Rüfət Həsənov: Bizim kino heç vaxt təcrid olunmuş kinematoqrafiya olmayıb

Xəbər verildiyi kimi, fevralın 7-dən 15-dək Moskvada Azərbaycan kinosunun ilk irimiqyaslı retrospektiv nümayişi keçirilir. Filmlərin surəti Dövlət Film Fondu tərəfindən təqdim edilib. Ən müxtəlif illərə aid kinematoqrafiyamızı təcəssüm etdirən filmlər Moskvanın “İllüzion” kinoteatrında nümayiş edilir.

Kinoteatrın direktoru, layihənin təşəbbüskarı Aleksandra  Lavrova və retrospektiv baxışın kuratoru, Mədəniyyət Nazirliyi Audiovizual və  interaktiv media şöbəsinin müdiri, kinorejissor Rüfət Həsənov nüfuzlu “Seans” dərgisinə proqrama daxil edilmiş filmlər və Azərbaycan kinosunun özəllikləri barəsində danışıblar.

Rüfət Həsənov Milli kinomuzun ilk onillikləri haqqında ətraflı məlumat verəndən sonra diqqəti post-stalinizm dövrünün  Azərbaycan kinosu və altmışıncılar nəslinin uğurlarına çəkib. Müstəqillik illərin ilk onilliyinin filmləri haqqında danışan Rüfət Həsənov qeyd edib ki, bəhs etdiyi illər əsl sinefil kinosu çəkən “yeni romantiklərin” dövrü idi: ““Yarasa”, “Özgə vaxt” premyeralarını Berlin Festivalında edib, “Hər şey yaxşılığa doğru” isə Oberhauzen Festivalında 4 mükafat almışdı. Son illər isə biz yeni nəsil Azərbaycan kinosunun formalaşmasına şahid oluruq. “Ayrı-ayrı”, “Axşama doğru” Kann Festivalının, “Nabat” və “Səpələnmiş ölümlər arasında” Venetsiya, “Duz, isitot, zövqə görə”, “Sonuncu” isə Rotterdam Festivallarının iştirakçısıdır. Bu filmlərin əksəriyyəti birgə istehsaldır. Mənə elə gəlir bizim  kino heç vaxt təcrid olunmuş kinematoqrafiya olmayıb. Moskva proqramına salınmış filmlərdən “7 gün qətldən sonra” filmi Amerika-Sovet birgə istehsalıdır. İndi post-prodakşn dövründə olan Asif Rüstəmovun “Mərmər soyuğu” filmi isə Fransa-Azərbaycan birgə istehsalıdır. Bir il əvvəl Azərbaycan Film Komissiyası “Filming Azerbaijan”ı təsis etdik. Yaranandan az sonra “Netflix”in iri layihəsinin çəkilişləri Bakıda reallaşdırıldı. Sözsüz bütün bunlar dünya kinosuna inteqrasiyaya xidmət edir. Retrospektivaya daxil olunmuş 19 film Azərbaycan kinosu haqda tam təsəvvür yaratmır amma bu proqram müxtəlif  janrları və epoxaları təmsil olunan kinomuzun konseptuallaşdırılması üçün ilk və çox mühüm bir cəhddir”.

Məqalənin orijinalı ilə burdan tanış ola bilərsiniz: https://seance.ru/articles/azerbaijan-cinema/?fbclid=IwAR1ccn-GB2Y0pL8JejYetJd4qDl6k9WHuUjAAiCyqKFepJJisVSmGb-KX3Q

Aki.az