Rasim Balayev: “Çoxdandır bizi bir yerə toplayıb problemlərimizi soruşan yox idi”

Azərbaycanın siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu öz işinə start verib.

Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multukulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Adil Kərimli, mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev, Xalq şairi Ramiz Rövşən, Azərbaycan Milli Məclisinin deputatı, yazıçı Aqil Abbas, eləcə də ölkənin tanınmış kino xadimləri, rejissor və aktyorları və digər incəsənət nümayəndələri iştirak edirlər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev forumda çıxış edərək kinoda mövcud olan problemlərdən danışıb: “Neçə illərdir bizi toplayıb bir soruşmurdular ki, Azərbaycan kinosu hansı problemləri yaşayır, həlli yolları nədir. Nəhayət ki, biz bu gün toplaşdıq. Mən bundan çox məmnunam. Bu, gedənin arxasınca danışmaq deyil, amma təəssüf ki, neçə illərdir bizi bir yerə toplayıb problemlərimizi soruşan yox idi. Təklif edirəm ki, “Azərbaycanfilm” kinostudiyası bir neçə il dövlət dotasiyasında olsun. Bu həmişəlik deyil, özünə yol tapana qədər maliyyə köməyi olmalıdır ki, o, ümumi kino bazarına qatılana qədər dəstəklə təmin olunsun”.

R.Balayev gənc nəslin problemlərini də xatırladıb: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, həmçinin sənətdə olan bəzi gənclər xarici ölkələrə treninqlərə, təhsil almağa göndərilməli və sənət mübadiləsi olmalıdır. Bildiyimiz kimi, Kino Agentliyi yaradılacaq və oraya Azərbaycan kinosunu bilən, kinematoqrafiyadan anlayışı olan adamlar cəlb olunmalıdır. Mən xoşbəxtəm ki, Qarabağın alınmasını görə bildim. Bu barədə, vətənpərvərlik mövzusunda filmlər çəkilməli, həmçinin xarici arenaya çıxarılmalıdır”.

Xatırladaq ki, 2 gün davam edəcək forum rəsmi açılışdan sonra kino sahəsi ilə bağlı müxtəlif panellərlə günboyu davam edəcək.

aki.az