RƏHMAN BƏDƏLOVDAN İBRAHİMBƏYOVA VİDA SÖZÜ

Rüstəm İbrahimbəyov dünyasını dəyişdi. İnsan vəfat edərkən, lakin zaman məsafəsi hələ bərqərar olmadığı məqamlarda deyilən ilk kəlmələr. Sözlərdən daha dərin olan susqunluğu içimizdən çıxarmağın ilk ifadəsi.
Şəxsiyyətin miqyası, əgər nəzərə alsaq ki, insan ətraf aləmi insanları və hadisələri ilə, kədərləri və sevincləri ilə birlikdə özündə cəmləşdirməyə qadirdisə, bu dünyada nə dərəcədə sərf olunmaq iqtidarındadırsa.

Nəhəng intellekt.
Yazıçı oldu, eyni dərəcədə tanınmış alim, ən yüksək səviyyəli siyasətçi ola bilərdi. Yazıçı oldu ki, özünün “uşaqlıq əslini”, “Bakı həyəti ilə bağlı kökünü” ifadə etsin, bunlar elə dəyərlərdir ki, onlara xəyanət etmək mümkün deyil, mənəvi kamertondurlar sanki.
Yazıçı oldu ki, anasının xatirəsini yaşatsın, keçmişə aludəçilikdən daha çox həyatın ən birinci və ən əsas dərslərini unutmamaq anlamında.
Yazıçı oldu ki, təkcə öz yaşantılarından bəhs etməsin, həm də bizim haqqımızdakı qənaətlərini bölüşsün. Bədii aləmləri müqayisə etmədən tez-tez belə bir fikri təkrar edirəm ki, “Ölülər” və “Dəli yığıncağı” ilə yanaşı “Şirəbənzər” də bizi letargiya yuxusundan ayıltmağa davam etməkdədir. Pyeslərin adı həyəcan təbilinin, çağırış zənginin sədası qədər eşidimlidir.
Kinematoqrafçı oldu ki, sadəcə özünü ifadə etməsin, arxasınca başqalarını da aparsın və bununla onlara görə məsuliyyəti öz üzərinə götürsün.
Bildiyimə görə, gənc kinematoqrafçılar özlərinin ilk işlərini məhz Rüstəmə göstərməyə can atırdılar, çünki məhz onun sərrast baxışlarına və nəfis zövqünə etibar edirdilər.
Həyatda olmaq, onun kənarında deyil, lap mərkəzində var olmaq, o yerdə ki, qıraqda qalmağı özünə sığışdırmaq mümkün deyil, o yerdə ki, var olmaq ilk növbədə iştirakçı olmaq anlamına gəlir.
Və eyni zamanda hər şeydə yalnız mənfəət görən adamlar tərəfindən yanlış yozulmasından çəkinməyərək kəskin, bəzən hətta həssas mövzular haqqında fikrini cəsarətlə bildirmək.
Güclü kişisəllik – özü qarşısında öhdəlik, missiya səviyyəsində mütləq daxili ləyaqət, elə bir ləyaqət ki, zəif olmaq mümkünsüzdür, bu ağır bir yükü könüllü daşımağa bərabərdir, elə bir yük ki, onu yerə qoymaq imkanı yoxdur.
O cismən aramızda olanda da sadəcə Rüstəm idi və bu ədəb-ərkan normalarından uzaqlıq deyildi, onunla bağlı olan həyatımızın məkanının bəlirtisi idi.
O, bu dünyanı tərk etdi və indi “Rüstəm” Rüstəmsiz, özünün ayrıca həyatı olan mədəniyyətimizin bütöv bir layının metaforasıdır.

aki.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

.