Prodüser Aydın Abdullayev vəfat edib

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, kino təşkilatçısı, prodüser Aydın Abdullayev vəfat edib.

A.Abdullayev 7 iyun 1951-ci ildə Bakıda anadan olub. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1975-ci ildən ömrünü kinoya həsr edərək kino sahəsində çalışmağa başlayıb. Film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi vəzifələrində çalışıb.

1993-1994-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında direktor müavini, direktor əvəzi, 1994-2000-ci illərdə “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən, əsasən cizgi filmləri istehsal edən “Azanfilm” kinostudiyasının direktoru olub.

Yeri gəlmişkən, Aydın Abdulayev 20-yə yaxın animasiya filminin “Pəncə… qulaq… palaz… tikan…” (1976, animasiya filmi), “Kirpi balası və alma” (1977, animasiya filmi), “Dəcəl dovşan” (1981, animasiya filmi), “Sən belə cımbılısan” (1982, animasiya filmi), “Göyçək Fatma” (II) (1988, animasiya filmi), “Şüalə” (1994, animasiya filmi) və s.) direktorudur. Bundan başqa, “Ümid” (1992) animasiya filminin prodüseri, “Çalalar”(2000) animasiya filminin isə icraçı prodüseri olub.

A.Abdullayev eyni vaxtda bir çox sənədli və qısametrajlı bədii filmlərin də (“Kontinental şelfin neftqaz obyektlərində təhlükəsizlik texnikası” (1987, qısametrajlı sənədli film), “Qrinviç meridianından… kənarda” (2007, qısametrajlı bədii film) və s. direktoru və prodüseri olub.

Kino təşkilatçısı 2009-cu ildə rejissor Vaqif Azəryarın quruluş verdiyi “Harmoniya” qısametrajlı bədii filminin prodüseri olmaqla yanaşı, filmdə aktyor kimi də çəkilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti  mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Аllah rəhmət eləsin!

Aki.az