Professor Rafiq Quliyevin “Vizual informasiya daşıyıcıları və işığahəssas materiallar” dərsliyi işıq üzü görüb

Professor, Əməkdar incəsənət xadimi Rafiq Quliyevin uzun illərin təcrübəsindən bəhrələnərək yazdığı “Vizual informasiya daşıyıcıları və işığahəssas materiallar” adlı dərsliyi işıq üzü görüb.

Dərslikdə peşəkar kino-teleoperator və fotoqraflara kinematoqrafiya və foto sənətində istifadə olunan informasiya daşıyıcıları və işığahəssas qəbuledicilər, real görüntünün rəqəmsal informasiyaya və daha sonra optik təsvirə transformasiya üsulları, işığahəssas qəbuledicilərin həndəsi parametrləri, onların fotoqrafik xassələri, çəkiliş anında və yaxud sonrakı mərhələlərdə həmin xassə göstəricilərinin tənzimlənmə metodları haqqında, kino-fotolent və işığahəssas sensorların fotoqrafik xassələri arasında mövcud olan oxşar və fərqli cəhətlərlə bağlı bilgilər öz əksini tapıb.

Rafiq Quliyev bildirib ki, son illərdə tanınmış kinooperatorların uğurlu təcrübəsinə əsasən hətta, rəqəmsal kameralardan istifadə etməklə yüksək fotoqrafik keyfiyyətə, müəlliflərin nəzərdə tutduqları psixoestetik təsirə malik ekran görüntülərinə nail olmaq mümkündür: “Bunun üçün daim təkmilləşən rəqəmsal işığahəssas qəbuledicilərin həndəsi, fotoqrafik parametrləri, onların tənzimlənmə üsulları, ilkin görüntülərin transformasiyasının, rəng ayarlamalarının düzgün aparılması ilə bağlı biliklərə yiyələnmək zəruridir”.

Dərsliyin elmi redaktoru: Cəmil Quliyev (Əməkdar incəsənət xadimi, rejissor),  rəyçilər – Rəfail Qəmbərov (Əməkdar incəsənət xadimi, professor), Əməkdar incəsənət xadimləri Adil Abbasov və  Nizami Abbasovdur .

ADMİU-nun Elmi Şurasının 27 may 2022-ci il tarixli 08 saylı iclasının qərarı ilə çapa tövsiyə edilən dərsliyin çapı Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən maliyyələşdirilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə  Azərbaycan Kinematoqrafçılar İttifaqı arasındakı yaradıcı əməkdaşlıq, təhsil sahəsinə, tələbələrə dəstək, universitetin professor-müəllim, eyni zamanda tələbə heyəti tərəfindən yüksək qiymətləndirilib.

Bu barədə ADMİU-nun rektoru Ceyran Mahmudova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevə ünvanladığı məktubda bildirib.

Məktubda o da qeyd olunub ki, mədəniyyət və incəsənət ixtisasları üzrə Azərbaycan dilində müasir tələblərə cavab verən elmi ədəbiyyat, dərslik və dərs vəsaitlərinə ehtiyac var. Rafiq Quliyevin müəllifi olduğu “Vizual informasiya daşıyıcıları və işığahəssas materiallar” dərsliyi vacib vəsaitlərdən biridir. ADMİU rektoru dərsliyin çap olunmasına göstərilən dəstəyə görə, AKİ sədrinə öz minnətdarlığını bildirib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki, ADMİU ilə kino dərsliklərinin çapı və yayımı sahəsində məhsuldar əməkdaşlıqdan məmnundurlar və bundan sonra da bu sahədə işləri davam etmək əzmindədirlər. 2023-cü il ərzində daha iki dərslik xarakterli kitabın nəşri planlaşdırılır.

Xatırladaq ki, Rafiq Quliyev 20-dən artıq bədii, 40-a yaxın sənədli film üzərində rejissor, operator və ssenari müəllifi kimi çalışıb.

Operator kimi “Ümid”, “Fransız”, “Girov”, “Hər şey yaxşlığa doğru”, “Köpək”, “Qətl günü”, “Şahid qız” və s. bədii filmlərini çəkib.

Onun rejissor kimi 2013-cü ildə çəkdiyi “Çövkən” filmi Serbiyanın Zlatibor şəhərində “Zlatibor-2013” idman filmləri üzrə ikinci beynəlxalq film festivalında idmanda Azərbaycanın milli adət-ənənələrinin uğurla tamaşaçılara çatdırılmasına görə festivalın birinci mükafatına layiq görülmüşdür.

R.Quliyev eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğuldur. 2005-ci ildən həmin kafedranın dosentidir. 2008-ci ildə “Azərbaycan səssiz kinosunun təsvir irsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, sənətşünaslıq namizədidir. Onlarla elmi məqalənin, tədris proqramı və metodik göstərişin, dərs vəsaiti və dərsliyin müəllifidir.

aki.az