Polad Bülbüloğlunun 75 illiyi qeyd olunub

22 yanvar Rusiyanın paytaxtı Moskva şəhərində “Dostlar məclisi” (“Вечер для друзей”) adlı konsert təşkil olunub.

Azərbaycanın Rusiyadakı səfiri, görkəmli bəstəkar və ifaçı Polad Bülbüloğlunun 75 illik yubileyinə həsr olunan konsert Moskva Myuzikl Teatrında baş tutub.

HAŞİYƏ: Polad Bülbüloğlu Azərbaycan Dövlət Konservatoriyasında, bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. 1968-ci ildə konservatoriyanı bitirəndə o, artıq bütün SSRİ-də tanınan müğənni və bəstəkar idi. 1969-cu ildə SSRİ Bəstəkarlar İttifaqının və SSRİ Kinematoqrafçılar İttifaqının üzvü seçilib.

P.Bülbüloğlunun 20-dən çox ekran əsərinə yazdığı musiqilər milli kinomuza da töhfələr verib. “İstintaq davam edir” (1966), “Uşaqlığın son gecəsi” (1968), “Babək” (1979), “Sevinc buxtası” (1977), “Yol əhvalatı” (1980), “Qorxma, mən səninləyəm” (1981) və s. filmlər bəstəkarın musiqisi ilə daha da zənginləşib.

Yubilyar gecəni ənənəvi olaraq “Bakı” mahnısı ilə açıb. Daha sonra Rusiyanın Dövlət Simfonik Kinematoqrafiya Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun milyonların sevə-sevə dinləndiyi mahnıları səslənib.

Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, TASS İnformasiya Agentliyi Baş direktorunun birinci müavini Mixail Qusman, kinorejissor Yuli Qusman, Rusiyanın Xalq artisti Lev Leşenko, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və b. çıxışlarında Polad Bülbüloğlunu görkəmli bəstəkar və müğənni, məharətli diplomat, müdrik insan, Azərbaycanı sonsuz məhəbbətlə sevən vətənpərvər kimi səciyyələndiriblər və onun onun dahi Bülbülün oğlu, böyük sənətkarlar Üzeyir Hacıbəyli və Dmitri Şastokoviçin tələbəsi olan Qara Qarayevin yetirməsi olduğunu xüsusilə diqqətə çatdırıblar.

Sonda yubilyar konsertində iştirak edən bütün qonaqlara təşəkkürünü bildirərək deyib: “Axırıncı dəfə beş il bundan qabaq Moskvada və Bakıda konsert vermişdim. Azərbaycan musiqisinin Moskvanın mərkəzində səslənməsi məni qürurlandırır. Konserti Bakı haqqında mahnımla açıb, Azərbaycan haqqında mahnı ilə bitirdim. Bugünkü konsertdən böyük zövq aldım. Yaxın günlərdə Bakıda, Heydər Əliyev Sarayında da konsert verəcəyəm. İndi ona hazırlaşırıq”.

Gecənin qonaqları Polad Bülbüloğlu haqqında fikirlərini Azərtac-ın müxbiri ilə bölüşüblər. Onlardan bəzilərini diqqətinizə çatdırırq.

M.Qorki adına Kinostudiyanın direktoru Yuliana Slaşyova deyib: “Polad Bülbüloğlunun sonsuz həyat eşqinin şahidi olanda, ruhun yenidən doğulmasına, gəncliyin sonsuzadək davam edə bilməsinə inanırsan. Mən bu günlərdə Bakıda baş tutacaq dəyirmi masada iştirak etməyi nəzərdə tutmuşam. Azərbaycan və Rusiya arasında mədəni əməkdaşlığa, o cümlədən kino və animasiya sahəsində layihələrdən danışacağıq. Düşünürəm ki, bizim çox böyük əməkdaşlıq perspektivlərimiz var”.

Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy: “Polad Bülbüloğlu keçmiş SSRİ məkanında ilk addımlarını 1960-cı illərdə Ümumittifaq radiosunun redaksiyasında atıb. Sonradan o, 2006-cı ildə Moskvaya fövqəladə və səlahiyyətli səfir təyin edilib: “Bir dəfə MDB Mədəniyyət nazirlərinin Azərbaycan Prezidenti Heydər Əliyev ilə görüşündə mən Poladın ən yaxşı və təcrübəli nazir olduğunu deməyə cəsarət etdim. Heydər Əliyev bu fikrimə gülümsəyərək belə cavab verdi: “Düşünürəm ki, mən onu hələ rəndələyirəm…”. “Deməli, sizin mədəniyyət naziri dünyanın ən “rəndələnmiş” naziri olacaq”, – deyə fikrimi söylədim. Polad Bülbüloğlu həm musiqidə, həm diplomatiyada, həm də dostluqda istedadlıdır”.

Azərbaycan Kinematoqrafçılar İttifaqı