“Rakurs” rüblük bülleteninin xüsusi buraxılışı çapdan çıxıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin 2022-ci ilin oktyabr, noyabr, dekabr aylarında görülən işləri əhatə edən nömrəsi, eyni zamanda il ərzində olan hesabatın yerləşdiyi xüsusi buraxılışı çapdan çıxıb.

Qeyd edək ki, 3 ayı əhatə edən rüblük informasiya bülletenində Azərbaycan Kinematoqrafçılar İttifaqının gördüyü işlərin hesabatı, eyni zamanda ölkəmizdə kinoyla bağlı görülən işlər yer alıb.

Belə ki, çəkiliş meydançaları, festivallar və müsabiqələr, yubileyi olan filmlər, sənət adamları haqqında məqalələr, eyni zamanda dünyasını dəyişmiş sənətkarlar haqqında olan nekroloqlar yer alıb.

Rüblük informasiya bülleteninin Azərbaycan Kinematoqrafçılar İttifaqının illik fəaliyyəti haqqında xüsusi buraxılışı olan nömrəsində, il ərzində həyata keçirirlən layihələr, tədbirlər, kino müzakirələri haqqında informasiyalar yer alıb.

Xüsusi buraxılışda AKİ Kino məktəbinin dinləyici qəbulu elan etməsi, “Cənubda kino günləri”, “Kino istehsalı A-dan Z-yə” layihəsinin Şəki və Bakı mərhələsi, “Mən qadınam” qısametrajlı ssenari müsabiqəsi, “Polşa kino günləri” tədbirləri haqqında məlumatlar, İttifaqa qəbul olunan yeni üzvlər və İttifaqın digər layihələri haqqında informasiyalarla tanış olmaq olar.

Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, “hesabatlılıq və şəffaflıq fəaliyyətlərinin əsas prinsiplərindəndir. Təşkilat olaraq kino ictimaiyyəti tərəfindən qazandığımız etibarı doğrultmağı ali vəzifəmiz sayırıq”.

Kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı,dramaturq Rüstəm İbrahimbəyovun ideyası və təşəbbüsü əsasında çap edilir. Əsas məqsəd İttifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarətdir. Bülletenin tərtibatçısı Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanova, nəşrə məsul Əli İsa Cabbarovdur.

aki.az

 

aki.az