Rüstəm İbrahimbəyov: “Kinomuzun inkişafı üçün müasir düşüncəli kadrlara ehtiyac var”

“Amerikanın səsi” radiosu Azərbaycan Kinematioqrafçılar İttifaqının Kino Günü ilə bağlı hazırladığı tədbirdən reportaj hazırlayıb. AKİ-nin sədri Rüstəm İbrahimbəyov “Amerikanın səsi” radiosuna Azərbaycan kinosunun hazırkı durumu, Kinematoqrafçılar İttifaqının fəaliyyəti və İttifaqın nəzdində fəaliyyət göstərən Kino Məktəbi layihəsi ilə bağlı danışıb.

R.İbrahimbəyov bildirib ki, yaxın zamanlarda Azərbaycanda kino məktəbi fəaliyyətə başlayacaq: “Hər məktəbin əhəmiyyəti ondadır ki, peşəkarlar tərəfindən istedadlı şəxslərə peşə dərsləri verilir, onlara sənətin sirləri öyrədilir. Müsabiqə ilə maraqlananlar, sənəd qəbuluna qatılanlar çoxdur, təqdim edilən işlərlə tanış olmuşam. Belə hesab edirəm ki, onlar arasında ümidverici gənclər çoxdur, 20 nəfərə yaxın gəncin təqdim etdiyi ssenari isə xüsusuilə diqqətimi çəkib”.

Onu da qeyd edək ki, Kino məktəbinin yaradılmasında əsas məqsəd gənclərin kinematoqrafiyaya marağının yüksəldilməsi, kinematoqrafiya sahəsində yüksək peşəkarlıqlı yeni kadrların hazırlanmasıdır.

İttifaq sədri qeyd edib ki, tələbələr üç bölmədə təhsil alacaqlar: “Kinorejissorluq”, “Kino dramaturgiya”, “Animasiya”. Kinomuzun inkişafı üçün yeni, müasir düşüncəli kadrlara ehtiyac var. Ümumiyyətlə Kino məktəbinin əsas vəzifəsi ondan ibarətdir ki, Azərbaycan kinosunda yeni nəsil kinematoqrafçılar yetişsin və kinomuzun tarixini davam etdirsin”.

Azərbaycan kinosunun hazırkı durumuna toxunan dramaturq onu da bildirib ki, bu sahədə əsas maneələrdən biri maliyyə vəsaitinin az olmasıdır.

“Azərbaycan kinosunun indiki durumunu necə dəyərləndirirsiniz” sualına isə dramaturq belə cavab verib: “Bu çox mürəkkəb sualdır. Çünki bir tərəfdən Azərbycan kinosuna yeni nəsil rejssorlar, ssenaristlər axını var, onlar kinoya yeni nəfəs gətirib, müxtəlif beynəlxalq müsabiqələrdə uğurla iştirak edirlər. Bir tərəfdən isə filmlərin çəkilişi üçün ayrılan vəsait azlıq təşkil edir. Keçən il ümumiyyətlə maliyyə az idi, bu ildən etibarən maliyyənin artması gözlənilir. Bir sözlə, maddi baxımdan kinoda vəziyyət bir qədər çətindir. Ancaq sevindirici hal ondan ibarətdir ki, Azərbaycanın paytaxtında, rayonlarında  dövlət dəstəyi olmadan, az miqdarda olan vəsaitlə gözəl film çəkən gənc  rejissorlar var. Zənnimcə, bu, önəmli faktordur. Azərbaycan Kimematoqrafçlar İttifaqının əsas vəzifəsi belə gənclərə hər baxımdan kömək etməkdən ibarətdir”.

R.İbrahimbəyov müsahibənin sonunda onu da qeyd edib ki,  Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq kino sənətinin lazımı səviyyəyə yüksəldilməsi üçün bütün səyimizlə çalışmalıyıq.