Qənirə Paşayeva: “Kino sahəsinin inkişafı Prezidentin diqqətindədir”

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva mədəni islahatlarla bağlı Axar.az-a müsahibə verib.

Q.Paşayeva geniş həcmli müsahibəsində mədəniyyətin hər sahəsində – rayonlarda musiqi məktəblərinin vəziyyəti, tarixi abidə və binalara münasibət, kino sənayesi sahəsindəki süstlük, bölgə teatrlarımızda vaxtaşırı meydana gələn və heç də xoş olmayan müzakirələr, nazirliyin fəaliyyətində şəffaflığın olmaması – mövcud olan problemlərdən bəhs edərək deyib ki, mədəniyyət sahəsindəki problemləri hər zaman və ən müxtəlif platformalarda, görüşlərdə, mətbu çıxışlarda, əlbəttə, Milli Məclisin iclaslarında ifadə edirəm: “Diqqət edirsinizsə, Mədəniyyət Nazirliyinin laqeydliyi, səhlənkarlığı nəticəsində baş verən – saydığınız və saymadığınız çoxsaylı fəsadların qarşısı hər zaman ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa müdaxiləsi ilə alınıb. Son illərdə istər tarixi abidələrin qorunması, mədəniyyətimizin inkişafı, milli musiqimizin yaşadılması, dünya miqyasında təbliği istiqamətində böyük işlərin görülməsi buna canlı misaldır”.

Dövlət büdcəsindən hər il ayrılan böyük həcmli vəsaitlər, geniş imkanlar, formalaşmış infrastruktur müqabilində Mədəniyyət Nazirliyinin gördüyü işlərə gəlincə, Qənirə xanım  paytaxtın keçmiş “Sovetski” adlanan ərazisində yenidən­qurma, abadlıq işləri aparılarkən oradakı bir sıra abidələr qorunmamasından sitat gətirib: “ Orada bir xeyli abidə mövcud idi və Mədəniyyət Nazirliyinin biganələyi sayəsində sıradan çıxdı. Çünki adam daşıdığı vəzifənin məsuliyyətini hiss etməyəndə, ona bəslənən etimaddan sui-istifadə edəndə belə acı mənzərə meydana çıxır. Mənim parlamentdə təmsil etdiyim Tovuz rayonunda qorunmasına, bərpasına ehtiyac duyulan maddi mədəniyyət abidələri ilə bağlı dəfələrlə çıxışlarım olub – özü də o çıxışların bir çoxu Mədəniyyət Komitəsinin sədri seçilməmişdən əvvəllərə aiddir; eləcə də yalnız parlament tribunasından deyil, mediada etdiyimiz çıxışlarda da belə məsələləri qaldırmışıq. Baxın, Şuşada güllələnmiş büstlərin İncəsənət Muzeyinin gözdən uzaq həyətində sax­lanmaqdansa, Şəhidlər Xiyabanının uyğun yerinə daşınmasını təklif etməyimizə bax­mayaraq, bu barədə heç bir əməli addım atılmamaqdadır. Mədəni irsə, vətən­pər­vər­liyə uyğun gəlməyən belə sayğısızlıqlar nazirlik rəhbərliyinin sanki xarakterik xüsusiyyətinə çevrilmişdir”.

Daha sonra Mədəniyyət Komitəsinin sədri kino sənayesi ilə bağlı suallara cavab verərək bildirib ki, artıq illərdir dövlət sifarişi ilə çəkilən filmlərə ayrılan vəsaitdən Mədəniyyət Nazirliyi rəhbərliyinin faiz aldığı da sirr olmaqdan çıxıb: “Çünki bu illər ərzində az film çəkilməyib və hər film heyəti bu faktlarla qarşılaşıb. Nazirliyin dövlətin film çəkilişlərinə ayırdığı vəsaitdən faiz – bəzən bu, 20 faizə qədər çatır – götürməsinin nəticəsi kino sənayemizdə özünü göstərmirmi? O ki qaldı kino sənayemizə bu faktların təsirinə, məncə, prosesə daha geniş baxmalıyıq. Yəni yalnız bu fakt deyil – burada ssenarilərin seçilməsində şəffaflığın təmini, dövlət sifarişinin istiqamətində nələrin nəzərə alınması, aktyorlara münasibət və s. kom­pleks problemlərdən söhbət gedə bilər. Hazırkı vəziyyəti yaradan yalnız bir neqativ hal deyil. Xalq Cümhuriyyətinin 100 illik yubileyi olur, Mədəniyyət Nazirliyinin maliy­yə­ləşdirdiyi, dəstəklədiyi yaxud çəkdiyi bir san­ballı filmə rast gəlmirik. Nə yaxşı ki Bakı Media Mərkəzi “Əbədi Cümhuriyyət” filmini araya-ərsəyə gətirdi və o boşluq bir xeyli dolduruldu. “Nəsimi ili” oldu, yenə nazirlik müstəqil Azərbaycanın istehsalı olan dünya səviyyəli bir film ortaya qoya bilmədi. Faşizim üzərində tarixi qələbənin 75 illiyi tamam oldu, yenə Mədəniyyət Nazirliyinin yox, Bakı Media Mərkəzi və bəzi qurumların, mütəxəssilərin fəallığı göründü. Dəfələrlə Milli Məclisdə bu məsələni qaldıran insanlardan biri olaraq, təəssüflə qeyd etməliyəm ki Xocalı soyqırımı həqiqətlərindən bəhs edən və beynəlxalq festivallara çıxarıla biləcək “Pianist” filmi kimi bir filmimiz ərsəyə gəlmədi”.

Mədəniyyətdəki problemlərin həyəcan təbilini çalan Qənirə Paşayev onu da qeyd edir ki, dövlətimizin kino sənayesi ilə bağlı nazirliyə ayırdığı vəsaitlərə baxmayaraq, təkliflərimiz illərlə havada qaldı: “Azərbaycan hələ də “Avroimaj”ın (“Euroimages”) üzvü deyil. Hansı ki,bu üzvlük Azərbaycan kinosunun inkişafına və beynəlxalq festivallarda təmsil olunmasına daha geniş imkanlar aça bilərdi. Nə üçün üzv ola bilmədik sualının cavabı isə çox genişdir. Biz bir sıra kino xadimləri ilə görüşürük və Mədəniyyət Komitəsi olaraq, bu istiqamətdə yaxın zamanlarda önəmli təkliflərlə çıxış etməyi düşünürük. Çünki kino sahəsinin inkişafı cənab Prezidentin ciddi diqqətindədir və inanırıq ki, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi yaxın gələcəkdə bu sahədə dönüş yaradacaq”.

Aki.az