Rasim Balayev “ASAN Könüllüləri”nin bir qrup gənc üzvünü qəbul edib

Mayın 4-də Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin (AKGT) könüllü əsaslarla fəaliyyət göstərən bir qrup gənc üzvünü qəbul edib.

Qeyd edək ki, 2013-cü ildə yaradılan, 30.000-dən çox ASAN könüllülərini birləşdirən təşkilatın məqsədi dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaq və ölkəmizin gənclər siyasətinə töhfə verməkdən ibarətdir.

Fəaliyyət göstərdiyi 10 il ərzində bir çox önəmli – “Əsgərə məktub”, “Türksoy”un I Beynəlxalq simulyasiyası,  “AVO MUN”, “I Beynəlxalq Startap Akademiyası — Gəncə 2016”  və s. böyük layihələr həyata keçirmiş təşkilat, eyni zamanda, gənclərin mədəniyyət və incəsənət sahəsində olan maraqlarını və bacarıqlarını inkişaf etdirmək məqsədilə proqramlar, görüşlər təşkil etməkdədir.

Belə görüşlərdən biri də AKİ sədri Rasim Balayevlə olan, onun yaradıcılıq yoluna qısa səyahət etməklə sənətlə bağlı düşüncələrini öyrənməkdən ibarət idi.

AKİ sədri müzakirə xarakterli keçən görüşdə gənclərlə sənət, vətənpərvərlik, mədəni mühitlə bağlı fikir mübadiləsi aparıb.

Ümumi söhbətlərdən sonra ilk sual sənətlə bağlı, aktyorun rol aldığı “Nəsimi” və “Babək” bədii filmləri haqqında, eyni zamanda, mənfi və ya müsbət obrazların müqayisəsi üzərində quruldu. Ən önəmli suallardan biri də “Obrazlarınızla nə kimi oxşarlığınız var?”sualı oldu.

Müşahidə qabiliyyəti güclü olan, hər yaşla söhbətin hansı ruh üstündə köklənməsinə hakim olan Xalq artisti, cavablarını bir qədər sadələşdirməklə gənclərin tam anlayacağı dildə verdi.

“Mənə həvalə olunan rolları oynayarkən dramaturji materialdan istifadə etmişəm, hər birinə sənət nöqteyi-nəzərindən yanaşmışam” deyən R.Balayev daha sonra “Nəsimi”, “Babək” filmlərində oynadığı əsas qəhrəmanları Azərbaycan xalqının görkəmli şair və filosofu Nəsiminin həyatına necə yanaşmasını, Azərbaycan xalqının digər qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkin qəhrəmanlıqlarını əks etdirən səhnələrin necə ərsəyə gəlməsindən bəhs etdi.

Söhbət əsnasında Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın düşmən tapdağından azad olunması və ölkəmizin bütün dünyada öz sözünün olmasını fikrini xüsusilə qeyd edərək gənc nəslə vətənpərvər hissini aşılayan Xalq artisti, eyni vaxtda, mədəniyyət naziri təyin olunan Adil Kərimlinin mədəniyyətlə bağlı önəmli işlər görəcəyinə ümid etdiyini dilə gətirdi.

“Hazırda hansı rola çəkilmək istərdiniz” sualına isə R.Balayev “ssenari ilə tanış olaram, əgər yeni bir söz deyə bilərəmsə, o zaman çəkilərəm” cavabını verib. Görüş zamanı müzakirəyə qatılan yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Fazil Rəhmanzadə öz dünyagörüşündən çıxış edərək gənclərlə yaradıclıq söhbətləri etdi.

Görüşün sonunda Xalq artisti Rasim Balayev ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin gənc üzvləri ilə xatirə şəkli çəkdirdi.

aki.az