Ramiz Ağayev “Qızıl qayıq” mükafatına layiq görüldü

Azərbaycan Kinematoqrafçılar İttifaqının tərəfdaşı olduğu IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 7-ci günündə “Qızıl qayıq” mükafatının təqdimatı oldu.

“Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” operator Ramiz Ağayev festivalın “Qızıl qayıq” mükafatına layiq görüldü.

Animafilm Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev mükafatla bağlı fikirlərini festival iştirakçıları ilə bölüşdü: “Bildiyiniz kimi, biz festival çərçivəsində hər il “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” “Qızıl qayıq” mükafatı təqdim edirik. Bu ilki mükafat Azərbaycan animasiyasının görkəmli operatoru Ramiz Ağayevə təqdim olunacaq. Onun yaradıcılığı haqqında saatlarla danışmaq olar. Çünki Azərbaycan cizgi fimlərinin əksəriyyətinin yaranmasında onun operator kimi rolu böyükdür. Və unutmayaq ki, cizgi filmləri çəkmək çox çətin və ağır işdir”.

R.Ağamalıyev səhnəyə Azərbaycan animasiya rejissoru Məsud Pənahini dəvət edərək, iştirakçıların diqqətini hər iki yaradıcının bir çox filmlərin yaranmasında əməkdaşlıq etdiyini vurğuladı.

M.Pənahi öz çıxışında Ramiz Ağayevlə olan əməkdaşlığından, onunla bərabər çalışdığı iş prosesindən söhbət etdi.

Yeri gəlmişkən, hər iki yaradıcı “Qız qalası əfsanəsi”(1978-ci il, rejissor Məsud Pənahi, operator Ramiz Ağayev) filmində bərabər çalışıb.

Azərbaycan xalq əfsanəsinin motivləri əsasında çəkilən kinolentdə hər şeyə qalib gələn məhəbbətin gücündən, Vətənə, xalqa sədaqətdən bəhs olunur.

Ümumiyyətlə Ramiz Ağayevin filmlər silsiləsinə nəzər salarkən  şahid oluruq ki, o, əsasən sevgi, məhəbbət, vətənə sədaqət hisslərinə, duyğularına sadiq qalaraq bunu öz operatorluq düşüncəsiylə təqdim etmə gücünə sahibdir. Doğrudur ki, onun çəkdiyi filmlər ötən əsrin 1970-1990-cı illərini əhatə edir və əsasən SSRİ dövrünün ideologiyasına xidmət edir. Ancaq milli ruhu güclü olan həmin filmlər öz müasirliyini qoruyub saxlayır.

Ramiz Ağayev öz çıxışında operator sənətindən bəhs edərək bildirdi ki, operatorluq sənəti rejissorun fikirləşdiyi ideyanı ekranda həyata keçirir: “Onun rəssamlığını texniki üsulla daha da gücləndirir. Yaxşı operator bunun öhdəsindən yaxşı gələ bilər, pis operator isə, əlbətə ki, pis gələcək. Yəqin ki, fikir vermisiniz, filmlərin titrlərində rejissordan sonra operatorun adı qeyd olunur. Çünki operator rejissorun bir qolu hesab olunur”.

R.Ağamalıyevin “Kinorejissorlar Gildiyasının təklifinə əsasən, operator sözü, təsvir rejissoru kimi yazılmalıdır” fikrinə necə baxırsınız” sualına, operator belə cavab verdi: “Çox gözəl olardı. Çünki operator sözü bir çox sahələrdə işlənir. Kinoda təsvir rejissoru kimi işlənməsi daha doğru olardı”.

Qısa dialoqdan sonra “Qızıl qayıq”mükafatı Ramiz Ağayevə təqdim olundu. Daha sonra operatorun çəkdiyi filmlərin nümyişinə (“Qız qalası əfsanəsi”, “Münəccimin şagirdi”, “Toral və Zəri” və s.) start verildi.

Xatırladaq ki, Ramiz Ağayev Bakıda anadan olub. Əsasən animasiya filmlərinin (Qız qalası əfsanəsi(1978), Sehrlənmiş küpə(1979), Toral və Zəri(1979), Meşəyə insan gəlir(1980), Sehrli ağac(1980), Sandıq(1982), Akvarium(1983), Münəccimin şagirdi(1983), Sehrli naxışlar(1984), Humayın yuxusu(1985), Arzular… Arzular…(1988), Qaravəlli(1989), Nar ağacının nağılı(1989), Ağa, cəddinə qurban(1993) və s.) filmlərinin operatoru olub.

aki.az