Qarabağda 571 mədəniyyət müəssisəsi dağıdılıb

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq işğaldan azad olunmuş ərazilərində Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən tarix və mədəniyyət obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə  abidələrin və mədəniyyət müəssələrinin monitorinqlərinə başlanılıb.

Xatırladaq ki, Fərman “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında”dır.

Mədəniyyət Nazirliyinin məlumatına görə, indiyədək aparılmış monitorinqlər zamanı dövlət qeydiyyatında olan 312 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib. Eyni zamanda həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 106 obyekt aşkar edilib. Bundan başqa, aparılan monitorinqlər zamanı 571 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 286-sı kitabxana, 237-si mədəniyyət evi və klub müəssisəsi, 19-u muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereyadır. Müəssisələrin hamısı dağıdılmış vəziyyətdədir.

Nazirlik təəssüflə qeyd edir ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər dağıdılmış, xalqımızın milli mənəvi dəyərləri təhqir edilmişdir. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub.

O da qeyd olunur ki, Ermənistan Respublikası tərəfindən memarlıq və arxeoloji abidələrlə yanaşı bağ-park, monumental və xatirə abidələri də dağıdılıb – Qubadlı, Füzuli və Ağdam şəhərlərində vaxtilə yerləşmiş 1941-1945-ci il müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidələri tamamilə məhv edilib. Füzuli şəhərində Məhəmməd Füzulinin heykəli, Laçın rayonunun Güləbird kəndində Sarı Aşığın xatirə muzeyi, Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü, şairə Natəvanın Ağdam şəhərində yerləşən qəbirüstü abidəsi dağıdılıb.

Ermənistan tərəfinin mədəniyyət obyektlərinə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”nın, “Arxeoloji irsin qorunması haqqında” Avropa Konvensiyasının,  “Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya”nın müddəalarını kobud şəkildə pozub.

Mədəniyyət Nazirliyi, Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə görə məsuliyyətə cəlb olunacağına və layiqli cəzalarını alacaqlarına tam əminlik bildirir.

aki.az