RÜSTƏM İBRAHİMBƏYOVUN KAİNATI

Xəbər verdiyimiz kimi, Moskvanın “Crocus City Hall” konsert zalında 2019 və 2020-ci illər üçün “Nika” kino mükafatının təqdimetmə mərasimi keçirilib.

2020-ci il üçün Eldar Ryazanov adına “Şərəf və ləyaqətə görə” “Nika”ya  Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, dünyaşöhrətli ədəbiyyat, teatr və kino xadimi Rüstəm İbrahimbəyov layiq görülüb.
Rusiyanın “İnfocus.press” saytı Rüstəm İbrahimbəyovun  şəxsiyyətinin, yaradıcılığının və ictimai fəaliyyətinin qabarıq cəhətlərini özünəxas baxış bucaqlarından təhlil edib. Bu baxış bucaqlarından oxucuya Rüstəm İbrahimbəyov adının beynəlmiləl olduğu qədər milli və milli olduğu qədər beynəlmiləl olması fonunda əsərlərinin hər hansı ədəbi qəliblərin fövqündə dayanmasından bəhs olunur. Müəllif  Rüstəm İbrahimbəyovun əsərlərinə təkrarsız canlılıq verən, mütaliə edən şəxsə süjetin iştirakçısı kimi varolma imkanı qazandıran təbiilik amilini vurğulayaraq yazıçı və kinorejissorun “mən”inin və qənaətlərinin özülünün nədən ibarət olması sualı ilə müsahibəyə keçid edir.
Rüstəm İbrahimbəyov sual ətrafında maraqlı gəlişmələr edərək qlobal  fikirlər yürüdür:
“Bu gün Yer üzündə hər hansı siyasi, sosial, hərbi qarşıdurma və münaqişə getməyən məkan tapmaq çətindir. Mən isə düşünürəm ki, bəşəriyyət ilk növbədə gələcəyin gəlib çatması, baş tutması uğrunda mübarizə aparmalıdır! Axı gələcəyin bizdən uzaqda qalması, onun indi ilə tamamlanması təhlükəsi başımızın üstünü kəsdirib. Məhz insanlar o barədə düşünüb-daşınmalıdırlar ki, şübhəsiz ki, canlı orqanizm olan Yer planeti məhv olmasın”.
Rüstəm İbrahimbəyov hesab edir ki, bu barədə zəruri qənaətlərə gəlib təxirəsalınmaz addımlar atmaqda insanlara insan olduqlarını unutmaları mane olur: “Təkrar etməkdən usanmıram, problem ondadır ki, biz hələ mənəvi duyğuların və intellektual məsuliyyətin tam həcmində “İnsan” adlana biləcək duruma gedən yolla addımlamaqdayıq. Əksəriyyət haqqında yalnız insana çox bənzədiklərini demək olar, sanki insan kimi danışırlar, insana xas maraqları var, amma onlar əsas cəhətdən – mənəviyyatdan məhrumdurlar… Hətta özlərindən zəif heyvanlarla qidalanan yırtıcılar həyat qüvvələrini saxlamaqçün, yalnız zəruri olan miqdarda yeyirlər. Yer üzündə eqoizm  səbəbindən müstəqim və məcazi mənada həzmi-rabedən keçirməkdə hədd bilməyən yeganə canlı insandır. Məhz bu hal bu gün gəlib çatdığımız fəlakət həddində olan, dünya okeanını zibilləyən, meşələri qıran, zəhərli tullantıları zərərsizləşdirməyi özünə artıq yük sayan böhran durumunu doğurur…Bəşəriyyət hələ kifayət qədər yetkinləşməyib ki, ən əsas insani keyfiyyətlər olan xeyirxahlıq, şəfqət, qayğıkeşlik kimi cəhətləri dəyərləndirə bilsin. Təhsilin bütün mərhələlərində bizi hər mətləbdən agah edirlər. Bircə yaşadığımız yerə, bizi əhatə edən ətraf aləmə qayğıkeş münasibətdən başqa. Bizə vətənpərvər olmağı öyrədirlər, amma bunu elə aşılayırlar ki, biz yalnız yaşadığımız ərazini sevirik, digər ərazilərin taleyi bizi maraqlandırmır. Sivil təhsil bütün sahələr üzrə mənəviyyat, ruh anlamlarını ötüb keçib və sürətlə ötüb keçməkdə davam edir. Bu qayçıdır. Biz dağıdıcılıqla bağlı hər bir bacarığa yiyələnmişik, amma bizim eqoizm hissimizi doğru-dürüst istifadə edən mexanizmi hələ də işləyib-hazırlamamışıq.
Birinci ixtisasım olan kibernetika üzrə mən optimal idarəetmə mütəxəssisiyəm və hesab edirəm ki, hər addımında eqoizm olan insan təkcə öz mənafe və mənfəətini güdməsin, ən əsası – başqaları üçün də çalışsın, bir növ, “astana ərazisinə” daxil olaraq eqoizmini yenməyi, onu idarə etməyi öyrənsin. Bu gün biz “əks cazibənin” işə salınmasını tələb edən yeni inkişaf mərhələsinə qədəm qoymuşuq, eynilə raketi atmosferə göndərəndən sonra onun yerə çatması üçün “əks” istiqamətdə işləməyə başlanıldığı kimi. Bizim bütün eqoistik təkan mexanizmlərimiz əks tərəfə işləməyə başlamalıdırlar, bu baş verməsə biz məhv olacağıq. Eqoizmdən imtina etmək olmaz, çünki bu anadangəlmə cəhətdir. Lakin insana izah etmək olar ki, əgər bu cür yaşamağa davam etsən, özün də, sonrakı nəslin də məhv olacaqdır.  Bölüşməyinin, paylaşmağının isə sənə yalnız xeyri olacaq. Biz yalnız o halda xilas olarıq ki, xeyirxahlığın onun özü üçün faydalı keyfiyyət olduğunu insana başa sala bilək. Bu eqoistik altruizmin tərbiyə edilməsidir. İnsanın eqoistik tələbatlarını – mənəvi rahatlığı, sağlamlığı, uzunömürlülüyü arqument kimi istifadə edərək xeyirxah olmağı öyrətmək lazımdır”.
Rüstəm İbrahimbəyovun düşüncə və qənaətləri həmsöhbətinin haşiyəsi ilə davam edir – ədəbiyyat, teatr, kino adamının fəlsəfi fikirləri ilə onun  əsərlərinin qəhrəmanlarının taleyi arasında paralellər aparır. Və haşiyəni R.İbrahimbəyovun “İki şəhər üçün kamera pyesi” filmindəki fikirləri ilə tamamlayır: “Mənim həyatımda demək olar ki, heç nə dəyişmir. Dəyişən bircə odur ki, qocalıram… Mən eyni adamlarla dostluq edirəm, eyni qadınla evlilik həyatı yaşamaqdayam, həyatımda ondan, övladlarımdan və qardaşımdan daha yaxın adam yoxdur. Bircə yaşam mühiti dəyişir. Mən tamamilə əminəm ki, özünə sadiqlikdən, dəyişikliklərin cazibəsinə uymamaqdan və şəraitin təzyiqinə sinə gərməkdən daha ümdə olan nəsə yoxdur… Müdriklik nədir? Müdriklik – hər bir işdə dəqiq hədd qədər duyumudur”.

aki.az