenarist” qadın müəlliflər üçün ssenari emalatxanasına seçim başladı

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək “Peşəsi: ssenarist” qadın müəlliflər üçün ssenari emalatxanası layihəsinə qəbul elan edilmişdir. Artıq “Peşəsi: ssenarist” qadın müəlliflər üçün ssenari emalatxanası layihəsinin müsahibə mərhələsi baş tutub.

Yazıçı, ssenarist, redaktor, ssenari ixtisası üzrə təhsil almış gənc ssenaristlər və digər ixtisaslara sahib olan qadın müraciətçilərdən 12 nəfər 2-ci mərhələyə iştirak haqqı qazanıb. Ümumilikdə layihəyə 25 müraciət qəbul olunub. 8 nəfər layihədə iştirak haqqı qazanacaq. İştirakçılar və onların yaradıcılığı haqqında məlumatı yaxın günlərdə paylaşacağıq.

Layihə 2022-ci ilin sentyabr, oktyabr aylarını əhatə edəcək və ssenari üzrə intensiv iş layihəsidir. Layihənin Şəki mərhələsi 26 sentyabr – 4 oktyabr tarixində olacaq. Bakı mərhələsinin dərs saatları və günləri iştirakçılar və təlimçinin ortaq qərarı ilə müəyyənləşdiriləcəkdir. Layihə ssenari barədə daha dərin biliklər öyrənmək istəyən qadın müəlliflər üçün nəzərdə tutulub.

Xatırladaq ki, bu layihə Azərbaycan Kinematoqrafçılar İttifaqının sayca 4-cü layihəsidir. Bundan öncə AKİ-nin şəxsi təşəbbüsü ilə “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə yay məktəbi, “A-dan Z-yə” kino istehsalı intensiv kinorejissorluq kursları və “Asan Könüllüləri” təşkilatı ilə birgə “Gənc kinematoqrafçılar” layihələri həyata keçirilmişdir.

aki.az