Qanlı və şanlı tarix – 20 yanvar

20 yanvar 1990-cı il Azərbaycan tarixinə qanlı hərflərlə yazıldı…

Məhz 90-cı ildə Sovet İttifaqının qoşun hissələri paytaxt Bakıda dinc əhaliyə divan tutdu. Ölkə üzrə 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Əvvəlcədən planlı şəkildə hazırlanan bu aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyırdı. Hadisələrin belə bir səpgidə gedişatı ölkəmizdə müstəqillik hərəkatını daha da sürətləndirdi və bu proses SSRİ adlanan birliyə böyük zərbə oldu.

Azərbaycan ilk şəhidlərini məhz həmin tarixdə verdi. O gündən şəhidlərin dəfn olunduğu Şəhidlər Xiyabanı and yerimizə çevrildi, o gündən etibarən Azərbaycanda hər sahədə o qanlı gecəni xatırladan işlərə start verildi. Mədəniyyət aləmində, ədəbiyyatda, musiqidə, təsviri incəsənətdə 20 yanvara həsr olunan sənət nümunələri yaranmağa başladı.

Qeyd edək ki, ən böyük məsuliyyət kinematoqrafçıların üzərinə düşdü. Çünki kinematoqrafiya digər sahələrdən fərqli olaraq hadisələrə mədəni, təsviri, musiqi vasitəsilə baxaraq onu ekrana köçürürdü. Ancaq hadisə yeni idi, bu baxımdan da yaxın keçmişdə baş verənləri ekrana inandırıcı formada köçürmək hər mənada çətin idi. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan kinematoqrafçıları 20 yanvar hadisəsinə hadisəsini əks etdirən “Qanlı Yanvar”, “Boz qurdun harayı”, Bakıda insan ovu”, “Şəhidlər və qazilər”, “Matəm”, “Azadlığa gedən yollar”, “Şəhidlərdən şəhidlərə”, “9 dəqiqə”, “Cənubda Şimal küləyi” və s. sənədləi filmlər ərsəyə gətidrilər.

“Azadlığa gedən yollar” filmində yanvar hadisəsində Bakıda baş verənlər sonrakı olaylar əsas süjet xəttini təşkil edir.

“Şəhidlik zirvəsi”(2001) filmi də Yanvar şəhidlərinə həsr olunub. Filmdə 1828-ci ildən (Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsini başa çatdıran Türkmənçay müqaviləsindən) müasir dövrə qədər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr öz əksini tapıb.

Bundan başqa, “Qarabağ düyünü”, “Ömür qatarı”, “Vətən mənə oğul desə”, “İnama qayıdış”, “Qəsd”, “Xəzər köməyə çağırır”, “20 Yanvar faciəsi” və s. sənədli filmlərdə də o dəhşətli gecədə günahsız insanların faciəli ölümünə etirazlar, xalq birliyinə çağırışlar səslənir, qəhrəmanlıq ruhu, mübarizə əzmi nümayiş etdirilib.

Yeri gəlmişkən, 20 Yanvar şəhidlərinin dəfn olunduğu gün çəkilən kadrlar “Salnaməfilm” studiyasının operatorlarının əməyidir. O anları  operatorlar Köçəri Məmmədov, Sərdar Vəliyev, Rafiq Quliyev, Nemət Rzayev, Kənan Məmmədov, Zaur Məhərrəmov və Nizami Abbas lentə alıb.

Yanvar hadisəsindən 30 il keçməsinə baxmayaraq “Azərbaycanfilm” kinostudiyası, “Salnaməfilm”, eləcə də “Azərbaycantelefilm” (AzTV) və digər yaradıcılıq studiyalarında həmin tarixə həsr edilən ekran əsərləri istehsal olunur.

O qanlı tarix, eyni zamanda Azərbaycanın şanlı tarixidir. Çünki ölkəmiz məhz həmin gün öz kimliyini ortaya qoydu, tapdalanan haqqı uğrunda mübarizə apardı, övladları  torpaq, millət, müstəqillik uğrunda özünü düşmən gülləsinə sipər etdi.

Başıbəlalı Vətənimiz! Artıq o günlər çox geridə qaldı. Şəhidlərimizin qanı alındı, Qarabağ torpaqlarının işğaldan azad olunması ölkəmizdə yeni dövrün başlanmasına şərait yaratdı.

Azərbaycan kinosunun artıq yeni mövzuları var…Qələbəyə həsr edilən, canlanan torpağı, abadlaşan elimizi-obamızı lentə alınacaq neçə-neçə sənət nümunələri hələ bundan sonra yaranacaq…

X.QİYAS