“Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb.

Rüblük informasiya bülletenin bu nömrəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının 2022-ci ilin aprel, may, iyun aylarında gördüyü işlərin hesabatı, eyni zamanda ölkəmizdə kinoyla bağlı görülən işlər yer alıb.

Azərbaycanda gedən kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilən, eyni zamanda əlamətdar kino hadisələrini xatırlatmaq üçün nəzərdə tutulan bülleten bu dəfəki sayında çəkiliş meydançalarına, festivallar və müsabiqələrə yer verilib, eyni zamanda, yubilyar filmlər, yubileyi olan sənətkarlardan bəhs olunub.

Rüblük informasiya bülletenində mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyova həsr olunan, Bakı Kitab Mərkəzində keçirilən xatirə gecəsi yer alıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının keçirdiyi genişləndirilmiş iclasında AKİ sədrliyinə Xalq artisti Rasim Balayevin namizədliyinin irəli sürülməsi və İttifaqın keçirdiyi konfransda açıq səsvermə yolu ilə yekdilliklə sədr seçilməsi diqqətə çəkilib.

Eləcə də AKİ rəhbər heyətinin səlahiyyətlərinin, eyni zamanda katibliyinin tərkibinin təsdiq olunması da qeyd olunub.

Bundan başqa, Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni üzvlərin qəbul olunması, AKİ-nin rejissor Azər Allahverdiyevin layihəsinə maliyyə yardımı ayırması da yer alıb.

Xatırladaq ki, kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ideyası və təşəbbüsü ilə çap edilir. Əsas məqsəd İttifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarətdir.

aki.az