Ramiz Rövşən - 75

“Şair üçün şer yazmaq su içmək qədər asan ola bilər, ancaq necə ki, su gərəkdiyi yerdə bərqərar olana qədər müəyyən məsafə qət edirsə, yazılan şerin ictimaiyyət arasında nə dərəcədə diqqətdə durması üçün də zaman lazımdır. Buna görə şer yazmağın hələ işin başlanğıcı olduğunu düşünmək olar” deyən şair, yazıçı, kinossenarist, Xalq şairi Ramiz Rövşənin ad günüdür, 75 yaşı tamam olur.

Azərbaycan poeziyasında Ramiz Rövşənin özünəməxsus dəst-xətti var. Bütün önəmli qələm sahibləri kimi onun da yaradıcılığı hər zaman müzakirə obyektinə çevrilib. Sadəcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda belə tanınan Ramiz Rövşən üçün vətən anlayışı, millət anlayışı böyük məfhumdur.

Ramiz Rövşənə görə, şair yazdığı  şerin son nöqtəsini qoyduğu andan vəzifəsi bitir. Hətta şair heç şerin çapı haqqında belə düşünmür.

İlk dəfə 1970-ci ildə ilk kitabı nəşr olunub. Sonralar çap edilən şeirlərinin oxucular tərəfindən böyük maraqla, sevgiylə qarşılandığını görən şair hətta çox təəccüblənib. Səbəbini belə izah edib: “Yazdığım şerlər o qədər də sadə deyil. Mən arxetiplərlə işləməyi, sözlərin alt qatlarındakı mənaları üzə çıxarmağı sevirəm”.

R.Rövşən uzun illər “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Mozalan” satirik kinojurnalı studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992) olaraq çalışıb. Ssenariləri əsasında bədii və sənədli filmlər çəkilib, çox sayda filmlərin mahnı mətnini yazıb, bir çox filmlərin redaktoru olub. Həmin filmlərdən “Babamızın babasının babası”(ssenari müəllifi-1981, “Əzablı yollar”(mahnı mətnlərinin müəllifi-1982), “Evlənmək istəyirəm”(redaktor və mahnı mətnlərinin müəllifi-1983), “Şəhərli biçinçilər”(ssenari müəllifi-1986), “İşarəni dənizdən gözləyin”(ssenari müəllifi, şer müəlifi-1986), “Süd dişinin ağrısı”(ssenari müəllifi-1987), “Kişi sözü”(mahnı mətnlərinin müəllifi-1987), “Gecə qatarında qətl”(mahnı mətnlərinin müəllifi-1990), “Özgə vaxt”(ssenari müəllifi-1996), “Məkanın melodiyası”(ssenari müəllifi-2004), “Əlvida, cənub şəhəri”(redaktor, mahnı mətnlərinin müəllifi-2006),  “Qala”(ssenari müəllifi, şer müəllifi-2008 və s. misal göstərmək olar.

“Şairin fərqliliyi, bənzərsizliyi onun dünyaya necə görünməyində deyil, əksinə, o, dünyanı necə görməyindədir” deyən Ramiz Rövşəni ad günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti və İttifaqın sədri Rüstəm İbrahimbəyov səmimi qəlbdən təbrik edir, can sağlığı, yaradıcılıq uğurları arzulayır!

aki.az