Rejissor Məsud Pənahi tamaşaçılara müraciət edib

1974-cü ildə Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında Ağanağı Axundovla Məsud Pənahinin birgə çəkdiyi “Pıspısa xanım və Siçan bəy” (digər adları -“Tıq-tıq xanım, “Tıq-tıq xanım və Siçan Bəy”, “Dost axtarışı”) uşaqların ən sevimli cizgi filmi olaraq hazırda da baxılır.

Qeyd edək ki, Məsud Pənahi 1973-1979-cu illərdə   “Azərbaycanfilm” kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışıb və həmin illər ərzində bir neçə animasiya kursları təşkil edərək onlarla animasiya mütəxəssisi yetişdirib.

Rejissor Məsud Pənahi uşaqları yenidən sevindirmək üçün ərsəyə gətirmək istədiyi “Nərgiz” adlı yeni cizgi filminin hazırlıq prosesində  maddi sıxıntılar yaşadığı üçün tamaşaçılara müraciət edib:

“Nərgiz” filminin əsas maarifləndirici məqsədi işğaldan azad olunmuş ərazilərdə düşmənin basdırdığı mina sahələrinə diqqəti yönəltmək, minaların necə təhlükəli olduğunu uşaqların diqqətinə çatdırmaqdır.

Sizin köməyinizə ehtiyac var! Uşaqlar üçün “Nərgiz” adlı yeni cizgi filmini hazırlamaq üçün bizə maddi dəstək vermənizi xahiş edirik”.

Filmin prodüseri Rəşid Ağamalıyev bildirib ki, Mədəniyyət Nazirliyinə, Elm və Təhsil Nazirliyinə, Minatəmizləmə Agentliyinə və digər aidiyyatı qurumlara bu həyati əhəmiyyətli layihəyə dəstək olmaq üçün müraciət edirik.

Xatırladaq ki, Qarabağ müharibəsinin başa çatmasından ötən 2 il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.

Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bu baxımdan “Nərgiz” filmi uşaqlar üçün olduqca önəmlidir.

“Nərgiz” filminin məqsədi, həmçinin, ərazilərimizdən minaların təmizlənməsi işinə beynəlxalq ictimaiyyatın diqqətini cəlb etmək və Azərbaycanın dövlət orqanlarına informasiya dəstəyi göstərməkdir.

İanə kampaniyası Toxum.org portalında həyata keçirilir və dəstəkçilər üçün xüsusi mükafatlar nəzərdə tutulub: https://toxum.org/az/projects/nergiz-animasiya-filmi-176

aki.az