Qənirə Paşayeva: Kinematoqrafiya sahəsində ciddi problemlər və boşluqlar var

17 sentyabr Milli Məclisin Mədəniyyət Komitəsi payız sessiyasında ilk iclasını keçirib.

Etikxeber.az-ın məlumatına görə, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilk iclasda Azərbaycan rəhbərliyinin ölkədə mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan danışaraq qeyd edib ki, Azərbaycan mədəniyyətinin qorunması və inkişafı sahəsində qanunverici orqan olan parlamentin Mədəniyyət Komitəsi üzvlərinin də öhdəsinə mühüm vəzifələr düşdüyünü vurğulayıb.

Komitə sədri qanunvericilik işləri planında nəzərdə tutulan qanun layihələrinə toxunaraq bildirib ki, kinematorqafiya sahəsində ciddi problemlər və boşluqlar var: Xüsusilə də, bu sahəni tənzimləyən mövcud qanunvericilikdə böyük dəyişikliklərə və təkmilləşdirmələrə ehtiyac duyulur. Ona görə də “Kinematoqrafiya haqqında” yeni, təkmil qanun layihəsinin müzakirəsini və qəbulunu nəzərdə tuturuq. Belə bir təkmli sənədə ciddi ehtiyacımız var”.

Daha sonra komitə sədri deyib: “Bildiyiniz kimi, Mədəniyyət Nazirliyinin strukturlarında çox ciddi problemlər var idi. Bir müddət öncə cənab Prezidentin Sərəncamları ilə nazirlikdə kadr dəyişiklikləri baş verdi, həmçinin, nazirlikdə islahatlara başlanıldı. Mədəniyyət nazirinin birinci müavini təyin edilən və nazir vəzifəsini icra edən Anar Kərimovun vəzifəyə başlamasından sonra ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən adıçəkilən nazirlikdə geniş struktur islahatları aparılır. Ona görə də payız sessiyası ilə bağlı komitəmizin ilk iclasına Anar müəllimi də dəvət etdik. Hesab edirəm ki, Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyinin birgə fəaliyyətinə ehtiyac var və bu birgə fəaliyyət mədəniyyətimizlə bağlı məsələlərə öz müsbət töhfəsini verəcək”.

aki.az