Prezident “Kino Agentliyi”nin yaradılması haqqında Fərman imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

Azertag.az-ın məlumatına görə, “Azərbaycan Respublikasının Kino Agentliyi” kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə yaradılır.

Müəyyən edilib ki, Agentlik Azərbaycanda kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, Nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi Baş direktor həyata keçirir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinə iki ay müddətində agentliyin nizamnaməsinin layihəsini və nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi, agentliyin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görməsi və bu Fərmandan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

aki.az